Eldar Əzizov: Bakı müasir urbanizmin uğurlu nümunəsinə çevrilir
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, paytaxtda 200 kilometrdən çox avtomobil yolu və təxminən 80 kilometr velosiped yolu salınıb.
1news.az-ın müxbiri xəbər verir ki, o, bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) üçüncü günü çərçivəsində yerli və regional hakimiyyət nümayəndələrinin dəyirmi masasında çıxışı zamanı səsləndirib.
Eldar Əzizov qeyd edib ki, nəqliyyat infrastrukturu da ciddi inkişaf mərhələsindən keçir:
“Mövcud məlumatlara görə, paytaxtda 200 kilometrdən çox avtomobil yolu və təxminən 80 kilometr velosiped yolu çəkilib. Bu, müasir şəhərsalmanın ən vacib elementlərindən biridir”.
BŞİH başçısı bildirib ki, eyni zamanda sovet dövründə tikilmiş bir çox yaşayış binasının istismar müddəti artıq başa çatmaq üzrədir. Bu səbəbdən köhnə tikililər sökülür, onların yerində isə müasir yaşayış kompleksləri və ictimai məkanlar yaradılır.
“Bu kontekstdə "Ağ şəhər!" layihəsini xüsusi qeyd etmək lazımdır. Vaxtilə ciddi ekoloji problemlərlə üzləşən ərazi bu gün müasir urbanizmin uğurlu nümunəsinə çevrilib”, - deyə Eldar Əzizov vurğulayıb.
O əlavə edib ki, turizm sahəsində də əhəmiyyətli irəliləyiş müşahidə olunur:
“Əgər 2013-cü ildə Bakıda fəaliyyət göstərən hotellərin sayı nisbətən az idisə, hazırda bu rəqəm dəfələrlə artıb. Bu isə Azərbaycanın iqtisadi, mədəni və turizm potensialının inkişafının əyani göstəricisidir”, - deyə o bildirib.












