“Bakı-Tbilisi xətti Avropa üçün strateji əhəmiyyət qazanır” - POLİTOLOQ | 1news.az | Xəbərlər
Siyasət

“Bakı-Tbilisi xətti Avropa üçün strateji əhəmiyyət qazanır” - POLİTOLOQ

Ayşən Salehli16:35 - Bu gün
“Bakı-Tbilisi xətti Avropa üçün strateji əhəmiyyət qazanır” - POLİTOLOQ

“Beynəlxalq münasibətlər sistemində baş verən hadisələr, etimadsızlıq mühiti regional əməkdaşlıq zərurətini ortaya qoydu”.

Bu sözləri 1news.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

“Bu istiqamətdə qeyd olunmalıdır ki, Azərbaycan Qarabağda Zəfər əldə etdikdən sonra regional əməkdaşlıq platformalarının qaçılmaz və daha zəruri hala çevrildiyinin şahidiyik. Təbii ki, Azərbaycan və Gürcüstan arasında imzalanan “Birgə Kommünike” həm ikitərəfli münasibətlərin inkişafı, həm regional kontekstdə əməkdaşlığın genişləndirilməsi, həm də bu genişləndirilən əməkdaşlığa xarici investorların cəlb edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu məsələyə təkan verən amil cənab Prezident İlham Əliyevin bu ilin aprel ayında Gürcüstana reallaşdırılan dövlət səfəridir ki, bu səfər çərçivəsində münasibətlərimizin strateji istiqamətləri müəyyənləşdirildi”.

Politoloq qeyd edib ki, bu gün Azərbaycan və Gürcüstan arasında olan mövcud münasibətlər regionda stabilliyin təmin edilməsinə, durumun arzuolunan, məqbul saxlanılmasına xidmət edir.

“Azərbaycan və Gürcüstan münasibətlərini bu kontekstdən çıxardıb, daha geniş bir kontekstə köçürdüyümüz zaman şübhəsiz ki, bu münasibətlər iki barışmaz mövqe arasında balans yaratmaq, ən çətin məqamda belə uyğunluq tapmaq kimi də xarakterizə edilməlidir. Bundan əlavə, Azərbaycan neft və təbii qaz ehtiyatları ilə zəngin, təchizatçı ölkədir. Azərbaycanın təxminən 2,5 trilyon kubmetr sübut olunmuş təbii qaz ehtiyatı var. Azərbaycan qlobal qaz sahəsində dünya iqtisadiyyata əhəmiyyətli dərəcədə töhfə verir. Enerji təhlükəsizliyi və şaxələndirmə məsələsi bu gün dövlətlərin əsas önəm verdiyi sahələrdən biridir. Çünki təhlükəsiz çatdırılma olmasa demək olar ki, hər şey dayanır. Dünyada gedən proseslərə nəzər yetirdiyimiz zaman həmin bu amil tələb və təchizat tərəfi olmaqla iki tərəfi də dərindən maraqlandıran bir məsələdir. Bu gün biz nəqliyyat və logistika infrastrukturunun artıq geopolitik alətə çevrildiyinin şahidiyik. Bu baxımdan tərəflər qeyri-sabit bölgələrdən daha çox üzünü sabit bölgələrə doğru tuturlar. Azərbaycan etibarlı tərəfdaş qismində çıxış edir. Çünki siyasi stabillik, iqtisadi dayanıqlıq və təhlükəsizlik vəziyyəti logistika, enerji və nəqliyyat marşrutlarına birbaşa təsir göstərən məsələdir. Həm də dövlətlər, Avropa qitəsi bu gün enerjiyə qənaət edən iqtisadi konsepsiyalar üzərində çalışır. Demək olar ki, bütün dövlətlər və regionlar bir sıra yollar axtarışındadır. Təbii ki, mövcud inkişaf tendensiyalarını da, gələcək proqnozları da dəyərləndirirlər və belə bir dəyərləndirmədə Asiya kimi sürətlə böyüyən bölgələrə keçid edildiyi zaman burada sadəcə resurslar baxımından zəngin ölkələrə üz tutulmur, həm də etibarlı tərəfdaş qismində çıxış edən ölkələrə üz tutulur. Bu istiqamətdə Azərbaycanın uğrunu təmin edən əsas məsələlərdən biri ondan ibarətdir ki, Azərbaycan illər ərzində enerji resurslarından siyasi alət kimi istifadə etmədi”.

“Cənab Prezident İlham Əliyev bildirir ki, Azərbaycanın təşəbbüs göstərdiyi və tərəfdaşı qismində çıxış etdiyi layihələrdə itirən tərəf olmayacaq, bu layihələrin hər biri kommersiya layihələridir və hər tərəf qazanacaq”, - deyə o, fikirlərinə davam edib.

“Azərbaycan illər ərzində də bu imkanları Ermənistana da təqdim etdi ki, tranzit ölkə ola bilər və tranzitdən əldə etdiyi gəlirlərlə ölkə iqtisadiyyatını ayağa qaldıra bilər. Ermənistanın işğal siyasəti nəticəsində bölgədə reallaşdırılan böyük layihələrdən uzaq düşməsi onun iqtisadiyyatına da birbaşa mənfi təsir göstərdi. Enerji təhlükəsizliyinin təmin edilməsi birbaşa milli təhlükəsizlik məsələsidir və bu problemdən hər ölkə uğurla çıxa bilmir. Latın Amerikası ölkələrində, Yaxın Şərqdə yaşanan hadisələr məlumdur. Neft və qazdan əlavə Azərbaycan 2030-cu ilə qədər həm də elektrik enerjisi baxımından istehsal gücünün 30 faizini təmin etməyi hədəfləyir ki, bu da 2018-ci ildəki 16 faizlik paydan təxminən iki dəfə çoxdur. Bakı-Tbilisi-Ceyhan marşrutu, Bakı-Supsa boru kəməri Gürcüstanın Supsa limanına, oradan isə tankerlər vasitəsilə Avropa bazarlarına nəql edilir ki, enerji resursları bu da tranzit ölkə olaraq Gürcüstana əlavə iqtisadi dividendlər verir, həm də Gürcüstan siyasi manevr imkanlarını bu amil ilə dərinləşdirir. Təbii ki, bu layihələrin icra edilməsi Gürcüstan, Rusiya və Türkiyə münasibətlərinə də müsbət təsir göstərir. Bir digər məsələ bölgədə quru yollarının-avtomobil və dəmir yollarının açılması prioritet məsələlərdən biridir. Bakı-Tbilisi-Bakı sərnişin qatarı marşrutunun bərpası, şübhəsiz ki, regionda formalaşan iqtisadi, logistika əməkdaşlığı fonunda son dərəcə mühüm əhəmiyyət kəsb edir. Azərbaycan-Gürcüstan tərəfdaşlığı, şübhəsiz ki, turizmə təsir edəcək, habelə regional inteqrasiyanı da artıracaq. Zənn edirəm ki, bu proseslər sadəcə Azərbaycan və Gürcüstan tərəfdaşlığı ilə əlaqələndirilməli deyil, bu, bütövlükdə regionda baş verən proseslərlə birbaşa və bilavasitə əlaqəli hadisələrdir.

Burada şübhəsiz ki, yaxınlarda Ermənistanda keçiriləcək seçkiləri də nəzərə almalıyıq. Bu, Ermənistanın daxili bazar sabitliyinə də müsbət təsir edəcək. Çünki məhdud iqtisadiyyat Ermənistanı kifayət qədər çətin bir durumla üz-üzə qoyub. Lakin artıq regionun iqtisadi baxımdan dirçəlməsi zəruridir. Bu iqtisadi dirçəlmə bölgə dövlətlərinə siyasi manevr imkanları da verəcək. Bu baxımdan düşünürəm ki, regionun təhlükəsizliyinin təmin edilməsi son dərəcə mühüm amildir və Azərbaycan enerji və nəqliyyat memarlığında olduqca mühüm rol oynayan bir aktordur. Azərbaycan bu sahədə həm hüquqi yollar axtarır, həm də qlobal miqyasda geniş əməkdaşlıq imkanları vəd edir. Təbii ki, marşrutlar təhlükəsizlik və etibarlılıq prizmasından da qiymətləndirilməlidir ki, Azərbaycan beynəlxalq səviyyədə həm yolların açılmasına, həm siyasi və iqtisadi qeyri-sabitliyin aradan qaldırılmasına töhfə verir”.

Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin WUF13 çərçivəsində Azərbaycana səfəri zamanı tərəflər enerji, nəqliyyat və bağlantı sahələrində strateji əməkdaşlığın dərinləşdirilməsinə dair bir sıra mühüm sənədlər imzalayıblar. Razılaşmalar Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin inkişafını, qaz və elektrik enerjisi sahəsində əməkdaşlığın genişləndirilməsini, həmçinin mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının bərpasını nəzərdə tutur.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər