Eldar Əzizov: Yağışlarla bağlı mübarizədə müəyyən islahatlar aparılmalıdır
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, son günlər Bakıda müşahidə olunan güclü yağışlar iqlim dəyişikliklərinin təsirlərinin artıq açıq şəkildə hiss edildiyini göstərir.
1news.az xəbər verir ki, o, bu fikirləri Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunan yerli və regional hakimiyyət nümayəndələrinin dəyirmi masasında çıxışı zamanı səsləndirib.
Ə. Əzizov qeyd edib ki, son altı ay ərzində iqlim dəyişiklikləri daha kəskin şəkildə hiss olunur:
“Bir neçə gün əvvəl yağan yağış da bizim üçün müəyyən siqnal oldu”, – deyə o vurğulayıb.
Şəhər rəhbəri bildirib ki, Bakı müxtəlif risklərə hazır olsa da, son hadisələr xüsusilə yağış sularının idarə olunması sahəsində islahatların vacibliyini ortaya qoyub.
“Şəhər bütün risklərə hazırdır. Lakin gördük ki, yağış suları ilə bağlı sahədə ciddi islahatlara ehtiyac var”, – deyə Ə. Əzizov əlavə edib.
O həmçinin qeyd edib ki, iqlim dəyişiklikləri artıq təkcə ayrı-ayrı ölkələrin deyil, bütün dünyanın əsas problemlərindən birinə çevrilib. Onun sözlərinə görə, belə beynəlxalq forumlar mövcud çağırışların həlli yollarının daha sürətli tapılmasına kömək edir.












