VI “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

VI “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı başlayıb

14:38 - Bu gün
VI “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı başlayıb

Mayın 23-də VI "Yüksəliş" müsabiqəsinin Analitik təhlil imtahanı start götürüb.

Bu barədə 1news.az-a müsabiqədən məlumat verilib.

Bildirilib ki, analitik təhlil imtahanı 4 sessiya olmaqla 2 gün ərzində keçiriləcək. İmtahanlar Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda, 158, 263, 238 və 56 nömrəli tam orta məktəblərdə, Sumqayıt şəhərində yerləşən 1 nömrəli tam orta məktəbdə, Nərimanov rayonu Məktəb-Lisey Kompleksində, Azərbaycan İdman Akademiyasında, Azərbaycan Tibb Universitetinin 5 saylı tədris binasında, eləcə də Naxçıvan şəhərində yerləşən 4 nömrəli məktəbdə yaradılmış imtahan mərkəzlərində təşkil olunacaq.

Namizədlər əvvəlcədən seçdikləri 10:00 və 15:30 sessiyalarında imtahanda iştirak edirlər. Bununla yanaşı, xaricdən qoşulan namizədlər üçün də distant formatda proktorinq üsulu ilə 4 sessiyadan ibarət imtahan təşkil olunub.

Xatırladaq ki, əyani mərhələnin ilk turu olan Analitik təhlil imtahanında 7315 namizəd iştirak edəcək.

İmtahan Verbal, Rəqəmsal və Abstrakt təhlil olmaqla 3 blok üzrə keçirilir. İştirakçılara imtahanın tamamlanması üçün ümumilikdə 3 saat vaxt ayrılıb.

Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə nəticələr bir çox beynəlxalq imtahan sistemində tətbiq olunan T-şkala əsasında hesablanacaq. Bu metod TOEFL, GMAT və SAT kimi beynəlxalq imtahanlarda istifadə olunan ən qabaqcıl qiymətləndirmə üsullarından biri hesab edilir.

Analitik təhlil imtahanının nəticələri imtahan başa çatdıqdan sonra 5-7 iş günü ərzində iştirakçıların şəxsi kabinetinə hesabat formasında göndəriləcək.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər