Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 5 dəfə artırıb
Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 36,42 milyon ABŞ dolları dəyərində 41 min 981 ton neft və neft yağları idxal edib.
1news.az xəbər verir ki, "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 dəfə, kəmiyyət olaraq 5 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstanın neft və neft yağları idxal etdiyi ölkələr sırasında 5-ci yerdə qərarlaşıb.
2026-cı ilin ilk 4 ayında Gürcüstan xarici ölkələrdən 471,32 milyon ABŞ dolları dəyərində 590 min 593 ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 19 % və 12 % çoxdur.
Hesabat dövründə Gürcüstana Rusiyadan 173,7 milyon ABŞ dolları dəyərində 255,2 min ton, Türkiyədən 56,9 milyon ABŞ dolları dəyərində 50 min ton, Rumıniyadan 45,6 milyon ABŞ dolları dəyərində 63 min ton, Bolqarıstandan 38 milyon ABŞ dolları dəyərində 44,6 min ton neft və neft yağları gətirilib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,4 milyard ABŞ dolları dəyərində 1,8 milyon ton neft və neft yağları alıb ki, bunun da 118 milyon ABŞ dolları dəyərində 172 min tonu Azərbaycanın payına düşüb.












