Azərbaycanda aqrar sektorla bağlı regional müşavirələrə start verilir
Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsi məqsədilə silsilə regional müşavirələrə start verilir.
Bu barədə 1news.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müşavirələr Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir. Azərbaycan Prezidentinin tapşırığı ilə keçirilən müşavirələrdə Prezidentin köməkçiləri, aidiyyəti dövlət qurumlarının rəhbərləri, səlahiyyətli nümayəndələr, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, fermerlər, sahibkarlar və digər maraqlı tərəflər iştirak edəcəklər.
Regional müşavirə çərçivəsində Dövlət Proqramının əsas məqsəd və prioritetləri, aqrar sahədə nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, eləcə də fermerlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi, bu istiqamətdə dövlət dəstəyi və digər məsələlər müzakirə olunacaq.
Bu görüşlər dövlət başçısının sədrliyi ilə mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlarda əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə sistemli şəkildə təşkil edilir.
Dövlət Proqramının icrası ilə bağlı regional müşavirələrin ölkənin digər iqtisadi rayonlarında da mərhələli şəkildə keçirilməsi nəzərdə tutulur.












