AYNA bir sıra şəhərlərarası və şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qaliblərini açıqlayıb
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin yaradılması və marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
1news.az xəbər verir ki, bu çərçivədə Bakı-Sınıq Körpü, Bakı-Şəki, Bakı-Qusar, Bakı-Xudat, Bərdə-Göyçay, Samux-Gəncə şəhərlərarası, eləcə də Ziyadlı kəndi (Samux) – Gəncə (dəmiryol vağzalı) istiqamətində avtobus marşrutları üzrə keçirilən müsabiqələrin qalibləri müəyyənləşib.
Bakı-Sınıq Körpü marşrutları üzrə "Kaspian Ekspress" MMC və "Xan Sarayı" MMC, Bakı-Şəki marşrutu üzrə "Xan Sarayı" MMC, Bakı-Qusar marşrutu üzrə "Aliosman Ağasoy" MMC, Bakı-Xudat marşrutu üzrə isə "Uğurlu Yol" MMC qalib elan olunub.
Bərdə-Göyçay marşrutu üzrə fiziki şəxs Bayramov Şəhriyar Hidayət oğlu qalib olub.
Samux (Füzuli küçəsi) – Gəncə (dəmiryol vağzalı) və Ziyadlı kəndi (Samux) – Gəncə (dəmiryol vağzalı) marşrutları üzrə isə "Kamil Avtonəqliyyat" MMC qalib elan edilib.
Müsabiqələr "Avtomobil nəqliyyatı haqqında" Qanuna, eləcə də Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.
AYNA-nın məlumatına görə, marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli şəkildə müsabiqəyə təqdim edilir.
Məqsəd sərnişindaşıma xidmətlərinin keyfiyyətinin, təhlükəsizliyinin və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.












