Rusif Hüseynov: Azərbaycanın “orta güc” narrativi artıq rəsmi səviyyədə formalaşıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusif Hüseynov: Azərbaycanın “orta güc” narrativi artıq rəsmi səviyyədə formalaşıb

Qafar Ağayev11:09 - Bu gün
Rusif Hüseynov: Azərbaycanın “orta güc” narrativi artıq rəsmi səviyyədə formalaşıb

“Azərbaycanın orta güc kimi mövqeyi və gələcək xarici siyasət istiqamətləri müzakirə olunub”.

1news.az xəbər verir ki, bunu Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən "Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak" adlı konfransda çıxışı zamanı deyib.

R.Hüseynov qeyd edib ki, “orta güc anlayışının dəqiq kriteriyaları olmasa da, ümumilikdə regional və qlobal səviyyədə təsirini proyeksiya edə bilən dövlətlər bu statusa iddia edə bilər”.

O bildirib ki, Azərbaycan uzun illər regiondakı reallıqları nəzərə alaraq özünü formalaşdırmağa çalışıb: 
“Həmişə müqayisə apardığımız Ermənistan faktoru var idi. Lakin nəzərə almaq lazımdır ki, Ermənistan təkcə bu ölkənin sərhədləri ilə məhdudlaşmırsa, Azərbaycan da yalnız coğrafi sərhədlərlə məhdudlaşmır”.

Onun sözlərinə görə, Azərbaycanın 2020-ci ildən sonra qazandığı uğurlar bu kontekstdə xüsusi əhəmiyyət daşıyır:
 “Qarabağ müharibəsində əldə olunan zəfər, enerji təhlükəsizliyi sahəsində rolumuz, nəqliyyat və inteqrasiya layihələrində iştirakımız Azərbaycanın regional çəkisini artırıb”.

R.Hüseynov iki mühüm məqama da diqqət çəkib: 
“Birincisi, vizual olaraq xəritəyə baxdıqda görürük ki, Ermənistan dörd tərəfdən etnik azərbaycanlılarla əhatə olunub. İkincisi isə Azərbaycanın və etnik azərbaycanlıların qonşu ölkələrin daxili siyasi proseslərinə müəyyən təsir imkanlarının olmasıdır”.

O qeyd edib ki, bu təsir son illərdə bir neçə ölkədə müşahidə olunub: 
“Türkiyədə Sinan Oğanın prezident seçkilərində iştirakı, Gürcüstanda etnik azərbaycanlıların seçki proseslərində rolu və İranda dövlət başçısının etnik azərbaycanlı olması bu baxımdan diqqətəlayiqdir”.

Ekspert vurğulayıb ki, 2020-ci ildən sonra Azərbaycanın xarici siyasətində yeni istiqamətlər müəyyənləşdirilib: 
“Əsas konsensus ondan ibarət idi ki, Azərbaycan şərqə yönəlməlidir. Bu istiqamətdə Mərkəzi Asiya ilə əlaqələr, xüsusilə Türk Dövlətləri Təşkilatı və Orta Dəhliz çərçivəsində əməkdaşlıq uğurla inkişaf edir”.

Onun sözlərinə görə, Cənub istiqaməti də prioritetlər sırasındadır:

 “Azərbaycan Yaxın Şərq geosiyasətinin bir hissəsidir və bu bölgədə sülh diplomatiyası, o cümlədən İsrail-Suriya danışıqlarına ev sahibliyi kimi təşəbbüslərlə çıxış edir”.

R.Hüseynov əlavə edib ki, bu proseslər fonunda düzgün strateji seçimlərin edilməsi vacibdir:
 “Xüsusilə Türkiyə və İsrail arasında münasibətlərin gərginləşməsi kimi hallarda Azərbaycanın mövqeyi ciddi əhəmiyyət daşıyacaq”.

O, Cənubi Qafqazda mümkün əməkdaşlıq modellərinə də toxunub: “Üçtərəfli platforma – Azərbaycan, Gürcüstan və Ermənistan formatı müəyyən üstünlüklər versə də, risklər də mövcuddur. Alternativ olaraq Azərbaycan-Türkiyə tandemində üçlü əməkdaşlıq modelləri də inkişaf etdirilir”.

Ekspert bildirib ki, Azərbaycanın “orta güc” narrativi artıq rəsmi səviyyədə formalaşıb: “Bu konsepsiyanın pik nöqtəsi dövlət başçısının 25 mart 2026-cı il tarixli çıxışı oldu”.

O qeyd edib ki, beynəlxalq mənbələrdə Azərbaycanın bu statusu hələ tam əksini tapmayıb: 
“Məsələn, bəzi ensiklopedik platformalarda Azərbaycanın adı orta güclər siyahısında yer almır. Halbuki digər təsnifatlarda Azərbaycan regional güc kimi qeyd olunur”.

R.Hüseynov vurğulayıb ki, bu istiqamətdə beynəlxalq akademik və analitik müstəvidə işlər gücləndirilməlidir: “Xarici müəlliflərin, beynəlxalq platformaların iştirakı ilə Azərbaycanın orta güc konsepsiyasının təşviqi vacibdir. Konfransların xaricdə keçirilməsi, akademik ədəbiyyatda bu mövzunun yer alması nəticəsində Azərbaycanın bu statusu daha da möhkəmlənəcək”.

O əlavə edib ki, “bu yanaşma sayəsində Azərbaycan beynəlxalq səviyyədə orta güc kimi daha geniş şəkildə qəbul olunacaq”.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər