Deputat: Azərbaycan regionda sülh təşəbbüsləri ilə çıxış edən əsas aktorlardandır | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat: Azərbaycan regionda sülh təşəbbüsləri ilə çıxış edən əsas aktorlardandır

Qafar Ağayev12:02 - Bu gün
Deputat: Azərbaycan regionda sülh təşəbbüsləri ilə çıxış edən əsas aktorlardandır

“Azərbaycanın enerji, nəqliyyat və təhlükəsizlik sahələrində artan rolu onun regionda və qlobal miqyasda təsir imkanlarını genişləndirir”.

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən "Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak" adlı konfransda çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, Azərbaycan regionda sülh təşəbbüsləri ilə çıxış edən əsas aktorlardandır:
 “Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan regiondan kənarda da sülh proseslərinə töhfə verir”.

Onun sözlərinə görə, Bakı bir sıra beynəlxalq danışıqlara ev sahibliyi edib: 

“Azərbaycan müxtəlif ölkələr arasında vasitəçi rolunu oynayıb. İsrail-Suriya və Türkiyə-İsrail təmasları buna nümunədir. Eyni zamanda NATO və Rusiya hərbi rəhbərləri arasında görüşlər də Bakıda keçirilib”.

F.İsmayılzadə bildirib ki, Azərbaycanın sülhməramlı və humanitar fəaliyyətləri də mühüm əhəmiyyət daşıyır: 
“Əfqanıstan və İraq kimi ölkələrdə Azərbaycan hərbçiləri beynəlxalq missiyalarda iştirak edərək sülhə töhfə veriblər. Azərbaycan 40-dan çox ölkəyə humanitar yardım göstərir və inkişaf proqramlarında iştirak edir”.

O əlavə edib ki, enerji və nəqliyyat sahəsində Azərbaycanın rolu strateji əhəmiyyət daşıyır: “Azərbaycan Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Regionda baş verən münaqişələr fonunda Azərbaycanın tranzit imkanları daha da artır. Bəzi hava məkanlarının bağlandığı şəraitdə Azərbaycan üzərindən keçən marşrutlar alternativ və etibarlı bağlantı rolunu oynayır. Azərbaycan enerji təhlükəsizliyinə də mühüm töhfə verir və yeni bazarlara çıxışını genişləndirir. Yaşıl enerji sahəsində də təşəbbüslər irəli sürülür. Orta Asiya ilə Avropanı birləşdirən yaşıl enerji dəhlizləri Azərbaycanın iştirakı ilə formalaşır”.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər