Cavid Vəliyev: ABŞ-nin cəhdlərinə baxmayaraq, Azərbaycan İrana qarşı planlara qoşulmayıb
“Azərbaycanın xarici siyasəti və “orta güc” konsepsiyası baxımından inkişaf mərhələləri diqqət çəkir”.
1news.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən "Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak" adlı konfransda çıxışı zamanı deyib.
C.Vəliyev bildirib ki, Azərbaycanın son 35 illik müstəqillik dövrünü xarici siyasət və orta güc konsepsiyası baxımından üç mərhələyə bölmək olar.
“Birinci mərhələ 2003-cü ilə qədər olan dövrü əhatə edir və bu dövr əsasən balanslaşdırılmış xarici siyasət kimi xarakterizə olunur. 2003-cü ildən sonrakı dövr isə artıq Azərbaycanın orta güc konsepsiyası çərçivəsində təhlil olunmasına imkan yaradır. Həmin dövrdə cənab Prezidentin xarici siyasətlə bağlı çıxışlarında xüsusi vurğulanan məqamlardan biri müstəqil xarici siyasət idi və bu gün ‘strateji muxtariyyət’ kimi təqdim etdiyimiz anlayış əslində həmin dövrdə formalaşmış prinsipin davamıdır”.
Ekspert qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilənədək olan dövr Azərbaycanın strateji muxtariyyətinin formalaşması mərhələsi olub.
“Bu dövrdə Azərbaycan xarici siyasətdə müstəqilliyini qoruyaraq mühüm qərarlar qəbul edib. Hətta Corc Buş və Barak Obama administrasiyaları dövründə İrana qarşı mümkün müdaxilələr kontekstində Azərbaycandan istifadə ilə bağlı iddialar səsləndirilirdi, lakin Azərbaycan buna imkan vermədi və bu, ölkənin strateji muxtariyyətinin göstəricisi idi. Eyni zamanda 2004-cü ildə Prezidentin diaspor nümayəndələri ilə görüşündə səsləndirdiyi ‘hücum diplomatiyası’ anlayışı əslində proaktiv xarici siyasətin ifadəsi idi və bu yanaşma orta güclərin əsas xüsusiyyətlərindən biri hesab olunur”.
C.Vəliyev vurğulayıb:
“Əslində Azərbaycan əvvəl də orta güc idi, lakin Qarabağ torpaqları işğaldan azad edildikdən sonra bu status daha aydın şəkildə təsdiqləndi. Çünki işğal altında olan dövlətə orta güc kimi yanaşma geniş qəbul olunmurdu. İkinci Qarabağ müharibəsində Azərbaycan ‘ağıllı güc’ yanaşmasını tətbiq etdi – yəni hərbi və diplomatik gücün birgə istifadəsi ilə uğurlu nəticə əldə olundu. Bu qələbə yalnız 44 günün nəticəsi deyildi, uzun illər ərzində aparılan düşünülmüş siyasətin nəticəsi idi və məhz bundan sonra Azərbaycanın orta güc statusu daha geniş şəkildə qəbul edildi”.
Onun sözlərinə görə, hazırkı mərhələdə əsas məsələ bu statusun qorunmasıdır. Regionla bağlı həm regional, həm də böyük güclərin planları davam edir. Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədən mühüm tranzit dövlətə çevrilib və son illərdə baş verən geosiyasi proseslər Orta Dəhlizin əhəmiyyətini artıraraq Azərbaycanın strateji rolunu daha da gücləndirib. Bu isə həm imkanlar, həm də müəyyən risklər yaradır”.
Ekspert əlavə edib ki, Azərbaycanın xarici siyasətdə aktivliyi xüsusilə enerji layihələrinin uğurla həyata keçirilməsindən sonra artıb.
“Enerji resurslarından əldə edilən gəlirlər ölkənin beynəlxalq fəaliyyət imkanlarını genişləndirib. Gələcək mərhələdə isə insan kapitalı, keyfiyyətli və təsirli insan resursları, eləcə də iqtisadi güc əsas rol oynayacaq. Hərbi güc və intellektual potensial da bu resurslara əsaslanmalıdır və müasir dövrdə texnologiya bu prosesin əsas elementlərindən biridir”.












