FHN-dən sürücülərə çağırış: Nizamsız parklanma yanğınsöndürənlərin işini çətinləşdirir
Fövqəladə Hallar Nazirliyi (FHN) sürücülərə müraciət edərək avtomobillərin təyin olunmamış yerlərdə və nizamsız park edilməsinin yanğın və digər fövqəladə hallar zamanı xüsusi təyinatlı texnikaların operativ hərəkətinə ciddi maneələr yaratdığını bildirib.
1news.az xəbər verir ki, nazirliyin məlumatına görə, aparılan geniş maarifləndirmə tədbirlərinə baxmayaraq, bəzi sürücülərin avtomobilləri qaydalara zidd şəkildə park etməsi nəticəsində yanğınsöndürmə və xilasetmə avtomobillərinin hadisə yerinə maneəsiz yaxınlaşması, çevik döyüş vəziyyətinə gətirilməsi və operativ müdaxiləsi çətinləşir.
Bildirilib ki, ötən gecə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayış kompleksinin ərazisində məişət tullantıları üçün ayrılmış sahədə baş vermiş yanğın hadisəsi də bu problemin aktuallığını bir daha nümayiş etdirib.
FHN sürücülərə müraciət edərək xatırladıb ki, yanğın və digər fövqəladə hallar zamanı yanğınsöndürmə və xilasetmə avtomobillərinin, eləcə də digər iriqabaritli xüsusi təyinatlı texnikaların hadisə yerinə maneəsiz yaxınlaşmasının təmin edilməsi həyati əhəmiyyət daşıyır.
Nazirlik sürücüləri avtomobilləri yalnız təyin olunmuş yerlərdə park etməyə, nəqliyyat vasitələri arasında kifayət qədər məsafə saxlamağa, digər avtomobillərin sərbəst hərəkətinə mane olmamağa, həmçinin yanğın hidrantları və su hovuzlarının qarşısını bağlamamağa çağırıb.












