Vəkil Fərhad Mehdiyev: “Arzum”a verilən cəza ağır və qeyri-mütənasib görünür
Xəbər verdiyimiz kimi, yol-nəqliyyat hadisəsində bir nəfərin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda, həmçinin hadisə yerindən qaçmaqda təqsirləndirilən bloqer İlduzə Hacıyeva (Arzum) 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalındaca həbs olunub.
Bloqerlə bağlı verilən qərar ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Bəziləri onun azadlıqdan məhrum edilməsinin doğru qərar olmadığını, digərləri isə davranışlarını nəzərə alaraq məhkəmənin qərarını düzgün hesab edir.
Xatırladaq ki, hadisə ötən ilin iyununda Mərdəkan qəsəbəsində baş verib. Gecə saatlarında "Changan" markalı avtomobili idarə edən Arzum sola dönmə manevri edərkən arxadan gələn "Mercedes" markalı avtomobillə yandan toqquşub. Nəticədə "Mercedes" idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü, 29 yaşlı Amal Məlikov hadisə yerində həyatını itirib, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.
Arzum isə qəza baş verdikdən sonra zərərçəkmişləri köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən qaçıb. O, elə həmin gün Almaniyaya gedib. Həmin ölkədən heç nə olmamış kimi sosial şəbəkələrdə fəaliyyətini davam etdirərək əyləncəli videolar paylaşıb.
1news.az xəbər verir ki, məsələ ilə bağlı vəkil Fərhad Mehdiyev sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, bloqer "Arzum" ləqəbli şəxsə təyin edilmiş 5 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası bir qədər ağır və qeyri-mütənasib görünür.
"Xarici ölkələrin hüququnda zərər vurma və digər hüquqa zidd nəticələrə səbəb olan hallarda təqsir müəyyən edilərkən, belə bir əsas varsa, "təqsirin bölüşdürülməsi" institutu tətbiq olunur. Xüsusilə yol-nəqliyyat hadisələrində də buna yol verilir. Əgər hər iki tərəfin hadisədə müəyyən təqsiri olduğu müəyyən olunarsa, məhkəmə buna uyğun nisbət müəyyənləşdirərək zərər vuranın məsuliyyətini həmin nisbətdə azaldır. Məsuliyyət istisna olunmur, lakin azaldılır.
Bizdə də cinayət işlərində, delikt hüququnda və müqavilədən irəli gələn öhdəliklərin pozulması hallarında bu institutun tətbiqinə ehtiyac var.
Bu baxımdan bloqer "Arzum" ləqəbli şəxsə təyin olunmuş 5 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası bir qədər ağır və qeyri-mütənasib görünür. Ümid edirəm ki, apellyasiya məhkəməsi bu müddəti azaldacaq. Çünki qəzaya düşən avtomobilin də hadisədə müəyyən təqsirinin olması ehtimal edilir - sürət həddinin aşılması, təhlükəsizlik kəmərinin taxılmaması, idarəetmənin itirilməsi və s. Bu məsələlər dəqiqləşdirilməlidir.
Bununla belə, "Arzum"un sola dönmə manevrini düzgün icra etmədiyini də qeyd etmək lazımdır. Hesab edirəm ki, o, dönmə siqnalını gec verib və zolaq dəyişmə manevrini tam təhlükəsiz şəkildə yerinə yetirməyib.
Ümumiyyətlə, ilk dəfə ehtiyatsızlıqdan törədilən cinayətlərdə şərti məhkumetmə islah məqsədinə daha yaxşı xidmət edir. Digər tərəfdən, ölüm hallarında zərərçəkmiş şəxslərin hüquqi varislərinə ödənilən kompensasiyanın məbləği ilə bağlı məhkəmə təcrübəsi də dəyişməlidir. Mənəvi zərərin məbləği artırılmalıdır. İşlərimizin birində həkim səhvinə görə 75 min manat məbləğində mənəvi zərərin ödənilməsi barədə qətnamə əldə edə bilmişdik, lakin sonradan belə bir məhkəmə praktikası formalaşmadı", - deyə vəkil əlavə edib.












