Monteneqroda qətl faktı üzrə istintaqa Azərbaycandan hüquqi yardım
Azərbaycan Respublikası Baş Prokurorluğu Monteneqro Respublikasının Ali Prokurorluğundan daxil olmuş hüquqi yardım sorğusunu icra edib.
1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən EUROJUST vasitəsilə daxil olmuş sorğu Monteneqro ərazisində baş vermiş qəsdən adam öldürmə faktı üzrə aparılan cinayət təqibi çərçivəsində icra olunub.
Sorğuda cinayəti törətməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Rövşən Səmədovdan, eləcə də cinayətdən sonra onun gizlədilməsinə kömək etməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Sirudin Şərifovun yaxın qohumlarından müqayisəli tədqiqat üçün DNT nümunələrinin götürülməsi və digər prosessual hərəkətlərin həyata keçirilməsi xahiş olunub.
Sorğunun icrası zamanı əlaqəli şəxslərdən izahatlar alınıb, bioloji nümunələr götürülərək DNT tədqiqatı aparılıb və DNT profilləri əldə edilib.
Toplanmış sənədlər və ekspertiza materialları beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində müəyyən edilmiş qaydada Monteneqro Respublikasının səlahiyyətli orqanına göndərilib.
Baş Prokurorluq bildirib ki, transmilli cinayətkarlıqla mübarizə, cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində xarici dövlətlərin səlahiyyətli orqanları, o cümlədən EUROJUST və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq davam etdirilir.












