Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Burkina-Faso Xarici İşlər Nazirliyinin Perspektivli Beynəlxalq Tədqiqatlar İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu Bakıda imzalanıb.
1news.az xəbər verir ki, memorandum BTQ-nin təşəbbüsü ilə Bakıda keçirilən "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" adlı beynəlxalq konfrans çərçivəsində BTQ-nin icraçı direktoru Abbas Abbasov və Burkina-Fasonun Beynəlxalq Tədqiqatlar İnstitutunun baş direktoru Filipp Sanvidi tərəfindən imzalanıb.
Qeyd olunub ki, bu əməkdaşlıq BTQ-nin Afrika istiqamətində fəaliyyət coğrafiyasının genişləndirilməsi baxımından mühüm addım hesab olunur. Əgər indiyədək BTQ müxtəlif ölkələrin siyasi partiyaları və hərəkatları ilə oxşar sənədlər imzalayırdısa, bundan sonra təşkilat xarici dövlətin dövlət qurumu ilə əməkdaşlığa başlayır.
Bildirilib ki, memorandum Afrika ölkələrinin aparıcı tədqiqat institutları, beyin mərkəzləri və vətəndaş cəmiyyəti təşkilatları ilə səmərəli əməkdaşlığın inkişafına xidmət edəcək. Sənəd, həmçinin BTQ ilə Qlobal Cənub ölkələri arasında elmi və praktik əlaqələrin möhkəmləndirilməsinə, birgə təşəbbüslərin həyata keçirilməsinə töhfə verəcək.
Əməkdaşlıq çərçivəsində beynəlxalq ictimaiyyətə aşağıdakı mövzular üzrə birgə analitik hesabatların və siyasət sənədlərinin (policy paper) hazırlanaraq təqdim olunması planlaşdırılır:
Afrika qitəsində müstəmləkəçiliyin yaratdığı problemlər;
neokolonial idarəetmə;
təbii sərvətlərin istismarı;
iqtisadi asılılıq mexanizmləri;
reparasiya məsələləri.
Tərəflər bu istiqamətlər üzrə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı genişləndirməyi və birgə təşəbbüslərlə çıxış etməyi də nəzərdə tutur.
Bundan əlavə, tərəfdaşlıq çərçivəsində dekolonizasiya və neokolonializm mövzularına həsr olunmuş müntəzəm dialoqların, birgə tədqiqat layihələrinin və hər il beynəlxalq konfransların keçirilməsi planlaşdırılır. Bildirilir ki, bu təşəbbüslər Afrika reallıqlarının, eləcə də tarix boyu böyük dövlətlər tərəfindən törədilmiş insanlıq əleyhinə cinayətlərin daha geniş işıqlandırılmasına töhfə verəcək.
Memorandum BTQ ekspertlərinin Afrika ölkələrində keçirilən tədbirlərdə iştirakını da nəzərdə tutur. Bununla yanaşı, gənc tədqiqatçılar üçün mübadilə və təcrübə proqramlarının həyata keçirilməsi, eləcə də digər akademik fəaliyyətlərin təşkili planlaşdırılır.
