ABŞ ordusu İrana yeni zərbələr endirib
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti zərbə dalğasını həyata keçirib.
1news.az xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsində yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, beş saat davam edən əməliyyat zamanı Buşehr, Çabahar, Cask, Konarak, Əbu-Musa adası və Bəndər-Abbasda yerləşən hədəflərə zərbələr endirilib. Məlumata görə, əməliyyatın məqsədi İranın kommersiya gəmiçiliyinə zərbə endirmək imkanlarını daha da məhdudlaşdırmaq olub.
Bildirilib ki, əməliyyat çərçivəsində İranın sahil müdafiə sistemləri, raket və pilotsuz uçuş aparatları, eləcə də dəniz infrastrukturu yüksək dəqiqlikli idarəolunan sursatlarla vurulub.
CENTCOM-un məlumatına əsasən, hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbçisi yerləşdirilib. Komandanlıq Amerika qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətində olduğunu və qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə hazır olduqlarını vurğulayıb.












