"Məhəccərlər laxlayır, uşaq arabaları keçə bilmir": Bakıxanov sakinləri hər gün həyatlarını riskə atmağa məcbur qalırlar - VİDEOREPORTAJ
Böyük bir qəsəbəni dəmir yolu stansiyası ilə birləşdirən piyada keçidi tamamilə yararsız vəziyyətdədir.
1news.az xəbər verir ki, hazırda Bakıxanov qəsəbəsində yerləşən körpüdə məhz belə acınacaqlı mənzərə ilə qarşılaşmaq mümkündür.
Redaksiyamıza Bakıxanov qəsəbəsinin Elşən Mehdiyev küçəsinin sakinlərindən ciddi narahatlıq doğuran müraciət daxil olub. Sakinlər həmin küçədə yerləşən köhnə körpünün qəzalı vəziyyətdə olduğunu bildirirlər.
Onların sözlərinə görə, körpünün konstruksiyasında dərin çatlar və deşiklər əmələ gəlib, dəmir məhəccərlər isə boşalaraq təhlükəli vəziyyətə düşüb. Piyadaların onlardan tutması belə həyat üçün risk yaradır.
Körpünün kənarında piyadalar üçün nəzərdə tutulan səkilər olduqca dardır. Üstəlik, səkilərin üzərində quraşdırılmış işıq dirəkləri hərəkət üçün ayrılan sahəni daha da məhdudlaşdırır.
Nəticədə bu körpüdən uşaqlardan yaşlılara qədər hər kəs istifadə etməyə məcbur olsa da, uşaq arabası ilə hərəkət edən valideynlər və əlilliyi olan şəxslər üçün buradan keçmək demək olar ki, mümkün deyil.
Piyada hissəsinin həddindən artıq dar olması səbəbindən insanlar məcburən avtomobil yoluna çıxırlar ki, bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini əhəmiyyətli dərəcədə artırır.
Təhlükəsiz şəkildə körpüdən istifadə etmək imkanı olmayan bəzi sakinlər çıxış yolunu daha təhlükəli addım atmaqda görürlər. Onlar dəmir yolu boyunca quraşdırılmış qoruyucu hasarları sındıraraq relslərin üzərindən keçirlər və bununla da həyatlarını ciddi təhlükə altına qoyurlar.
Yerli sakinlərin sözlərinə görə, həmin ərazidə indiyədək qatar vurması ilə nəticələnə biləcək təhlükəli hallar dəfələrlə yaşanıb və faciə riski hər an mövcuddur.









Sakinlər aidiyyəti qurumlardan körpünün əsaslı təmir olunmasını, eləcə də piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün alternativ keçidlərin yaradılmasını xahiş edirlər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) də sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli mövqeyini açıqlayıb.
Anar Nəcəflinin sözlərinə görə, agentliyin mütəxəssisləri artıq körpüyə baxış keçirərək ilkin qiymətləndirmə aparıblar. O bildirib ki, körpünün mövcud vəziyyətinin daha ətraflı öyrənilməsi məqsədilə qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə uyğun olaraq obyektin tam texniki ekspertizasının keçirilməsi ilə bağlı aidiyyəti qurumlara təklif təqdim edilib.
Onun sözlərinə görə, texniki ekspertizanın nəticələrinə əsasən körpüdə görülməsi zəruri olan tədbirlər mövcud norma və qaydalara uyğun şəkildə müəyyənləşdiriləcək və bundan sonra müvafiq qərar qəbul olunacaq.
Daha sonra məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) də sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Hacıyev münasibət bildirib.
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) hərəkət təhlükəsizliyinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri də xüsusilə qatarların sıx məskunlaşmış ərazilərdən keçdiyi hissələrdə mühafizə zolaqlarının hasarlanmasıdır. Məqsəd piyadaların dəmir yolu xətlərini nəzərdə tutulmayan yerlərdən keçməsinin qarşısını almaq və onların təhlükəsizliyini təmin etməkdir", – deyə Bəxtiyar Hacıyev bildirib.
Onun sözlərinə görə, təəssüf ki, Abşeron dairəvi dəmir yolu xətti boyunca mühafizə zolağı ən çox qanunsuz tikililərlə əhatə olunan ərazilərdən biridir. ADY tərəfindən xəttin bir çox hissəsində qoruyucu hasarlar quraşdırılsa da, onlar tez-tez naməlum şəxslər tərəfindən sökülərək yararsız hala salınır.
"Qanunvericiliyə əsasən, dəmir yolu xətlərini yalnız xüsusi ayrılmış keçidlərdən keçmək olar. Bu qayda həm piyadalara, həm də sürücülərə şamil edilir. Hətta təchiz olunmuş keçiddən istifadə edərkən belə, hərəkətə başlamazdan əvvəl sağa və sola baxmaq, yaxınlaşan qatarın olmadığına əmin olmaq vacibdir. Əks halda, ağır qəzaların baş verməsi qaçılmaz olur", – deyə qurum rəsmisi vurğulayıb.
Bəxtiyar Hacıyev qeyd edib ki, qatarın ani manevr etməsi mümkün deyil və maşinistin qatarı qısa məsafədə dayandırmaq imkanı çox məhduddur. Qatarın əyləc yolu bir neçə yüz metrə çata bilər. Buna görə də sərnişinlər, piyadalar və sürücülər təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər.
.jpg)
.jpg)
.jpg)
.jpg)
Onun sözlərinə görə, qoruyucu hasarların sökülməsi insanların həyatını təhlükə altına atan son dərəcə riskli davranışdır. Hətta bəzi hallarda yerüstü piyada keçidlərinin yaxınlığında hasarların qəsdən kəsilərək qanunsuz keçidlərin yaradıldığı da müşahidə olunur.
ADY rəsmisi bildirib ki, profilaktik tədbirlər çərçivəsində dəmir yolunun yaxınlığında yerləşən məktəblərdə şagirdlər üçün mütəmadi maarifləndirici təlimlər keçirilir. Eyni zamanda, yaxın yaşayış məntəqələrinin sakinləri ilə təhlükəsizlik mövzusunda davamlı görüşlər təşkil olunur. Bundan başqa, heyvandarlar və fermerlərlə də müntəzəm izahat işləri aparılır, onlara heyvanlarını nəzarətsiz buraxmamaq tövsiyə edilir.
Bəxtiyar Hacıyevin sözlərinə görə, bu cür hadisələr daha çox Abşeron dairəvi dəmir yolu xəttində qeydə alınır. O qeyd edib ki, sözügedən ərazidən təxminən 200 metr məsafədə Bakıxanov stansiyası yerləşir və burada sərnişinlərin rahat istifadə edə biləcəyi yerüstü piyada keçidi fəaliyyət göstərir. Hazırda həmin ərazi yaxınlığında əlavə piyada keçidinin inşası nəzərdə tutulmur.
Ümid edirik ki, aidiyyəti qurumlar yaxın zamanda bu problemin həlli ilə bağlı müsbət qərar qəbul edəcəklər. Çünki söhbət yüzlərlə insanın təhlükəsizliyindən və həyatından gedir. Arzu edək ki, hər hansı bədbəxt hadisə baş verməzdən əvvəl zəruri tədbirlər görüləcək və vətəndaşlar onlar üçün yaradılmış infrastruktordan təhlükəsiz və rahat şəkildə istifadə edə biləcəklər.












