Azərbaycan və Türkiyə aqrar sahədə yeni əməkdaşlığa başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Türkiyə aqrar sahədə yeni əməkdaşlığa başlayır

First News Media16:22 - Bu gün
Azərbaycan və Türkiyə aqrar sahədə yeni əməkdaşlığa başlayır

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) ilə Türkiyənin Toxum Yetiştiricileri Alt Birliği (TYAB) arasında Niyyət və Əməkdaşlıq Protokolu imzalanıb.

1news.az xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Məlumata görə, protokolu Agentliyin sədri Sərdar Hacıyev və Alt Birliyin rəhbəri Miktat Olgun imzalayıblar.

Sənədin imzalanmasında əsas məqsəd iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərini kənd təsərrüfatı və toxumçuluq sahələrində daha da möhkəmləndirməkdir. Bundan başqa məlumat, təcrübə və müasir texnologiyaların mübadiləsini genişləndirmək, həmçinin aqrar sahədə insan kapitalının inkişafına və uzunmüddətli texniki əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.

Protokola əsasən, tərəflər təlimçilərin hazırlanması və fermerlər üçün təlimlərin təşkili, toxumçuluq və sertifikatlaşdırma sistemlərinin inkişafı, toxum istehsalı, emalı, saxlanması və logistikası sahələrində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, kənd təsərrüfatının mexanikləşdirilməsi, dəqiq əkinçilik, rəqəmsal və ağıllı kənd təsərrüfatı texnologiyalarının tətbiqi, bərpa olunan enerji həllərinin təşviqi, aqrar sahədə davamlılığın gücləndirilməsi, kənd təsərrüfatı yayımı və fermerlərin bilik və bacarıqlarının artırılması istiqamətində birgə fəaliyyət həyata keçiriləcək. Əməkdaşlıq çərçivəsində həmçinin məlumat və texnologiya transferinin genişləndirilməsi, aqrar innovasiyaların təşviqi və qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması da əsas fəaliyyət istiqamətlərindən biri olacaq.

Əməkdaşlıq çərçivəsində azərbaycanlı mütəxəssislər, texniki heyət və qabaqcıl fermerlər üçün Türkiyədə tətbiqi təlim proqramları və texniki tanışlıq səfərləri təşkil olunacaq. Türkiyənin Tətbiqi Fermer Təlimi Layihəsi (UÇEP) çərçivəsində həyata keçiriləcək proqramlar toxumçuluq, müasir kənd təsərrüfatı texnologiyaları, rəqəmsal və dəqiq əkinçilik, sertifikatlaşdırma sistemləri, kənd təsərrüfatı texnikasından səmərəli istifadə və digər aktual mövzuları əhatə edəcək. Eyni zamanda, iştirakçılar aqrar sahədə fəaliyyət göstərən müəssisələrin və elmi-tədqiqat institutlarının qabaqcıl təcrübəsi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Tərəflər bu Protokolun Azərbaycan ilə Türkiyə arasında aqrar əməkdaşlığın daha da genişlənməsinə, toxumçuluq sektorunda bilik və təcrübə mübadiləsinin inkişafına, müasir texnologiyaların tətbiqinin sürətləndirilməsinə, peşəkar kadr potensialının gücləndirilməsinə və kənd təsərrüfatının davamlı inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə ediblər.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər