BDYPİ həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
Həftəsonu ilə əlaqədar bölgələrə səfərlərin artacağı, respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin yüksələcəyi gözlənilir.
1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
İdarə səfərə çıxmağı planlaşdıran sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.
Bildirilib ki, uzun məsafəli səfərlər zamanı nəqliyyat vasitəsinin texniki sazlığı ilə yanaşı, sürücünün fiziki və psixoloji vəziyyəti də mühüm əhəmiyyət daşıyır. Yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşmək, eləcə də diqqətin yayınması yol-nəqliyyat hadisəsi riskini artırır.
Sürücülərə yol və hava şəraitinə uyğun sürət həddinə riayət etmək, ara məsafəsini qorumaq, təhlükəli ötmə və manevrlərdən çəkinmək, həmçinin sükan arxasında diqqəti yayındıran amillərdən uzaq durmaq tövsiyə olunub.
BDYPİ piyadalara da müraciət edərək yolun müəyyən edilməmiş hissələrindən keçməməyə, nəqliyyat vasitələrinin sürətini düzgün qiymətləndirmədən hərəkət zolağına çıxmamağa və yoldan keçərkən mobil telefondan istifadə etməməyə çağırıb.
Qeyd olunub ki, piyadalar yolu yalnız müəyyən edilmiş yerlərdən keçməli, hərəkətə başlamazdan əvvəl sürücülərlə vizual təmas yaratmalı və yolun təhlükəsiz olduğuna əmin olmalıdırlar.
İdarə bütün sürücüləri və piyadaları yollarda qarşılıqlı hörmət və anlayış nümayiş etdirməyə, tələskənlikdən və riskli davranışlardan çəkinməyə çağırıb.












