Baxış sayı naminə evə girdilər: Niyə bəzi media qurumları insanların həyatını şouya çevirir? – VİDEO
Jurnalistika peşəsinin ilk günündən bizə jurnalist etikasının prinsipləri öyrədilir.
Əslində, ixtisas təhsili almayanlar üçün də bu qaydalar əlçatmaz deyil. Çünki hər il dövlət səviyyəsində çoxsaylı təlim və kurslar təşkil olunur, həmin tədbirlərdə jurnalist etikasının mahiyyəti, əsas prinsipləri və sərhədləri ətraflı izah edilir. Lakin görünən odur ki, aşağıda bəhs ediləcək bəzi həmkarlarımız bu fundamental qaydaların mövcudluğundan belə xəbərsizdirlər.
Bir neçə gün əvvəl BTV Xəbər-in çəkiliş qrupunun hazırladığı süjetdən görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Kadrlarda jurnalistin həyat yoldaşı Məzahirdən ayrılan və onun yanına qayıtmaq istəməyən Aysel adlı qadının yaşadığı ünvana getdiyi görünür. Evin qapısına yaxınlaşan müxbir kameraya "Axtardığımız itkin gəlin" ifadəsini səsləndirir.
Daha sonra gənc qadın qapını bağlamağa çalışır və nəzakətlə çəkilişin dayandırılmasını xahiş edir. Belə bir vəziyyətdə vətəndaşın açıq şəkildə çəkilişə etiraz etməsinə baxmayaraq, videonun davam etdirilməsi şəxsi həyatın toxunulmazlığı hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirilə bilər. Lakin müxbirin növbəti hərəkəti daha çox təəccüb doğurur. O, qapını əli ilə saxlayaraq, "Səni həyat yoldaşın Məzahir axtarır", - deyir.
Qadının ərazini tərk etmək və çəkilişi dayandırmaqla bağlı təkrar müraciətlərinə baxmayaraq, jurnalist arxa planda gözləyən həyat yoldaşı və qayınanasına işarə edərək onları içəri çağırır və özü də icazəsiz şəkildə həyətə daxil olur. Ardınca qadının yaxınları da evə girirlər. Kadrlarda Məzahirin qadının iradəsi əleyhinə onu qucaqladığı və öpdüyü görünür. Bu isə insan hüquqlarının pozulması və şəxsi toxunulmazlığa müdaxilə ilə bağlı ciddi suallar doğurur. Bütün bu anlar isə sonradan geniş auditoriyaya təqdim olunmaq məqsədilə kamera ilə qeydə alınır.
Bəs burada insan hüquqları haradadır? Nə üçün kiminsə şəxsi ailə dramı baxış sayı və reytinq naminə ucuz melodramaya çevrilməlidir? Xatırladaq ki, bu il oxşar formatlı verilişlərin dayandırılması ilə bağlı qərar qəbul edilmişdi. Görünən isə odur ki, media məkanında bu qaydalar hamıya eyni şəkildə şamil edilmir.
Düşünürsünüz ki, bununla məsələ bitdi? Əlbəttə ki, xeyr. Mövzu baxış və reytinq qazandırdığı üçün BTV Xəbərin rəhbərliyi real insanların taleyini faktiki olaraq bir "reallıq şousu"na çevirmək qərarına gəlib.
Növbəti kadrlarda həyat yoldaşının onu qəbul etməməsindən sonra kişinin özünü pis hiss etdiyi göstərilir. O, sinəsini tutaraq diz çökür və ağlayır. Bütün bunlar türk seriallarından götürülmüş kədərli musiqi və "xəbər"ə əlavə edilmiş dramatik mətnlə müşayiət olunur.
Hörmətli oxucu, müxtəlif yerli və xarici tamaşaları izləmək üçün dəfələrlə teatrlarda olmuşam. Lakin bu səviyyədə "rejissorluq" və "aktyor oyunu" ilə indiyədək qarşılaşmamışam.
Bununla da hadisə bitmir. Növbəti "epizod"da məlum olur ki, Məzahir vaxtilə Ayseli qaçırıb. Onun anasının sözlərinə görə, bu, Ayselin razılığı ilə baş verib. Bildirilir ki, onlar uzun müddət rəsmi nikah olmadan birlikdə yaşayıblar, sonradan isə cəmiyyətin tələblərinə uyğun olaraq toy edib və dini nikah (kəbin) kəsdiriblər.
Kadrlarda qayınana gəlininin guya onu təhqir etdiyini və səsini qaldırdığını iddia edir. BTV Xəbərin redaksiyası isə məişət zəminində baş vermiş ailədaxili münaqişəyə geniş efir vaxtı ayıraraq, qohumların və qonşuların fikirlərini öyrənir, ailənin şəxsi həyatına aid məqamları ictimailəşdirir.
Mövzunu araşdırdıqca qarşıma çıxan mənzərə daha da narahatedici təsir bağışlayırdı.
Bu tragikomediyanın növbəti "epizodu" izləyicini kişinin yaşadığı otağa aparır. Kadrlarda o, həyat yoldaşı ilə birlikdə yatdıqları çarpayını göstərir və onun xarici görünüşü ilə bağlı təhqiramiz ifadələr işlədir.
Jurnalist isə peşə etikası baxımından mübahisə doğuran sual ünvanlayaraq, onların bu qədər dar çarpayıda necə yerləşdiklərini soruşur. Kişi cavabında: "Mən arıq idim, o isə məndən üç dəfə kök idi", – deyir.
Söhbəti davam etdirən müxbir daha sonra "Yəni dolubədənli idi, eləmi? Kök idi?" sualını verir. Kişi isə bu fikirlə razılaşır.
Belə görünə bilərdi ki, süjet bu qədər absurda və etik normalarla uzlaşmayan məqamlarla yekunlaşacaq. Lakin təəssüf ki, bununla da hadisələrin ardı kəsilmir.
Yaşlı qonşu qadınla söhbət zamanı isə jurnalist belə deyir: "Qorxmayın. Əgər sizə fiziki və ya psixoloji təzyiq göstərilsə, sizə əlaqə nömrəmizi verəcəyik. Bizimlə əlaqə saxlayın, yenidən gəlib sizə dəstək olacağıq".
Bu məqamda isə haqlı bir sual yaranır: Bəs çəkiliş qrupunun özünün icazəsiz şəkildə başqasının evinə daxil olması, ailədaxili münaqişəyə müdaxilə etməsi və gərginliyi daha da artırması psixoloji təzyiq hesab olunmurmu?
Bu sualın cavabını isə hörmətli oxucunun mühakiməsinə buraxırıq.
Daha sonra müxbir özünün "araşdırmasını" davam etdirərək digər qonşuları da sorğu-sual edir və açıq şəkildə Ayselin qayınanası barədə mənfi fikirlər almağa çalışır. Birinci bölümdə ər-arvadı barışdırmağa çalışan jurnalist indi niyə ailələr arasında yeni qarşıdurma yaratmağa cəhd edir? Bu sualın cavabını da ala bilməyəcəyik.
Baş verənləri özünün "peşə borcu" hesab edən jurnalist qonşulara olduqca "peşəkar" suallar ünvanlayır:
"Məzahir Ayseli sevirdimi?"
"Əgər sevirdisə, niyə toyunda rəqs etməyib?"
Bu məqamda yenidən ağlayan əsas qəhrəman kadra gətirilir və kamera onun göz yaşları ilə dolu gözlərini yaxın planda göstərir.
Hadisələrin əsas kulminasiya nöqtəsi isə müxbirin yenidən özünün "peşə borcunu" xatırlatdığı an olur. Onun təqdimatına görə, jurnalistikanın mahiyyəti redaksiyanın "Azərbaycan Respublikası vətəndaşının müraciətinə cavab verərək, onu ayrıldığı həyat yoldaşı ilə barışdırmaqdan" ibarətdir.
Lakin görəsən, bizə peşə ilə bağlı öyrədilən bütün prinsiplər səhv idi? Jurnalistin vəzifəsi ailə-məişət münaqişələrini həll etmək və insanları məcburi şəkildə barışdırmaqdan ibarətdirmi? Bildiyim qədərilə tərəflərin barışdırılması ilə məşğul olan mütəxəssislər üçün hüquqi baxımdan konkret anlayış mövcuddur - mediator.
Suallar getdikcə artır və bu suallar artıq Aysel və Məzahirin şəxsi həyatına deyil, məhz jurnalistika peşəsinin mahiyyətinə aiddir.
Hadisələrin növbəti mərhələsində isə BTV Xəbərin rəhbərliyi Məzahiri və onun anasını studiyaya fəxri qonaq qismində dəvət edib. Onlar faktiki olaraq "brifinq" formatında təqdim olunub və veriliş yüksək pafoslu "Ailə maddiyyat üzərində qurulmur" şüarı ilə yayımlanıb.
Dünyada və Azərbaycanda hər gün vətəndaşların həyatına birbaşa təsir edən çoxsaylı hadisələr baş verir. Lakin görünən odur ki, medianın diqqəti süni şəkildə böyüdülmüş məişət münaqişələrinə yönəldilir. Görəsən, BTV Xəbər redaksiyasının həqiqətən vacib mövzularla bağlı efir vaxtı qalmayıb ki, efiri açıq şəkildə qurulan səhnələşdirmələrə və başqalarının şəxsi həyatına müdaxiləyə ayırır?
Media fəaliyyətini yalnız baxış və bəyənmə toplamaq naminə ucuz reallıq şousu hazırlamağa çevirmək jurnalistikanı peşəkar institut kimi tamamilə zəiflətmək təhlükəsi yaradır. Reytinq uğrunda mübarizə etik prinsipləri, cəmiyyət qarşısında məsuliyyəti və qanuna hörməti arxa plana keçirdikdə, informasiya məkanı ucuz sensasiyalar meydanına çevrilir.
Məhz buna görə də bu cür məzmunun cəmiyyətdə narazılıq doğurması təbii qarşılanmalıdır. Təkcə çoxsaylı tamaşaçılar deyil, həm də ictimaiyyət nümayəndələri etirazlarını bildirərək insan faciəsinin və şəxsi həyatın baxış toplamaq vasitəsinə çevrilməsinin yolverilməz olduğunu vurğulayıblar.
Cəmiyyətin bu reaksiyası senzura tələbi deyil, jurnalistikanın peşəkar standartlarına, insan ləyaqətinə və elementar etik normalara hörmət edilməsinə yönəlmiş təbii çağırışdır.











