Deputat: Azərbaycan–Qırğızıstan müttəfiqliyi Türk dünyasının strateji birliyini gücləndirəcək | 1news.az | Xəbərlər
Mövqe

Deputat: Azərbaycan–Qırğızıstan müttəfiqliyi Türk dünyasının strateji birliyini gücləndirəcək

Oksana Orucova16:31 - Bu gün
Deputat: Azərbaycan–Qırğızıstan müttəfiqliyi Türk dünyasının strateji birliyini gücləndirəcək

"Azərbaycan və Qırğızıstan arasında imzalanan müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkə arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərən mühüm siyasi sənəddir".

1news.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

"Bu müqavilə yalnız ikitərəfli münasibətlərin hüquqi bazasını möhkəmləndirmir, eyni zamanda Türk dünyasında strateji həmrəyliyin daha da güclənməsinə xidmət edir". 

Deputat bildirib ki, son illər Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl xarici siyasət nəticəsində Azərbaycan Türk dünyasında inteqrasiya proseslərinin aparıcı iştirakçılarından birinə çevrilib. Qırğızıstanla münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi də məhz bu siyasətin növbəti uğurlu nəticəsidir.

Onun sözlərinə görə, müqavilə siyasi dialoqla yanaşı, iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, enerji, kənd təsərrüfatı, rəqəmsal transformasiya, təhsil, elm, mədəniyyət və təhlükəsizlik sahələrində əməkdaşlığın daha sistemli və uzunmüddətli əsaslarla inkişafına imkan yaradacaq. Bu sənəd biznes dairələrinin qarşılıqlı fəaliyyətini genişləndirəcək, investisiya axınını artıracaq və yeni birgə layihələrin reallaşmasına əlavə stimul verəcək.

Vüqar İskəndərov qeyd edib ki, Azərbaycan və Qırğızıstanın Orta Dəhliz üzərində yerləşməsi əməkdaşlığın strateji əhəmiyyətini daha da artırır. İki ölkə arasında əlaqələrin dərinləşməsi Şərq-Qərb nəqliyyat marşrutunun səmərəliliyinin yüksəlməsinə, yükdaşımaların həcminin artmasına və Avrasiya məkanında iqtisadi əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək.

Deputatın fikrincə, bu müqavilə regional əməkdaşlıq baxımından da xüsusi əhəmiyyət daşıyır. Çünki sənəd Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi koordinasiyanı gücləndirəcək, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanı sürətləndirəcək və regionda sabitlik, təhlükəsizlik, qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə xidmət edəcək.

Onun sözlərinə görə, bu gün beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzləri formalaşır və Türk dövlətləri arasında strateji tərəfdaşlığın genişlənməsi həmin prosesdə ortaq maraqların daha effektiv müdafiəsinə imkan yaradır. Azərbaycan və Qırğızıstan arasında imzalanan müttəfiqlik münasibətləri haqqında müqavilə də məhz bu baxımdan gələcəyə hesablanmış mühüm geosiyasi addımdır.

Sonda deputat vurğulayıb ki, Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin qurulması təkcə iki ölkənin milli maraqlarına xidmət etmir. Bu, bütövlükdə Türk dünyasının siyasi birliyini, iqtisadi inteqrasiyasını və beynəlxalq nüfuzunu daha da gücləndirən strateji qərardır və gələcəkdə regionda yeni əməkdaşlıq formatlarının formalaşmasına da ciddi təkan verəcək.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər