Baş mühəndis: Bakı metrosunda xətlərin ayrılması hərəkəti daha çevik edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş mühəndis: Bakı metrosunda xətlərin ayrılması hərəkəti daha çevik edəcək

First News Media11:14 - Bu gün
Baş mühəndis: Bakı metrosunda xətlərin ayrılması hərəkəti daha çevik edəcək

“Bakı Metropolitenində Yaşıl və Qırmızı xətlərin ayrılması ilə bağlı layihənin icrasına başlanılıb”.

1news.az xəbər verir ki, bunu “Bakı Metropoliteni”QSC-nin baş mühəndisi Namiq Yusifov deyib.

O bildirib ki, layihə mərhələli şəkildə həyata keçirilir. İlkin mərhələdə Yaşıl xəttin deposu olacaq “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb:

“Tikinti işləri çərçivəsində “Dərnəgül” deposunda yol infrastrukturunun ikinci mərhələsi və mühəndis qurğularının inşası həyata keçirilib. Eyni zamanda qatarların təmiri və texniki baxışı üçün nəzərdə tutulan təmir yollarının tikintisi də başa çatdırılıb.

Hazırda “Dərnəgül” deposunda 25 qanov yolunun istismara verilməsi nəzərdə tutulur. Onlardan 12-si artıq istismara verilib. Bu yollar qarşıdakı 11 ay ərzində Yaşıl və Qırmızı xətlərin ayrılması ilə bağlı aparılacaq işlərdə istifadə olunacaq. Həmin müddət ərzində qatarların təmiri məhz bu 12 təmir yolunda həyata keçiriləcək”.

N.Yusifovun sözlərinə görə, tikinti işləri davam etdiyi müddətdə Yaşıl xətt üzrə hərəkət “Dərnəgül”dən “Nizami” stansiyasına qədər, Qırmızı xətt üzrə isə “Həzi Aslanov”dan “İçərişəhər” stansiyasına qədər təşkil olunacaq.

“11 ay müddətində aparılacaq tikinti və təmir işlərindən sonra xətlərin ayrılması və hər bir xətt üzrə müstəqil hərəkətin təşkili nəzərdə tutulur. Bu, metropolitendə qatarların hərəkətinin daha çevik və dayanıqlı təşkilinə imkan verəcək. Həmçinin hərəkət intervallarının optimallaşdırılması üçün əlavə imkanlar yaradacaq”, - deyə baş mühəndis bildirib.

Qafar Ağayev

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər