Naxçıvanın inkişafı üçün növbəti böyük paket: 258 milyon manat hansı layihələrə yönəldiləcək? | 1news.az | Xəbərlər
Siyasət

Naxçıvanın inkişafı üçün növbəti böyük paket: 258 milyon manat hansı layihələrə yönəldiləcək?

First News Media17:35 - Bu gün
Naxçıvanın inkişafı üçün növbəti böyük paket: 258 milyon manat hansı layihələrə yönəldiləcək?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev avqustun 12-də Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında bir sıra mühüm layihələrin həyata keçirilməsi üçün 258 milyon manat vəsait ayrılacaq.

1news.az xəbər verir ki, ayrılan vəsait muxtar respublikanın sosial-iqtisadi inkişafının yeni mərhələsinə hesablanıb. Bu maliyyə dəstəyi indiyədək həyata keçirilən dövlət proqramlarının, o cümlədən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramının davamı olmaqla, regionun hərtərəfli inkişafına yönəlmiş ardıcıl dövlət siyasətinin növbəti mərhələsidir.

Yeni maliyyələşmə çərçivəsində Naxçıvanın infrastruktur bazasının gücləndirilməsi, enerji təminatının dayanıqlılığının artırılması, yol və nəqliyyat infrastrukturunun yenilənməsi, təhsil obyektlərinin tikintisi, yaşayış binalarının və istilik sistemlərinin əsaslı təmiri, eləcə də abadlıq-quruculuq işlərinin davam etdirilməsi nəzərdə tutulur.

Sərəncamla ayrılan vəsaitin mühüm istiqamətlərindən biri alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsidir. Belə ki, 15,6 MVt gücündə Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsinə vəsait yönəldiləcək. Bu layihə Naxçıvanın enerji müstəqilliyinin daha da gücləndirilməsinə, eyni zamanda Azərbaycanın bərpa olunan enerji potensialından istifadənin genişləndirilməsi və “yaşıl enerji zonası” konsepsiyasının reallaşdırılması istiqamətində həyata keçirdiyi siyasətə xidmət edir.

Naxçıvanda artıq günəş və su elektrik stansiyalarının yaradılması istiqamətində layihələr icra olunur. Yeni maliyyə vəsaitinin ayrılması isə muxtar respublikada enerji sektorunun inkişafını daha da sürətləndirəcək.

Sərəncam çərçivəsində yol infrastrukturunun yenilənməsinə də xüsusi diqqət yetirilir. 2026–2027-ci illərdə ümumilikdə 420 kilometr uzunluğunda kəndlərarası, şəhər və kənd yollarının əsaslı təmiri həyata keçiriləcək. İşlər 156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini əhatə edəcək.

Yolların yenilənməsi yalnız nəqliyyat əlaqələrinin yaxşılaşdırılması baxımından deyil, həm də yaşayış məntəqələrinin iqtisadi fəallığının artırılması, əhalinin gündəlik hərəkət imkanlarının genişləndirilməsi və regionda sahibkarlıq mühitinin inkişafı baxımından əhəmiyyət daşıyır.

Bununla yanaşı, şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi nəzərdə tutulur. Bu addım sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, nəqliyyat vasitələrinin təhlükəsizliyinin artırılmasına və əhalinin şəhərlərarası hərəkət imkanlarının yaxşılaşdırılmasına şərait yaradacaq.

Təhsil infrastrukturu da yeni layihələr sırasında yer alır. Naxçıvan Dövlət Universitetində 1000 yerlik tələbə yataqxanasının, həmçinin 640 nəfərlik 5 yeni uşaq bağçasının tikintisi həyata keçiriləcək.

Bu layihələr Naxçıvanda təhsil infrastrukturunun müasirləşdirilməsi, tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılması və məktəbəqədər təhsil müəssisələrinə olan tələbatın qarşılanması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ayrılan vəsait hesabına muxtar respublikada yaşayış fondunun və kommunal infrastrukturun yenilənməsi də davam etdiriləcək. Belə ki, 161 yaşayış binasının fasad və tam təmiri, eləcə də istilik qazanxanalarının əsaslı təmiri həyata keçiriləcək.

Bu layihələrin icrası nəticəsində minlərlə ailənin mənzil şəraitinin yaxşılaşdırılması, binaların xarici görünüşünün yenilənməsi və istilik xidmətlərinin keyfiyyətinin yüksəldilməsi mümkün olacaq.

Ümumilikdə, yeni maliyyə vəsaitinin ayrılması Naxçıvanın infrastruktur imkanlarının genişləndirilməsi ilə yanaşı, iqtisadi fəallığın və məşğulluğun artırılmasına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə və muxtar respublikanın ölkənin ümumi iqtisadi inkişafına töhfəsinin daha da gücləndirilməsinə hesablanıb.

Naxçıvana yönəldilən bu növbəti böyük maliyyə dəstəyi Prezident İlham Əliyevin regionların tarazlı inkişafına dair siyasətinin və Naxçıvan Muxtar Respublikasına göstərilən xüsusi diqqətin konkret təzahürü kimi qiymətləndirilə bilər.

Sərəncamla nəzərdə tutulan layihələrin 2026–2027-ci illərdə mərhələli şəkildə həyata keçirilməsi Naxçıvanın enerji, nəqliyyat, təhsil, mənzil-kommunal və digər infrastruktur sahələrində yeni inkişaf imkanları yaradacaq.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər