Çağırışçıların yekun tibbi müayinəsi müasir mərkəzdə aparılır
Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı müəyyən kateqoriyalar üzrə rəy verilmiş çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər.
1news.az xəbər verir ki, bunlara sıradankənar həqiqi hərbi xidmətə yararlı hesab edilən ("B” kateqoriyası), sağlamlıq vəziyyətinə görə müvəqqəti yararsız hesab edilərək möhlət verilən ("Ç” kateqoriyası), dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilən ("C” kateqoriyası), eləcə də həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilən ("D” kateqoriyası) çağırışçılar daxildir.
Çağırışçıların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Tibbi Qiymətləndirmə Mərkəzində həyata keçirilir.
Müayinə Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən "Tibbi şəhadətləndirmə” altsisteminə daxil edilən göndəriş əsasında elektron növbə qaydasında aparılır.
Mərkəz müasir tibbi avadanlıqlarla təchiz edilib. Burada çağırışçıların sağlamlıq vəziyyəti müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış həkimlər tərəfindən qiymətləndirilir.
Müayinələr çərçivəsində qanın ümumi və biokimyəvi analizi, oftalmoloji müayinə, audiometriya, BERA testi, spirometriya, ultrasəs müayinəsi, elektroensefaloqrafiya, exokardioqrafiya, elektromioqrafiya, rentgen, qastroskopiya və stomatoloji müayinələr aparılır.
Beləliklə, yekun tibbi müayinə zamanı çağırışçıların hərbi xidmətə yararlılıq vəziyyətinin daha ətraflı və müasir tibbi imkanlardan istifadə edilməklə qiymətləndirilməsi təmin olunur.












