Fransada meşə yanğını: 525 nəfər təxliyə edildi | 1news.az | Xəbərlər
Dünya

Fransada meşə yanğını: 525 nəfər təxliyə edildi

Oksana Orucova15:23 - Bu gün
Fransada meşə yanğını: 525 nəfər təxliyə edildi

Fransanın cənub-qərbində yerləşən Landes bölgəsində başlayan meşə yanğını davam edir.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, güclü alovlar səbəbindən 525 nəfər təxliyə olunub.

Bölgənin rəsmisi Cilles Klavreul bildirib ki, dünən başlayan yanğın artıq təxminən 1 100 hektar meşə ərazisini külə çevirib. Alovlar Luqlon yaşayış məntəqəsindən 2 kilometr məsafəyədək yayılıb.

Klavreul vəziyyətin əlverişsiz olduğunu və yanğının hələ də şiddətlə davam etdiyini açıqlayıb. Onun sözlərinə görə, alovların söndürülməsinə 500 yanğınsöndürən cəlb olunub, xilasetmə işlərinə dəstək məqsədilə isə 6 təyyarə bölgəyə göndərilib.

Yanğınla əlaqədar Luqlon kəndində yaşayan 525 nəfər təxliyə edilib. Kəndin şimalına və cənubuna aparan yollar da nəqliyyatın hərəkəti üçün bağlanıb.

Luqlon, iyulun sonunda baş verən iki böyük meşə yanğınının 50 min hektardan çox ərazini məhv etdiyi və təxminən 220 min insanın təxliyəsinə səbəb olduğu turistik Arkaşon körfəzindən təxminən 100 kilometr cənub-şərqdə yerləşir.

Qeyd edək ki, Fransada bu ilin əvvəlindən indiyədək yanğınlar nəticəsində məhv olan ərazi rekord yanğınların qeydə alındığı 2022-ci ildəki göstəricini artıq geridə qoyub.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər