Nazir müavini: Azərbaycanda rəqəmsal inkişaf üçün 56 təşəbbüs həyata keçiriləcək
“Dünyada süni intellektin inkişafı ilə bağlı milli strategiyaların hazırlanması son illərdə əhəmiyyətli dərəcədə sürətlənib”.
1news.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “İntellektual iqtisadiyyatlar: süni intellekt, innovasiya və rəqəmsal transformasiya” sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, 2019-cu ildə süni intellekt strategiyasına malik təxminən 30 ölkə olduğu halda, hazırda bu istiqamətdə strategiya qəbul edən ölkələrin sayı 100-ü ötüb.
Nazir müavininin sözlərinə görə, bu sahədə ilk addım atan bəzi ölkələr artıq strategiyalarının ikinci və üçüncü versiyalarını həyata keçirirlər.
“Ən inkişaf etmiş ölkələr belə bəzən öz strategiyalarını icra etməkdə çətinlik çəkirlər. Buna görə də bu gün söhbət təkcə baxışdan deyil, həm də strategiyanın icrasının sürəti və keyfiyyətindən gedir”, - deyə R.Həsənov qeyd edib.
R.Həsənov Azərbaycanın da rəqəmsal inkişaf və süni intellekt sahəsində mühüm mərhələdə olduğunu bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin bu ilin fevralında qəbul etdiyi “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” rəqəmsal inkişafın dörd əsas sütununu və 56 təşəbbüsü əhatə edir.
Nazir müavini dövlət sektorunda rəqəmsallaşma istiqamətində əldə olunan nəticələrə də toxunub.
Onun sözlərinə görə, hazırda “myGov” platformasından 4 milyondan çox istifadəçi yararlanır və bu rəqəmin ilin sonuna qədər 5 milyona çatdırılması planlaşdırılır.
“Çox sayda dövlət xidməti artıq rəqəmsallaşdırılıb və ya bu istiqamətdə işlər davam etdirilir. Dövlət qurumları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə rəqəmsallaşma yol xəritələrini qəbul edir və biz onların icrasına dəstək veririk”, - deyə R.Həsənov əlavə edib.












