Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonasını digər zonalardan fərqləndirən üstünlüklər var | 1news.az | Xəbərlər
Cəmiyyət

Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonasını digər zonalardan fərqləndirən üstünlüklər var

Qafar Ağayev13:41 - Bu gün
Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonasını digər zonalardan fərqləndirən üstünlüklər var

“Bizim üstünlüyümüz Azərbaycan Respublikasından kənara ixrac ediləcək malların istehsalına yönəlmiş, yüksək əlavə dəyər yaradan və ixracyönümlü istehsal şirkətləridir”.

1news.az xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov bu gün Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” adlı panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, uğurlu olmaq üçün digər azad iqtisadi zonaları təkrarlamaq yox, fərqlənən və daha cəlbedici imkanlar təqdim etmək lazımdır.

“Ələt Azad İqtisadi Zonası ilə digər azad iqtisadi zonalar arasındakı əsas fərq onun rəqabət üstünlüklərinin genişliyindədir.

Ələt Azad İqtisadi Zonası Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində, Xəzər dənizinin yaxınlığında yerləşir. Bu, bizə müştərilərimizə avtomobil, dəmir yolu və dəniz nəqliyyatı da daxil olmaqla müxtəlif nəqliyyat və logistika imkanları təqdim etməyə şərait yaradır”, - deyə o bildirib.

V.Ələsgərov Ələt Azad İqtisadi Zonasının digər mühüm üstünlüyünün qanunvericilik bazası olduğunu vurğulayıb.

“Digər ölkələrdə azad iqtisadi zonalar həmin ölkələrin ümumi qanunvericiliyi əsasında yaradılır. Azərbaycanda isə Ələt Azad İqtisadi Zonası haqqında ayrıca Azərbaycan Respublikasının Qanunu mövcuddur. Bu, investorlar üçün çox vacib məqamdır”, - deyə o qeyd edib.

 

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər