Səməd Bəşirli: Orta Dəhliz regional istehsal üçün yeni perspektivlər açır
“Orta Dəhliz boyunca nəqliyyat əlaqələrinin inkişafı regional istehsal və təchizat zəncirlərinin genişləndirilməsi üçün yeni perspektivlər açır”.
1news.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” panel müzakirəsində deyib.
Nazir müavini bildirib ki, hazırda təmiz enerji, elektrik nəqliyyatı, informasiya texnologiyaları və süni intellekt sahələrində baş verən qlobal transformasiya qabaqcıl istehsala və kritik xammallara tələbatı artırır.
“Hazırda ölkəmizin müxtəlif regionlarında 10 sənaye parkı fəaliyyət göstərir. Bu parklar kimya, neft-kimya, maşınqayırma, tekstil, əczaçılıq, tikinti materialları və qida emalı da daxil olmaqla, geniş sahələri əhatə edir.
Sənaye parklarında 139 müəssisə qeydiyyata alınıb. Onlardan 100-dən çoxu artıq fəaliyyət göstərir. Parklarda istehsal olunan məhsulların ümumi dəyəri 3,7 milyard dollara çatıb. Bunun təxminən 1 milyard dolları ixracın payına düşür”, - deyə S.Bəşirli vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın sənaye ekosisteminin mühüm elementlərindən biri də Ələt Azad İqtisadi Zonasıdır.
“Xüsusilə ixracyönümlü, yüksək texnologiyalı və yüksək əlavə dəyər yaradan istehsal sahələrinin cəlb edilməsi üçün nəzərdə tutulan Ələt Azad İqtisadi Zonası investorlar üçün prosedurların sadələşdirilməsinə imkan verən xüsusi hüquqi və tənzimləyici çərçivə əsasında fəaliyyət göstərir. Burada tətbiq olunan “vahid pəncərə” yanaşması investorlar üçün əlverişli şərait yaradır”, - deyə nazir müavini əlavə edib.












