İtkin düşmə hadisələrində ilk 24 saat niyə vacibdir? - Kriminalistdən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

İtkin düşmə hadisələrində ilk 24 saat niyə vacibdir? - Kriminalistdən AÇIQLAMA

Ayşən Salehli13:56 - Bu gün
İtkin düşmə hadisələrində ilk 24 saat niyə vacibdir? - Kriminalistdən AÇIQLAMA

İnsanların itkin düşməsi hər zaman ailələri üçün ağır və narahatlıq doğuran hadisədir.

Belə hallarda yaxınların keçirdiyi təşvişlə yanaşı, vaxtında atılan addımlar da xüsusi əhəmiyyət daşıyır. Bəzən insanın harada olduğu, hansı istiqamətdə hərəkət etdiyi və sonuncu dəfə kim tərəfindən görüldüyü axtarışın nəticəsinə təsir edən əsas detallara çevrilir. Xüsusilə yaşlı insanların və səhhətində problem olan şəxslərin itkin düşməsi zamanı zaman amili daha da ön plana çıxır. İtkinlik xəbərinin alınmasından sonra ilk saatlarda hansı tədbirlər görülməlidir? Axtarışın effektivliyi nədən asılıdır?

Bu sualların aktuallığını bir daha gündəmə gətirən hadisələrdən biri də Astara rayonunun Kakalos kənd sakini, 84 yaşlı Mirzəcan Hüseynovun Gəncədə itkin düşməsi olub. Nəvəsinin hərbi andiçmə mərasimindən sonra yoxa çıxan yaşlı kişinin meyiti üç gün sonra Göygöl rayonunun Hacıməlik kəndi yaxınlığında, boş ərazidə tapılıb.

Qeyd edək ki, itkin düşmə kimi qeydə alınan bütün halların sonu faciə ilə nəticələnmir. Belə ki, noyabrın 12-də polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində ailə üzvlərinə məlumat vermədən yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarılan 5 nəfər tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, həmin şəxslər aidiyyəti üzrə təhvil veriliblər.

Bəs insan itkin düşdükdə yaxınları ilk növbədə nə etməlidir? Axtarış zamanı hansı məlumatlar həlledici rol oynayır? İlk saatlarda hansı addımların atılması itkin şəxsin tapılma ehtimalını artıra bilər?

Qızıl saatlar: İlk 24 saatda nə etməli?

Mövzu ilə bağlı 1news.az-ın suallarını cavablandıran kriminalist Teymur Baloğlanov itkin düşmə hallarının araşdırılması zamanı diqqət yetirilməli məqamları və axtarış tədbirlərinin əhəmiyyətini izah edib.

“İnsanların itkin düşməsi dedikdə, hər hansı bir şəxsin heç bir məlumat vermədən yoxa çıxması, yaxın ətrafı ilə ünsiyyətinin gözlənilmədən kəsilməsi və bu halın çox vaxt müəyyən hadisələrin fonunda (zəlzələ, yanğın, sel gəlməsi, terror aktı, müharibələr və s.) baş verməsi başa düşülməlidir.

İlk saatlarda heç şübhəsiz itkin düşən şəxsin sonuncu dəfə olduğu, işlədiyi, insanlarla daha çox ünsiyyətdə olduğu yerdə axtarılması nəticə vermədikdə, həmin şəxsin yaşadığı yerin polis orqanlarına müraciət etmək vacibdir”.

Sənədlər evdə qalıbsa...

Kriminalist qeyd edib ki, şəxsin itkin düşməsinin bədbəxt və ya cinayət hadisəsi ilə bağlı olmamasını göstərən faktlardan biri də onun gözlənilmədən və şəxsiyyəti ilə bağlı olan predmeti, şəxsiyyət vəsiqəsi, pasport və digər zəruri əşyaları götürmədən yoxa çıxmasıdır.

“Axtarış zamanı mümkün qədər məlumat daşıyıcılarının, müşahidə kameralarının, şəxsi telefonların, gündəliklərin məzmunu ilə tanışlıq ilk növbədə həyata keçirilməli tədbirlərdəndir. Belə məlumatlar şəxsin tapılmasında mühüm rol oynaya bilər.

Bir misal çəkək: Şəxs işləmək üçün Rusiyaya getmiş və gözlənilmədən qayıdarkən həyat yoldaşının ona xəyanət etdiyini bilmiş və bu zəmində qətlə yetirilərək meyiti gizlədilmişdir. Sonradan qohumları onunla əlaqənin səbəbsiz olaraq kəsilməsindən xəbər tutaraq şübhələnmiş və polisə xəbər vermişlər. İlk növbədə sərhəd keçmə məlumatlarına əsasən həmin şəxsin sonuncu dəfə ölkəyə daxil olsa da ölkəni bir daha tərk etməməsi, onun cinayətin qurbanı olmasını göstərən əlamət kimi qiymətləndirilmiş və bu cinayətin üstünün açılmasına gətirib çıxarıb”.

Xəstəxana və sığınacaqlar niyə vacibdir?

 “Azyaşlılar, yaşlı insanlar, xüsusilə səhhətində problem və ya yaddaş pozuntusu olan şəxslər, itkin düşərkən bəzi tədbirlər görmək lazımdır ki, bu şəxslər aşkarlanıb yaxınlarına, ailələrinə təhvil verilsinlər. Hesab edirəm ki, belə hallarda ilk növbədə müraciət edilməli olan yer polis orqanları və tibb müəssisələridir. Bundan başqa ölkədəki sığınacaqlar da önəmlidir. Çünki həmin şəxslərin tapıldıqdan sonra sığınacaqlara yerləşdirilməsi də mümkündür”.

Göründüyü kimi, mütəxəssislər vurğulayır ki, axtarışın uğuru ilk sutkada atılan düzgün addımlardan asılıdır. Bunun üçün 24 saatın tamam olmasını gözləmədən dərhal “102” xidmətinə zəng etmək, şəxsin son geyimi və xüsusi əlamətləri barədə dəqiq məlumat toplamaq lazımdır. Eyni zamanda, ətraf xəstəxanaların qəbul şöbələri ilə əlaqə saxlamaq axtarış dairəsini sürətlə genişləndirir.

Unutmayaq ki, hər bir itkin düşən insan arxasında narahat baxışlar, ümidlə gözləyən ailə və qəlbləri sızıldadan bir hekayə buraxır. İtkinlik hallarının qarşısının alınmasında və ya vaxtında tapılmasında hər saniyə, göstərilən hər kiçik diqqət və həssaslıq bir insanın həyatını xilas edə bilər.

Paylaş:
106

Son xəbərlər

Bütün xəbərlər