Mina xəritələri və itkinlərin taleyi: Ermənistanın bəyanatları ilə reallıq arasındakı ziddiyyət – ŞƏRH

Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin irəlilədiyi bir vaxtda iki ölkə arasında həllini gözləyən məsələlərdən biri də Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyidir.
İrəvanda keçirilən beynəlxalq konfransda humanitar dialoq, məlumat mübadiləsi və qarşılıqlı etimadın vacibliyindən danışıldığı halda, əvvəlki ikitərəfli təmaslarda əldə olunmuş razılaşmaların icra vəziyyəti ciddi suallar doğurur. Ermənistanın təqdim etməli olduğu məzarlıq koordinatları, yoxlanılmamış məlumatlar və cavabsız qalan müraciətlər göstərir ki, humanitar əməkdaşlığın bəyanatlardan real nəticələrə keçməsi hələ də aktualdır. Sülhün davamlılığı yalnız gələcəyə dair razılaşmalarla deyil, keçmişin açıq qalmış səhifələrinə münasibətlə də ölçülür.
Məsələ ilə bağlı 1news.az-a açıqlama verən siyasi şərhçi Tural İsmayılov Ermənistanın itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı susqunluğunun beynəlxalq platformalarda səsləndirdiyi humanitar əməkdaşlıq çağırışları ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.
“Ermənistanın itkin düşmüş azərbaycanlıların taleyi barədə məlumatları təqdim etməməsi, eyni zamanda beynəlxalq platformalarda humanitar əməkdaşlıqdan və dialoqdan danışması ciddi siyasi ziddiyyətdir. İrəvan bu məsələdə humanitar ritorikadan öz beynəlxalq imicini yaxşılaşdırmaq, müharibədən sonrakı dövrdə üzərinə düşən məsuliyyəti arxa plana keçirmək və diqqəti konkret öhdəliklərdən yayındırmaq vasitəsi kimi istifadə etməyə çalışır. Halbuki humanitar əməkdaşlıq haqqında danışmaq üçün ilk növbədə onilliklərdir ailələrinin yolunu gözləyən minlərlə insanın taleyi ilə bağlı həqiqətləri açıqlamaq lazımdır.
Ermənistanın davranışında siyasi məsuliyyətdən yayınma cəhdi aydın görünür. Çünki itkinlərin taleyi ilə bağlı məlumatların açıqlanması müharibə dövründə baş vermiş hadisələrin, mümkün qanun pozuntularının və mülki şəxslərə qarşı törədilmiş cinayətlərin araşdırılmasına yeni imkanlar yarada bilər. İrəvanın susqunluğu isə bu həqiqətlərin üzə çıxmasına mane olur. Ermənistan anlamalıdır ki, beynəlxalq ictimaiyyət qarşısında humanist görünmək real humanitar məsuliyyəti yerinə yetirməyi əvəz etmir”.
O qeyd edib ki, itkin düşmüş azərbaycanlıların dəfn yerlərinin koordinatlarının gizlədilməsi məsələnin ən ağır tərəflərindən biridir.
“Bu məlumatların təqdim edilməməsi ailələrin yaxınlarının taleyini öyrənmək hüququnu pozmaqla yanaşı, mümkün müharibə cinayətlərinin araşdırılmasını da ciddi şəkildə çətinləşdirir. Kütləvi məzarlıqların müəyyənləşdirilməsi, qalıqların ekshumasiyası, ekspertiza və DNT identifikasiyası kimi proseslər üçün dəqiq məlumatların olması vacibdir. Koordinatların gizlədilməsi isə həm sübutların əldə edilməsini çətinləşdirir, həm də hadisələrin obyektiv araşdırılmasına maneə yaradır.
Bu məsələdə Ermənistanın məsuliyyətini artırmaq üçün beynəlxalq hüquq mexanizmləri daha sistemli şəkildə işə salınmalıdır. Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT-nin müvafiq strukturları və digər humanitar institutlar qarşısında məsələ ardıcıl şəkildə qaldırılmalı, Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi beynəlxalq müstəvidə sənədləşdirilməlidir. Burada söhbət siyasi bəyanatlardan deyil, konkret nəticələr doğuran hüquqi və diplomatik mexanizmlərdən gedir. Ermənistan bilməlidir ki, zaman keçdikcə bu məsələ öz aktuallığını itirməyəcək, əksinə, məsuliyyətin daha dərindən araşdırılması üçün yeni əsaslar yaradacaq.
İtkinlərin taleyinin müəyyənləşdirilməsi ilə mina xəritələrinin təqdim edilməsi məsələlərinin birlikdə gündəmə gətirilməsi Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən mühüm diplomatik istiqamətdir. Çünki hər iki məsələ müharibənin humanitar nəticələrinin aradan qaldırılması, insan həyatının qorunması və regionda dayanıqlı sülhün təmin olunması ilə birbaşa bağlıdır. Azərbaycan bu məsələləri beynəlxalq ictimaiyyətə təqdim edərkən müharibənin nəticələrindən əziyyət çəkən insanların hüquqlarını, təhlükəsizliyini və humanitar ehtiyaclarını ön plana çıxarır.
Mina xəritələrinin tam və dəqiq təqdim edilməməsi azad edilmiş ərazilərdə bərpa-quruculuq prosesinə, keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışına və mülki insanların həyatına real təhlükə yaradır. İtkinlərin taleyi ilə bağlı məlumatların gizlədilməsi isə ailələrin fundamental hüquqlarının təmin olunmasına mane olur. Bu iki problemin ortaq cəhəti Ermənistanın müharibədən sonrakı humanitar məsuliyyətinin hələ də tam yerinə yetirilməməsidir.
Azərbaycan bundan sonra da məsələni beynəlxalq təşkilatların gündəliyində saxlamalı, itkinlərin siyahılarını, mövcud faktları və mina təhlükəsinin doğurduğu humanitar nəticələri sistemli şəkildə təqdim etməlidir. Eyni zamanda beynəlxalq ekspertlərin iştirakı ilə araşdırmaların aparılması, məlumat mübadiləsinin təmin edilməsi və Ermənistanın konkret öhdəliklər götürməsi tələb olunmalıdır.
Ən vacib məqam budur ki, Azərbaycan sülh və əməkdaşlıq tərəfdarı kimi mövqeyini qorumaqla yanaşı, humanitar məsələlərdə güzəştə gedilməyəcəyini nümayiş etdirməlidir. Ermənistanın siyasi ritorikası ilə real davranışı arasındakı ziddiyyət beynəlxalq ictimaiyyətə daha aydın çatdırılmalıdır. Sülh yalnız siyasi sənədlərin imzalanması ilə deyil, keçmişin ağır humanitar yaralarının sağaldılması, həqiqətlərin üzə çıxarılması və məsuliyyətin qəbul edilməsi ilə mümkündür. Ermənistanın qarşısında duran əsas seçim də məhz budur: ya humanitar məsuliyyətini yerinə yetirmək, ya da beynəlxalq müstəvidə bu məsuliyyətdən yayınan tərəf kimi qalmaq”.











