Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonasında yeni hava limanının tikintisi 2027-ci ildə başa çatacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonasında yeni hava limanının tikintisi 2027-ci ildə başa çatacaq

Qafar Ağayev10:55 - Bu gün
Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonasında yeni hava limanının tikintisi 2027-ci ildə başa çatacaq

“Ələt Azad İqtisadi Zonasının əsas məqsədi regionda və daha geniş coğrafiyada fəaliyyət göstərən digər azad iqtisadi zonalarla müqayisədə investorlar üçün daha cəlbedici şərait yaratmaqdır”.

1news.az xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Ələt Azad İqtisadi Zonasının əsas üstünlüklərindən biri onun əlverişli coğrafi mövqeyidir.

"Ələt Azad İqtisadi Zonası Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişdiyi nöqtədə, eyni zamanda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bilavasitə yaxınlığında yerləşir. Müasir yüksək texnologiyalar sənayesinin bir çox sahələri üçün nəqliyyat infrastrukturuna birbaşa çıxış mühüm əhəmiyyət daşıyır. Bu amili nəzərə alaraq, yerli yükdaşıma şirkəti olan "Silk Way Airlines" ilə zonanın ərazisində hava limanının və onun ətrafında müvafiq logistika infrastrukturunun yaradılması barədə razılıq əldə etmişik. Bu layihə üçün Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu 750 hektar ərazi ayırıb. Hava limanının tikintisi 2027-ci ilin ortalarından gec olmayaraq başa çatdırılacaq və gələn il beynəlxalq yük daşımaları üçün açıq olacaq. İlkin mərhələdə hava limanının illik yükdaşıma qabiliyyəti 500 min ton təşkil edəcək, sonrakı mərhələlərdə isə bu göstərici 2 milyon tona yaxınlaşdırılacaq".

Valeh Ələsgərov qeyd edib ki, azad zonanın digər üstünlüyü investorlar üçün bütün zəruri daxili və xarici infrastruktura malik sənaye ərazilərinin təqdim edilməsidir.

"İnfrastrukturun inkişafının birinci mərhələsi çərçivəsində 60 hektar ərazidə işləri 2023-cü ilin iyun ayında başa çatdırmışıq. Həmin vaxtdan etibarən Ələt Azad İqtisadi Zonasına investorların cəlb edilməsi istiqamətində çalışırıq. İnvestorların artan marağını nəzərə alaraq, əlavə 138 hektar ərazidə inşaat işlərinə də başlamışdıq. Təxminən iki ay əvvəl həmin ərazidə işləri başa çatdırmışıq və artıq burada bir neçə şirkət qeydiyyatdan keçib. Onlardan biri günəş panellərinin istehsalı ilə məşğul olacaq şirkətdir və 23 hektar ərazidə öz müəssisəsinin tikintisinə başlayıb. Bundan əlavə, xarici investorlarla birgə yaradılması nəzərdə tutulan data mərkəzi üçün 11,5 hektar ərazi ayrılıb. Əminəm ki, yaxın bir-iki ay ərzində bu layihənin layihələndirilməsi və tikintisinə başlanılacaq".

İdarə Heyətinin sədri bildirib ki, zonada daha iki data mərkəzinin yerləşdirilməsi ilə bağlı da işlər aparılır. Onun sözlərinə görə, ağır sənaye müəssisələrinə tələbatı nəzərə alaraq, 366 hektar ərazinin baş planı hazırlanıb və burada infrastrukturun yaradılmasına başlanılıb.

"Artıq Çin şirkəti tərəfindən bu ərazidə neft koksunun emalı müəssisəsinin yaradılması nəzərdə tutulur. Gələcəkdə burada yalnız neft koksunun emalı deyil, həm də alüminium sənayesində istifadə olunan koks anodlarının istehsalı təmin ediləcək. Bununla da Azərbaycanda alüminium sənayesinin genişləndirilməsi üçün əlavə imkanlar yaradılacaq".

Valeh Ələsgərov vurğulayıb ki, Ələt Azad İqtisadi Zonasında investorlar üçün geniş maliyyə və qeyri-maliyyə güzəştləri nəzərdə tutulub.

"Azad zonada fəaliyyət göstərən investorlar bütün növ vergilərdən, o cümlədən korporativ vergilərdən azad olunurlar. Zonaya idxal və zonadan ixrac zamanı vergilər və gömrük rüsumları tətbiq edilmir. Valyuta əməliyyatlarına və mənfəətin ölkədən repatriasiyasına heç bir məhdudiyyət qoyulmur. Biznes layihələrinin qiymətləndirilməsi, lisenziyaların verilməsi, qeydiyyat və digər xidmətlər birbaşa zonanın ərazisində vahid pəncərə prinsipi əsasında həyata keçirilir. Bütün bu proseslər dövlət və hökumət qurumlarının iştirakı olmadan, investorlar üçün yaradılmış xüsusi mexanizm çərçivəsində təmin edilir".

O əlavə edib ki, Ələt Azad İqtisadi Zonasının rəqabətqabiliyyətliliyini şərtləndirən əsas amillərdən biri də onun hüquqi çərçivəsi və hüquqi müstəqilliyidir.

Paylaş:
44

Son xəbərlər

Bütün xəbərlər