Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 12 milyard dollara yaxınlaşıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 12 milyard dollara yaxınlaşıb

Qafar Ağayev10:34 - Bu gün
Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 12 milyard dollara yaxınlaşıb

Azərbaycan və İtaliya arasında siyasi dialoq iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaradır. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı və əsas ixrac bazarıdır.

1news.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 12 milyard ABŞ dollarına yaxın olub. Bu ilin ilk doqquz ayında isə qarşılıqlı ticarətin həcmi 9 milyard ABŞ dollarını ötüb.

Nazir müavininin sözlərinə görə, Azərbaycan-İtaliya münasibətlərinin inkişafında institusional əməkdaşlıq mexanizmləri də mühüm rol oynayır. Bu baxımdan, cari il yanvarın 13-də Bakıda keçirilən Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının 6-cı iclası və 70-dən çox təşəbbüsü əhatə edən 2026–2027-ci illər üzrə Fəaliyyət Planı iqtisadi tərəfdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.

Anar Axundov qeyd edib ki, ötən ay Romada İtaliya Sənaye Konfederasiyasının təşkilatçılığı ilə "İtaliya-Azərbaycan iqtisadi və sənaye əməkdaşlığının gücləndirilməsi" mövzusunda tədbir keçirilib. Həmin tədbir çərçivəsində kritik xammal sahəsində strateji əməkdaşlığa dair birgə bəyannamə imzalanıb.

"Bu gün həmin dialoqu Bakıda daha geniş tərkibdə, müvafiq istiqamətlər üzrə imzalanacaq sənədlərlə davam etdiririk", - deyə nazir müavini vurğulayıb.

O əlavə edib ki, qeyri-neft ticarətinin genişləndirilməsi Azərbaycan sahibkarlarına Avropa bazarına çıxış, sənaye müəssisələrinə isə istehsalı müasirləşdirmək imkanı yaradır.

Nazir müavininin sözlərinə görə, hazırda Azərbaycanda sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat, ticarət və xidmət sahələrində İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir. Bununla yanaşı, Azərbaycan da İtaliya iqtisadiyyatına uzunmüddətli investisiyalar yatırır.
 

Paylaş:
38

Son xəbərlər

Bütün xəbərlər