Balaxanının intibahı: köhnə Bakı qəsəbəsinin yeni həyatı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Balaxanının intibahı: köhnə Bakı qəsəbəsinin yeni həyatı – FOTO

16:35 - 13 / 08 / 2020
Balaxanının intibahı: köhnə Bakı qəsəbəsinin yeni həyatı – FOTO

Bakıda və Abşeronda doğulmuş və böyümüş hər bir kəsi Bakı qəsəbələri ilə çox şey – çimərliklər, bağlar, sanatoriyalar, istirahət mərkəzləri, əzəmətli  qalalar, tarixi və mədəni abidələr bağlayır.

Hər bir qəsəbə xüsusiliyə malikdir, məsələn, Mərdəkan, Şüvəlan, Buzovna, Bilgəh, Zuğulba öz çimərlikləri, Günəşin misilsiz doğuşu və qürubu ilə məşhurdur. Digərləri, o cümlədən, Nardaran, Türkan və Pirallahı öz balığı və onun arxasınca dənizə uzaq səfərlərə çıxan balıqçıları ilə tanınır. Suraxanıda atəşpərəstlərin ziyarət məkanı olan “Atəşgah”, Ramanıda qala, Bibiheybətdə isə, Məhəmməd peyğəmbərin nəslindən olan Həkimə xanımın məzarı üzərində tikilmiş məscid var.

Lakin ətrafın bütün bu əzəmətinə baxmayaraq, Balaxanı yenə də fərqlənməyi bacarır. Bu, Bakının ən qədim qəsəbələrindən biridir. 1427-ci ildə burada Şirvanşah I İbrahimin vəzirinin oğlunun şərəfinə Şakir ağa türbəsi ucaldılmış, 1623-cü ildə karvansara tikilmişdir. Dövrümüzdə qəsəbənin ən qədim quyularından birində tapılmış daşın üzərində onun 1594-cü ildə usta Allahyar Məmməd Nuroğlu tərəfindən qazıldığı qeyd olunmuşdur.

Keçmişdən indiyədək zəngin tarix

Burada yaşayan insanlar hələ orta əsrlərdən etibarən neft çıxarırdılar və qəsəbənin də bütün tarixi bununla sıx bağlıdır. Məsələn, 1825-ci ildə buradakı bütün neft quyuları birinci rusiyalı neft iltizamçısı Mark Tarumovun iltizamına verilmişdir. 1837-ci ildə dağ mühəndisi Nikolay Voskoboynikov Balaxanıda neftayırma zavodunu işə salır ki, burada ilk dəfə olaraq neft təbii qazın köməkliyi ilə qızdırılırdı. 1871-ci ildə isə, qəsəbədə Rusiyanın mexaniki üsulla ikinci neft quyusu qazılır (64 metr). 1873-cü il aprelin 1-də Balaxanıda ilk neft buruqu fontan vurur. 1878-ci ildə Nobel qardaşları şirkətinin sifarişi ilə Balaxanıdan Qara şəhərə uzunluğu 12 km olan Rusiyanın ilk neft kəməri çəkilir.

Həmin vaxt qəsəbə neft sənayeçilərinin başına pul yağışı yağdıran neftin çıxarıldığı buruqların nəhəng cərgələrini, “qara qızıl” fontanı fantasmaqoriyasını təcəssüm etdirirdi.

1898-ci ildə fotoqraf Aleksandr Mişon tərəfindən çəkilmiş "Balaxanıda neft fontanı" səssiz sənədli filmi hazırda Azərbaycan kinomatoqrasiyasının ilk filmi hesab olunur. Sergey Yesenin 1925-ci ildə 1 may bayramını keçirdiyi Balaxanını özünün “Əlvida, Bakı!” və “1 may” adlı şerlərində xatırlayır.

Təbii ki, qəsəbənin əhalisi sürətlə artırdı. Əgər XX əsrin əvvəllərində burada 3 minədək insan yaşayırdısa, hazırda bu göstərici 5 dəfəyədək artaraq 15 min nəfərə çatmışdır. Buna baxmayaraq, uzun illər boyu qəsəbənin sosial-iqtisadi inkişafı onun tələbatından geri qalırdı. Bura, tarixi və mədəniyyəti ilə deyil, daha çox zibilxanası ilə tanınırdı. Qəsəbənin hərəkətli yollardan knar qalması, dənizdən uzaqlığı, bağların azlığı, onun haqqında “mazut və neftlə çirkənmiş” təsəvvürünün mövcudluğu və s. də buna qismən səbəb olmuşdur.

Lakin zaman keçir, hər şey dəyişir. Azərbaycan Prezident İlham Əliyevin başçılığı altında sürətlə inkişaf edir və bu təkcə Bakının mərkəzində deyil, uzaq qəsəbələrində də hiss olunur. Balaxanı qəsəbəsi də bu baxımdan kənarda qalmamışdır. Ölkə başçısının təşəbbüsü və müvafiq tapşırıqlarına əsasən, bir müddət əvvəl qəsəbədə genişmiqyaslı yenidənqurma və abadlıq işlərinə başlanılmışdır. Əminliklə demək olar ki, bu cür möhtəşəm işlər qəsəbə tarixində heç vaxt görünməmişdir. Bura yol kənarlarının və yolların yenidənqurması və tikintisi, asfalt salınması, evlərin fasad və dam örtüklərinin bərpası, taxta qapı və pəncərələrin quraşdırılması və yenilənməsi, (qəsəbədə heç vaxt olmamış) kanalizasiya xəttinin çəkilməsi, işıq xəttlərinin torpağın altına köçürülməsi, yeni telefon və internet sisteminin qurulması və başqa işlər daxildir. Qəsəbənin bütün küçələrinin ümumi uzunluğu 2339 m təşkil edir. Bu küçələrin, demək olar ki, hər bir metrində müsbət dəyişikliklər baş verir və ya yaxın zamanlarda baş verəcəkdir. Bu sətirlərin müəllifi Balaxanıya səfər etdikdən sonra buna şəxsən əmin olmuşdur.

Bu cür dəyişikliklərin bütün qəsəbə və onun sakinləri üçün əhəmiyyətini şişirtmək qeyri-mümkündür. Axı Balaxanının Abşeron yarımadasının böyük turizm potensialına malik yeni tarixi-mədəni və tarixi mərkəzə çevrilməsi prosesi düz gözlərimizin qarşısında baş verir. Qəsəbədə xeyli sayda memarlıq abidəsi və qədim tikili mövcuddur ki, turizmin inkişafı baxımından onların bərpası vacib əhəmiyyət kəsb edir. Əsas məqsəd qədim memarlıq abidələrinə lazımi xarici görkəm vermək, onları gələcək nəsillər üçün  qoruyub saxlamaq və dağıdıcı proseslərin təsirindən qorumaqdır.

Balaxanıda Hacı Şəhla məscidi, Şakir ağa türbəsi, Cümə məscidi, bir neçə ovdan, “Qum hamamı”, Karvansara, Muğdar hamamı kimi tarixi-memarlıq abidələri mövcuddur. Burada hər bir memarlıq abidəsi öz dövrünün milli memarlıq nümunəsi olmaqla özünəməxsus unikallığa malikdir. Qəsəbədə aparılan yenidənqurma işləri zamanı çoxmetrlik torpaq qatının altında XV əsrə aid hamam aşkar edilmişdir. O dövrlərdə, hamamlarda təkcə çimmir, həmçinin işgüzar danışıqlar aparırdılar. Onlar çiy kərpicdən, konusşəkilli günbəz formasında tikilirdi. Tüstünün çıxması və gün işığının içəri düşməsi üçün günbəzin üstündə dəliklər olurdu. Maraqlı məqam: bu hamamda olarkən otaqlar arasında alçaq keçidlər təəccübümə səbəb oldu. “Yəni əcdadlarımız bu qədər alçaqboylu olublar?”, - deyə bərpa işini aparan şəxslərdən birindən soruşdum və öyrəndim ki, qapıların olmaması hamamın ayrı-ayrı otaqlarında istini saxlamağa imkan verirdi... Hamamı yağışdan qorumaq və rahat şəkildə arxeoloji qazıntılar aparmaq üçün onun üzərində şüşə günbəz qurmaq planlaşdırılır.

Qəsəbədə çoxlu kiçik su anbarları - ovdanlar mövcuddur ki, onlardan Balaxanı sakinləri istifadə edirdilər. Memarlıq və konstruksiya baxımından Abşerona xas bu unikal tikililər onun yarımsəhra landşaftına Azərbaycanın memarlıq tarixinin müstəsna hadisəsi kimi daxil olmuşdur.

Şah Səfi əd-Din-əl-Hüseyn əl-Bahadır-xanın dövründə tikilmiş karvansara da diqqətəlayiqdir. Daş tağla örtülmüş 3 hissəli düzbucaqşəkilli karvansara yeni həcmli kompozisiya idi. Şimal-cənub oxu üzrə qabarıq piştağ həcmli kompozisiyanın əsas elementi qismində çıxış edir. Onun quruluşunda zəif formada olsa da, hərbi memarlığın üsulları qorunub saxlanılmışdır. Bürcün və yarımbürcün 3-4 ölçülü silindrşəkilli formaları məkan baxımından heç bir əhəmiyyət kəsb etmir, onların rolu simvolikdir və düz müstəviyə həcmli plastika elementləri qatırlar.

Qəsəbədə Mirzə Ələkbər Sabir üçün qoyulmuş heykəlin tarixçəsi də maraqlıdır. O burada təsadüfən peyda olmamışdır. Belə ki, şair XX əsrin əvvəllərində Balaxanıda qəsəbə məktəbində müəllim işləmişdir. Hazırda Balaxanını bəzəyən bu heykəl Azərbaycanda ilk ayaqüstü abidə və müsəlman bir şəxsi əks etdirən ilk abidədir. Bu heykəl daha əvvəl Bakının mərkəzində ucalırdı (hazırda Cəlal Qaryağdının müəllifi olduğu Sabirin “oturaq” heykəlinin yerləşdiyi yerdə). Sabirin ilk heykəlinin memarı Yakov Keylixis olmuşdur. Heykəl 1958-ci ildə qəsəbəyə gətirilmiş, gümüşü boyayla rənglənmiş, Sabirin bir vaxtlar müəllim kimi işlədiyi məktəblə üzbəüz yerləşən və şairin adını daşıyan bağda daha alçaq postament üzərində ucaldılmışdır...

Hər şeydən əlavə Balaxanı həm də döyüş və əmək şöhrəti qəsəbəsidir. Çətin məqamlarda qəsəbə sakinləri Vətəni qəhrəmancasına müdafiə etmiş və bu yolda fədakarlıq nümayiş etdirmişlər. Özünüz düşünün, Böyük Vətən Müharibəsi illərində Balaxanıdan 1678 nəfər  cəbhəyə yollanmış və onların, demək olar ki, yarısı – 727 nəfəri geri qayıtmamış, döyüş meydanlarında həlak olmuşdur... Bu qəhrəmanların şərəfinə qəsəbədə ucaldılmış abidənin müəllifi heykəltəraş Məmməd Nicat Salahovdur. Balaxanılıların fədakar əməyi nəticəsində qəsəbənin cəbhəyə nə qədər neft göndərdiyini də unutmaq olmaz.

Vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Qarabağ müharibəsi qəhrəmanlarının xatirəsi də qəsəbədə hörmətlə anılır. Qəsəbədəki parkda, Balaxanıda yaşamış 22 şəhidin xatirəsinə abidə ucaldılmışdır. Sözügedən 2 abidənin üzərində daim tər əklillər görmək olar. Böyüklər və uşaqlar həlak olmuş əsgərlərin müqəddəs xatirəsini yad etmək üçün bura gəlirlər...

Sıfırdan ekologiya

Qəsəbə haqqında danışarkən onun uzun illər boyu nəhəng zibilxanadan çıxan tüstü ilə assosiasiya olunduğunu da unutmaq olmaz. Məhz bu zibilxanaya görə, qəsəbə Abşeron yarımadasının təkcə neftlə deyil, həm də zibillə ən çox çirklənmiş ərazilərindən biri olmuşdur. Bu da təsadüfi deyildi, çünki yanan zibilxana Balaxanını tüstü qatı ilə örtürdü. 2012-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə “Təmiz Şəhər” ASC yaradıldıqdan sonra hər şey dəyişdi. Hazırda burada zibilin çeşidlənməsi və utilizasiyası həyata keçirilir. Bundan başqa, 2010-cu ildən etibarən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Təmiz Şəhər”in əməkdaşlarının iştirakı ilə ildə 2 dəfə (yazda və payızda) ənənəvi yaşıllaşdırma aksiyaları keçirilir. Nəticədə qəsəbə ildən ilə daha da yaşıl görkəm alır. Onun çoxillik neft buruqlarının yaxınlığında yerləşdiyini xatırlasaq, buna möcüzədən başqa ad vermək olmaz!

Qəsəbədə gəzişərkən özüm də buna əmin oldum. Məsələn, fəhlələr küçədə yağış suları üçün kanalizasiya boruları çəkirlər, ekskavatorun qazmış olduğu xəndəkdə isə, “neft qatı” – neftin qara rəngə boyadığı torpaq qatı görünür. Lakin hər yerdə belə deyil. Cəmi 30 metr irəlidə evin həyətində çiçəkləmiş bağ görünür. Evin qapısını döydüm. 86 yaşlı ev sahibi Əliheydər dayı aşağı düşdü. O, bu evi 1968-ci ildə aldığını və artıq 51 ildir ki, burada ağaclar yetişdirdiyini söylədi. Fantastika olsa da, bu yaşlı kişinin həyətində təkcə nar, əncir və xurma deyil, həm də Abşeronda yetişdirilməsi çox çətin olan əsl limon ağacları da var.

Ümumiyyətlə, balaxanılılar olduqca qonaqpərvər insanlardır. Onlar həm bərpa işləri aparan fəhlələri çaya qonaq edir, həm də, hər kəs bacardığı qədər bu işdə aktiv şəkildə iştirak edirlər. Məsələn, qəsəbədə ağac əkilməsinə köməklik göstərirlər. Yerli istedadlar da kənarda qalmayıblar. 4 rəssam burada evləri şəkillərlə bəzəyir.

Lakin Balaxanıda aparılan işlər təkcə xarici görünüşün gözəlləşdirilməsi ilə bitmir. Məsələ burasındadır ki, qəsəbədə Azərbaycanın ənənəvi xalq sənətlərini inkişaf etdirmək üçün hər növ şərait mövcuddur və bu işdə böyük perspektiv var. Xüsusilə də, sənət və yaradıcılıq emalatxanalarının açılması aktualdır. Bu emalatxanalarda rəssamların, zərgərlərin, oymaçıların, papaqçıların əl işləri, suvenirlər, milli geyimlər, musiqi alətləri, taxtadan hazırlanmış xırda əşyalar, xalçalar, dulusçuluq və saxsı məmulatları, sikkələr və s. satılacaq. Bu isə, təkcə qəsəbə sakinləri üçün yeni iş yerləri demək deyil, həmçinin, Balaxanının tam fərqli turizm potensialının açılması deməkdir. Bu, qəsəbənin sosial-iqtisadi inkişafı üçün özünəməxsus tramplin və ya katapultadır. Gözlərimiz qarşısından baş verən bu çevrilmə Bakının qədim qəsəbəsi üçün yeni həyat, Balaxanı və onun bütün sakinləri üçün gələcəyə özünəməxsus addımdır ki, bu da hər vəchlə dəstəklənməyə və hörmətə layiqdir.

Timur Rzayev, Q.R.

Paylaş:
2279

Son xəbərlər

Şuşaya ilkin mərhələdə köçürülən şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06
Bütün xəbərlər