Əjdər Xanbabayevin əziz xatirəsinə: siyasi qətldən 30 il keçir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əjdər Xanbabayevin əziz xatirəsinə: siyasi qətldən 30 il keçir - FOTO

12:06 - 31 / 05 / 2020
Əjdər Xanbabayevin əziz xatirəsinə: siyasi qətldən 30 il keçir - FOTO

30 il əvvəl – 1990-cı il mayın 30-da şəhərin dağlıq hissəsinin küçələrinin birində “Azərnəşr”in direktoru Əjdər Xanbabayev öz avtomobilində güllələndi. 

Tanınmış naşirin qətli bütün Bakını sarsıtdı. Məşhur şəxs olan Əjdər Xanbabayev təkcə yazıçılar arasında hörmət sahibi deyildi. Burada məsələ təkcə onun peşəkarlıq keyfiyyətlərindən getmirdi, baxmayarq ki, onun faciəli ölümü respublikanın kitab nəşrinə bərpaolunmaz zərbə vurmuş oldu.

10 cildlik “Azərbaycan Ensiklopediyası” və 50 cildlik “Dünya uşaq ədəbiyyatı”, Azərbaycan dilində “Dünya ədəbiyyatı kitabxanası”nın ilk 30 cildinin işıq üzü görməsi Ə.Xanbabayevin adı ilə bağlıdır. Bütün bunlardan savayı Əjdər müəllim son dərəcə xeyirxah və ziyalı bir şəxs idi.

Azərbaycanın xalq yazıçısı, Milli Məclisin keçmiş deputatı, hazırda isə, Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri olan Elmira Axundova onu belə xatırlayır:

“Əjdər müəllimi çox yaxşı tanıyırdım, çünki 10 il Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi kimi çalışmışam. Bədii tərcümə və ədəbi tənqidlə məşğul olmağa hər vəchlə həvəsləndirməklə, o mənim də ayaqda durmağma köməklik etmişdir. Xanbabayevin yaradıcı gənclərə olan münasibəti, ümumiyyətlə, xüsusi bir mövzudur. Tərcümələrimdən ibarət "Azərbaycanın gənc nəsri" adlı ilk məcmuə 80-ci illərin ortalarında Ə.Xanbabayevin köməkliyi ilə "Yazıçı" nəşriyyatında buraxılmışdır. Bir qədər sonra, namizədlik dissertasiyası əsasında tərtib edilmiş monoqrafiyanı dərc etdirməkdə yenə də o mənə kömək olmuşdur. Bir sözlə, bu şəxsin xeyirxah əməllərinin sayını saymaqla bitirmək olmaz, bu səbəbdən, bir qatil gülləsinin Xanbabayevin həyatına son qoyması xəbəri dəhşətli cəfəngiyyata bənzəyirdi”.

Əbədi idealist və əsl kişi

(“İsa Nəcəfov və Elmira  Axundovanın “Naşirin ölümü” kitabından hissələr)

“Əgər Azərbaycanda yüksək intellektə və geniş dünya görüşünə malik 5-6 nəfər varsa, onlardan biri də Əjdər Xanbabayev idi”, - Ziya Bünyadov dostu Əjdər haqqında dedi.

Əjdər 1931-ci ildə çoxuşaqlı sadə Ordubad ailəsində anadan olmuşdu. Anası Nərgiz xanım 9 uşağın tərbiyəsi ilə məşğul olan evdar xanım, atası Rza kişi yeməkxana rəisi idi.

Tale ilə ilk günlərindəcə Əjdər müəllimi sınağa çəkməyə başlamışdı. Cəmi bir neçə aylıq uşaq ikən Ordubadda baş verən zəlzələdən o möcüzə nəticəsində sağ çıxmışdı. Anası onu yarıdağılmış yanan evdən çıxarmışdı. Amma bacısı evin dağıntıları altında qalıb vəfat etmişdi.

Əjdər dəfələrlə vaxtsız ailə itkilərinin acısını yaşamalı olmuşdu: 1935-ci ildə böyük qardaşı Mikayıl faciəli surətdə vəfat etmişdi. 1937-ci ildə isə, NKVD orqanları atasını qanunsuz silah saxlama kimi mənasız ittihamla həbs etmiş, lakin əsaslı dəlillər toplaya bilmədiklərinə görə, yaşadığı yerdən kənara çıxmama ilə bağlı iltizamnamə alınmaqla azadlığa buraxmışdılar. Evə qayıtdıqdan sonra Rza kişi yaşadığı sarsıntıdan xəstələnir, sağaldıqdan sonra isə, ailəsi ilə Bakıya köçməyə qərar verir.

Burada Xanbabayevlər ailəsinin günləri çətin keçir: onlar kiçik ödəniş müqabilində kirayələyə bildikləri zirzəmilərdə sığınacaq tapır, kasıb həyat tərzi sürürlər. Bu azmış kimi, atası tez-tez iş yerini dəyişməli olur, çünki hara getsə də, təhlükəsizlik orqanlarının “uzun əlləri” onu tapırdı. Nəhayət, o karamel fabrikində fəhlə kimi işə düzəlir və “Kommunist əməyi zərbəçisi” adını alır. Lakin, ağır sınaqlar onun sağlamlığını sarsıdır və 1944-cü ildə Rza kişi vəfat edir.

Onun ölümündən sonra ailənin vəziyyəti daha da ağırlaşır. Müharibə zamanı idi, bütün ərzaq məhsulları üçün sərt kart sistemi tətbiq olunurdu. Böyük qardaşı İsmayıl ailəni Ordubada göndərir, lakin bir müddət sonra Əjdər Azərbaycan Dövlət Universitetinə qəbul olmaq üçün yenidən Bakıya qayıdır. Buna qədər isə, o, Ordubadda fəhlə gəncləri məktəbində təhsil almaqla yanaşı, həm də işləyir. Bakıya qayıtdıqdan sonra o qardaşı ilə eyni otaqda kirayə qalır və ilk zamanlarda yarıac-yarıtox dolanırlar. Lakin 3-cü kursda oxuyarkən Əjdər Stalin təqaüdü almağa başlayır ki, bu da bütün ailənin yaşayışını əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Bununla belə, Əjdər 1-ci kursdan etibarən işləyir. O, Azərbaycan Elmlər Akademiyasınının nəşriyyatına korrektor kimi işə düzəlir, 2 il sonra – 1954-cü ildə isə, redaktor vəzifəsinə yüksəlir.

1956-cı ildə Əjdər müəllimin həyatında eyni zamanda 2 əhəmiyyətli hadisə baş verir: o universiteti bitirir və dərhal nəşriyyatın baş redaktoru vəzifəsinə təyin edilir. Həmin vaxt bu yüksək və olduqca məsul bir vəzifə idi. Yeri gəlmişkən, onun bu vəzifəyə təyin edilməsi ilə bağlı əmri şəxsən akademik Ziya Bünyadov imzalamışdı.

Bu bir tale idi. Çünki həmin gündən həyatının Əjdər Xanbabayev ömrünü nəşriyyat işi bağlayır və bu sahədə ən yüksək səviyyəli peşəkara çevrilir. Onun faciəli ölümü isə, respublikanın kitab nəşrinə bərpaolunmaz zərbə vurmuş oldu. Uzun illər “Gənclik” nəşriyyatının Baş redaktoru olmuş tanınmış Azərbaycan şairi və publisisti Hidayət Orucov öz xatirələrində yazırdı: “Nəşriyyat işinin elə incəlikləri, zərgər dəqiqliyi tələb edən elə xırdalıqları var ki, onlara heç bir dərslikdə, heç bir qanunda rast gələ bilməzsiniz. Respublikada mətbəə işi barədə hər şeyi bilən yalnız 1 şəxs var idi, o da Əjdər müəllim idi”.

Əjdər Xanbabayevin peşə uğurlarının sirri nəşriyyat işini nəzəri və praktiki baxımdan tam mənimsəmiş yaxşı naşir və böyük erudisiya, habelə, xüsusilə də, klassik ədəbiyyatla bağlı dərin bilik sahibi kimi xüsusiyyətləri özündə birləşdirməsində idi. Onun yaxın dostları arasında tanınmış yazıçılar, filoloq-alimlər, ərəbşünaslar, tarixçilər var idi. Onların sırasında professor Rüstəm Əliyevi, akademik Ziya Bünyadovu, şair Bəxtiyar Vahabzadə və Sabir Rüstəmxanlının adlarını çəkmək kifayət edər. Lakin Əjdər müəllim saatlarla orta əsrlərin hər hansı şərq şairinin əsərlərindən  hissələr oxumaqla, onların hər birinə üstün gələ bilərdi.

O elm sahəsində də ən yüksək zirvələri fəth edə, respublika səviyyəli rəhbər vəzifə tuta, namizədlik və ya doktorluq dissertasiyası müdafiə edə bilərdi. Lakin Əjdər Xanbabayev seçmiş olduğu yola sadiq qaldı. Yerli kitab nəşrinin tam bir mərhələsi məhz onun adı ilə bağlıdır.

1986-cı ildə Əjdər müəllim Azərbaycan Nəşriyyat-Poliqrafiya və Kitab Ticarəti Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edildi. O öz həmkarı və məsləkdaşı Nazim İbrahimovla birlikdə olduqca ambisiyalı planların icrasına başladı. Artıq bir il sonra 10 cildlik “Azərbaycan Ensiklopediyası” tamamlandı, 50 cildlik “Dünya uşaq ədəbiyyatı” buraxıldı. Bundan başqa, Azərbaycan dilində “Dünya ədəbiyyatı kitabxanası”nın ilk 30 cildi, Azərbaycan və rus dillərində 20 cildlik “Azərbaycan klassik ədəbiyyatı kitabxanası” nəşr olundu, Nizami Gəncəvi və digər dahi şairlərin əsərlərinin xarici dillərdə nəşr olunması həyata keçirildi. Əjdər Xanbabayevin böyük zəhmətkeşliyi, istedadı və bəzən də, cəsarəti hesabına işıq üzü görmüş bütün nəşrləri saymaqla qurtarmaq olmaz. 

Məsələn, Əjdər Xanbabayevin rəhbərliyi altında ən qısa zamanda dərc olunmuş məşhur “Qara yanvar” kitabı ilə bağlı hadisəni götürək. Əjdər müəllim bu ifşaedici kitabı fövqəladə vəziyyət tətbiq olunduğu bir şəraitdə və rus hərbçilərinin hər şeyə nəzarət etdikləri bir zamanda buraxmağı bacardı. Onun iş kabinetində, həmçinin, mətbəəsində dəfələrlə axtarışlar aparıldı. Hərbçilər məhv etmək üçün kitabın əlyazmasını axtarmış, lakin hər dəfə əliboş qayıtmalı olmuşdular. Əjdər müəllim isə, bu əlyazmanı daim özü ilə daşıyır və bir gün belə ondan ayrılmırdı. Əjdər müəllim qətlə yetirildikdən sonra mümkün versiyalar sırasında Qorbaçov “demokratiyasının” əsl üzünü göstərən “Qara yanvar” kitabının nəşrinə görə ondan intiqam alındığı versiyası da var idi.

Onun yaradıcı gənclər və müasir Azərbaycan yazıçıları ilə isti münasibətləri var idi. O həyatda olan bütün ədəbiyyatçıların doğum tarixlərini əzbər bilir və bu və ya digər kitabın nəşrini həmin tarixlərə salmağa çalışırdı. O tanışlarına və tanımadığı şəxslərə hədiyyələr etməyi sevirdi.

Onun yaxınlarından kimsə demişdi ki, əgər Əjdər müəllim naşirlik peşəsini seçməsəydi, mütləq ya bağban, ya da bənna olardı. Bu şəxs torpaqda işləməyi sevirdi. Boş vaxtını o öz əlləri ilə tikdiyi Mərdəkandakı bağ evində keçirərdi. Əjdər Xanbabayevi yaxından tanıyan, demək olar ki, hər kəs onun bağda öz dostları üçün necə bir sevgi ilə süfrə açdığını daim xatırlayır.

Əjdər Xanbabayevin dostları xüsusi bir mövzudur. Onların arasında bütün Azərbaycanda məşhur olan şəxslər var idi. Lakin, qohumlardan savayı, ən yaxın şəxslər Əjdər müəllimin uşaqlıq, yaxud gənclik illərində dostlaşdığı şəxslər idi. Məsələn, tanınmış fizik, elmlər doktoru Qüdrət Axundov, bərbər Lətif, yük maşını sürücüsü Ələkbər, Adil Ağalarov. Bu dostların bir qismi elm, yaxud peşə fəaliyyətində müəyyən zirvələrə çatmış, digərləri ömürlərinin sonunadək sadə, sıravi zəhmətkeşlər kimi qalmışdı. Lakin Əjdər Xanbabayev üçün onların hamısı eyni dərəcədə əziz idi.

Hətta Əjdər müəllimin ölümü belə ürək dostu Rizvan Əliyevin evindən çıxarkən baş verdi. Rizvanla onlar universitetdə birlikdə oxumuş, birlikdə hərbi xidmətdə olmuş, daha sonra isə, ailəvi dostluq etmişdilər. Ailələrdə baş verən bütün xoş, yaxud kədərli hadisələrdə onlar birlikdə olurdular. Rizvanın qəfil ürək tutmasından vəfatından sonra isə, Əjdər müəllim onun övladlarına həqiqətən ata qayğısı göstərirdi.

Əjdər müəllimin bacısı Səfiyə xanım Xanbabayevlərin ailə xronikasından heyranedici bir hadisəni xatırlayır. 50-ci illərin ortalarında Əjdərin anası xəstələnir, bahalı dərmanları isə, yalnız Moskvadan almaq mümkün imiş. Artıq o vaxt Elmlər Akademiyasının nəşriyyatında işləyən Əjdər müəllim kənardan işlər götürməyə başlayır. Gecələr dayanmadan, həmin vaxt üçün böyük qonorar müqabilində, kimlərinsə əlyazmalarını redaktə edir, diplom işləri yazırdı. Həmin pulla o Moskvaya uçur, anası üçün həmin aztapılan dərmanları əldə edir, səhər isə, geri qayıdırdı. Bu düz 10 il belə davam etdi!

Əjdər Xanbabayev çox erkən həyat yoldaşını itirmiş, bütün sevgisini öz 2 qızına – Afət və Nərgizə vermişdi. Afət xanım xatırlayır ki, atası onları sevgiylə əhatə etmişdi. O qızlarının ən kiçik arzuları qabaqcadan həyata keçirir, istənilən sıltaqlıqlarını yerinə yetirirdi. Həm evində, həm də bağında daim kimlərsə olurdu. Qonaqlıqlar, dostyana söhbətlər, qızları ilə Moskvaya səfərlər... O qızları ətrafında elə isti atmosfer yaratmışdı ki, analarının vəfatından sonra onlar özlərini atılmış hiss etməmişdilər.

Qızları ailə həyatı qurduqdan sonra Əjdər müəllim tam olaraq başını işə qatmışdı. İş onu hər şeydən – kədərli fikirlərdən, qüssədən, tənhalıqdan xilas edirdi. İkinci dəfə ailə həyatı qurmaqdan qəti surətdə imtina edirdi, çünki onun həyatında 3 sevimli qadın var idi: Afət, Nərgiz və “nənəşka”. Həyat yoldaşının şərəfinə Tamilla adı qoyulmuş nəvəsi dünyaya gəldikdə isə, Əjdər evdə böyük bayram təşkil etmişdi.

Vəfatından sonra Əjdər Xanbabayevin şəxsi arxivində çoxlu şerlər aşkarlanmışdı. Onların müəllifi Əjdər müəllimin özü idi. Onun şerlər yazdığını heç kim bilmirdi, nə yaxınları, nə də dostları. O isə, bu qədər imkanlara malik olmasına baxmayaraq, öz şerlərindən ibarət məcmuə buraxmağı ağlına belə gətirmirdi...

İsa Nəcəfov və Elmira Axundova “Naşirin ölümü” kitabı üzərində çalışarkən Əjdər Xanbabayevi yaxından tanıyan insanlardan soruşurdular: “Onun xarakterinin səciyyəvi xüsusiyyəti nə idi?” Bir qayda olaraq, hamı cavab verirdi: “Mülayimlik və xeyirxahlıq”. Taleyin sərt zərbələri nəinki bu şəxsi sərtləşdirməmişdi, onu insanlara və zəifliklərə qarşı daha dözümlü etmişdi. 

Qədim mütəfəkkirlərdən biri demişdi: “Vicdanınızın qınadığı şeyi etməyin və həqiqətə uyğun olmayan şeyi söyləməyin. Bu ən vacib olan şeyə riayət edin və həyatınızın bütün vəzifəsini tamamlayacaqsınız”. Əjdər Xanbabayev çox da uzun ömür sürmədi, amma həyatının əsas vəzifəsini sonadək yerinə yetirdi.

Xain və qəddar qətl və onun həqiqi səbəbləri

Elmira Axundova danışır:

- Həmin vaxt ağlımıza belə gəlməzdik ki, “Azərnəşr” direktorunun qətlinin istintaq işi uzun illər uzanacaq, əldən-ələ keçəcək və ümidsiz bir iş kimi dəfələrlə arxivə veriləcəkdir. Düşünməzdik ki, yalnız 6 il sonra qatillər məhkum kürsüsündə əyləşəcək, icraçılardan başlayan iz yuxarılara doğru qalxacaq, nəticədə, təkcə Azərbaycanın deyil, bütün keçmiş SSRİ-nin taleyini həll edən şəxslər istintaqın əhatə dairəsinə düşəcəklər. 44808 saylı cinayət işi isə, o qədər maraqlı detal və təfərrüatlarla zənginləşəcək ki,  onun əsasında sənədli detektiv yazmaq və yenidənqurma illərində Azərbaycanda hakimiyyət uğrunda mübarizənin tarixini öyrənmək mümkün olacaqdır.

Ə.Xanbabayevin qətlinin icraçıları üzərində məhkəmə prosesi tamamlandıqdan sonra E.Axundova 6 cildlik  cinayət işi ilə tanış olmaq, öz motivləri və nəticələri ilə fərqlənən bu cinayətin açılmasında bilavasitə iştirak etmiş şəxslərlə söhbətləşmək imkanı əldə etmişdi.

“Mən “Liteaturnaya qazeta”da dərc olunmuş “Naşirin ölümü” adlı böyük məqalə yazdım. Respublika mətbuatında o “Bir cinayətin tarixi” adı altında ilə çıxdı («Panorama» qəzetinin 1996-cı il 29 iyun tarixli 108-ci nömrəsi). Oçerk böyük səs-küyə səbəb oldu, çoxsaylı xarici kütləvi informasiya vasitələrində dərc olundu.

Romanın hissələri mənim təşəbbüsümlə “Literaturnaya qazeta”da dərc olunduqdan sonra mərhum Heydər Əliyev mənə dedi: “Şadam ki, sənin əsərin mənə hücumlar edən qəzetdə dərc olunub”. Hamıya məlum idi ki, Ə.Xanbabayevi H.Əliyevin Bakıya gəlməsinin qarşısını almaq üçün qətlə yetirmişdilər”.

Sonra İsa Nəcəfovla birlikdə cinayət işinin materialları əsasında “Naşirin ölümü” adlı kitab yazdıq”, - E.Axundova söyləyir.

“Əsər 2 xətt üzrə inkişaf edir: cinayət və siyasi. Burada Heydər Əliyevin həyatının Moskva dövrü, onun Siyasi Büro üzvləri ilə münasibətləri, istefa səbəbi, qəfil xəstəlik və s. təsvir edilmişdir. Yeri gəlmişkən, Əliyevin şahid qismində ömründə ilk və yeganə dindirilməsi məhz Xanbabayevin işi üzrə istintaq zamanı olmuşdur. Onun dindirilməsi bir neçə saat davam etmiş və 15 səhifə təşkil etmişdir.

Əjdər Xanbabayevi, Əliyevi qorxutmaq və onun Bakıya gəlişinin qarşısını almaq üçün qətlə yetiriblər. Məhz Xanbabayev 1990-cı ilin iyunun Heydər Əliyevin paytaxta gəlişini hazırlayır və onun, hakimiyyət məsələsinin həll olunduğu Respublika Kommunist Partiyasının XXXII qurultayında iştirakında təkid edirdi. Əgər Əliyev o qurultayda iştirak edərdisə (o isə, Naxçıvandan deputat seçilmişdi), ola bilər ki, “köhnə qvardiya” Mütəllibovu deyil, məhz Əliyevi MK katibi seçəcəkdi. O zaman Azərbaycanın ən müasir tarixi fərqli cür inkişaf edərdi”, - E.Axundova deyir.

Elmira Axundovanın “Bir cinayətin tarixçəsi” oçerkindən hissə:

Ə.Xanbabayevin qətlindən sonrakı gün – 1990-cı il mayın 31-də Bakı şəhər prokurorluğunda 44808 saylı cinayət işi açıldı. Lakin, cinayət işinin materiallarına inansaq, prokurorluq çoxsaylı versiya arasından nədənsə “məişət” mövzusu, yəni qisas, yaxud qısqanclıq zəminində qətl üzərində dayandı. 1991-ci il yanvarın 30-da Bakı şəhər prokurorluğunun Böyük müstəntiqi Q.Əlixanov öz gücsüzlüyünü etiraf etdi: “Cinayəti törətmiş şəxsin müəyyən edilməməsi səbəbindən 44808 saylı cinayət işi üzrə ilkin istintaq dayandırılsın”.

“Xanbabayevi, məni qorxutmaq və Azərbaycana gəlişimə mane olmaq üçün qətlə yetirdilər” (Naxçıvan MR-in Ali Məclisinin sədri Heydər Əliyevin 1992-ci il 2 noyabr tarixli dindirilmə protokolundan) 

44808 saylı cinayət işi arxivdə öz vaxtını gözləyərkən, Azərbaycanda növbəti hakimiyyət dəyişikliyi baş verdi: Moskvaya qaçmış Mütəllibovun əvəzinə siyasi Olimpə Elçibəy və onun gənc komandası yüksəldi. Bu komandanın üzvlərindən biri olan Bakı şəhərinin prokuroru Çingiz Qəniyev Əjdər Xanbabayevin qətli ilə bağlı intintaq işini bərpa etmək barədə qərar qəbul etdi.

Təxminən elə bu vaxt “Müxalifət” qəzetində tanınmış hüquqşünas Adil İsmayılovun keçmiş DTK sədri Vaqif Hüseynova açıq məktubu dərc olundu. Məktubda ünvanlanmış suallar sırasında ölümündən bir qədər əvvəl Ə.Xanbabayevin niyə izlənməyə başlanıldığı ilə bağlı sual da var idi.

Vaqif Hüseynovun əvəzinə bu suala Bakı şəhər prokurorluğunun xüsusilə mühüm işlər üzrə müstəntiqi Raqib Həsənov cavab vermək qərarına gəlmiş və 1992-ci il oktyabrın 1-də 44808 saylı cinayət işini icraata götürmüşdür. Onun sözlərinə görə, o başa düşmüşdü ki, “nəşriyyatın direktorunun qətli hansısa şəkildə H.Əliyevlə, daha doğrusu, onun Azərbaycana qayıdışı ilə bağlıdır”.

Bu versiyanı yoxlamaq üçün R.Həsənov həmin vaxt artıq Naxçıvan parlamentinin sədri seçilmiş H.Əliyevlə görüşməyə çalışmışdır. Onun sözlərinə görə, söhbətin “Azərnəşr” direktorunun qətlindən getdiyini öyrəndikdə, Heydər Əliyev R.Həsənovu Naxçıvanda qəbul etməyə və ifadə verməyə dərhal razılaşmışdır. Həmin gün Naxçıvan parlamenti sədrinin dedikləri R.Həsənova son dərəcədə maraqlı gəlmişdir.

Keçmişdə, H.Əliyevin daha firavan dövrlərində onunla Ə.Xanbabayev arasında sıx ünsiyyət olmamışdı: MK-nın birinci katibi ilə respublika nəşriyyatının direktoru arasında məsafə çox böyükmüş. 1989-cu ildə Xanbabayev özü kumirini Moskvada tapır və onlar arasında mütəmadi əlaqə qurulur.

Məhz Xanbabayev Əliyevin doğma respublikasına qayıdışı ideyasının təşəbbüskarlarından biri olmuşdur. Məhz o, özünə xas enerji və işgüzarlıqla, bu ideyanı həyata keçirməyə başlamışdır. Nəhayət istintaq işi irəliləməyə başlayandan sonra məlum olmuşdur ki, çoxları Əjdər müəllimi bu təhlükəli fikirdən daşındırmağa çalışmışdır: dostları onu xəbərdar, düşmənləri təhdid edirdilər. Lakin bu gülərüz, mülayim insanın iradəsini qırmaq mümkün olmadı. Müqavimət gücləndikcə, yalnız H.Əliyev kimi anadangəlmə siyasətçinin respublika üzərini almış qara buludları dağıda biləcəyinə inamı da güclənirdi.

Halbuki Xanbabayevin özünün də başının üzərini qara buludlar alırdı.

“Son günlərində o nədənsə çəkinirdi, hətta maşını qaraja salmağa belə tək getmir, məni özüylə aparırdı” (mərhumun qardaşı İsmayılın ifadələrindən).

“Qətlə yetirildiyi gün Əjdər Xanbabayevin yanına Bəxtiyar Vahabzadə gəlibmiş. O Xanbabayevə, H.Əliyevə zəng etmək və onu Bakıya gəlmək fikrindən daşındırmağa çalışmaqla bağlı Ayaz Mütəllibovun xahişini çatdırır. Lakin Ə.Xanbabayev cavab verir ki, artıq H.Əliyevlə danışıb və iyunun 1-də o Azərbaycana gələcək” (ittihamnamədən).

“Əjdər hiss edirdi ki, DTK onu izləyir. O beynəlxalq avtomatdan H.Əliyevə zəng edirdi. Bunu dəqiq bilirəm, çünki bir neçə dəfə onunla getmişəm. O Əliyevlə açıq şəkildə danışmağa ehtiyat edirdi (Poliqrafiya və Kitab Ticarəti Komitəsinin sədri Nazim İbrahimovun ifadələrindən)

Bununla belə, bir dəfə Xanbabayev yazılmamış qadağanı pozur və Əliyevə birbaşa öz xidməti kabinetindən zəng edir. Bu mayın 30-da – qətl günü baş verir. Bu danışıq onun üçün həlledici olur.

Akademik Cəlal Əliyevin (Heydər Əliyevin qardaşı) sözlərindən:

“Mayın 30-u nəvəmlə Dənizkənarı parkda gəzirdik. Tanımadığım bir şəxs mənə yaxınlaşıb dedi: “Heydər Əliyev gəlsə, onu burada öldürəcəklər, elə təyyarənin trapında vuracaqlar. Ona görə də, tez zəng elə ki, o gəlməsin”. – “Siz kimsiniz?”, - deyə soruşdum. O isə, bir söz deməyib çevrilib getdi. Mən nəvəmi evə apardım və Əjdər Xanbabayevin yayına “Azərnəşr”ə getdim.

O vaxtadək biz qiyabi tanış idik. Gəlişimin səbəbini öyrəndikdə, o bütün işlərini atıb Moskvaya zəng sifariş etdi. Bizi uzun müddət, səhv etmirəmsə, 4 saat qoşmadılar. İndi başa düşürəm ki, bu nahaq yerə deyilmiş. Yalnız Əjdərin “yuxarıdakılara” çoxsaylı zənglərindən və Rabitə Nazirliyinin məsul işçilərinə müraciətindən sonra öz istəyimizə nail ola bildik. Mən Xanbabayevin enerjisi və cəsarətinə valeh olmuşdum. Düzünü desəm, mən tərəddüd edirdim, o isə, bir an belə tərəddüd etmədi. Qardaşıma da dedi ki, bu səs-küyə və təhdidlərə fikir vermək lazım deyil, ziyalılarin fikri qətidir və onlar Əliyevi hava limanında qarşılayacaqlar. Yadımdadır, qardaşım xahiş etdi ki, artıq səs-küy olmasın, qoy məni Cəlaldan başqa heç kim qarşılamasın. Xanbabayev etiraz etdi: “Mən özüm hökmən sizi qarşılayacağam. Bir müddət mənim evimdə qalarsınız. Bu daha təhlükəsizdir”.

Həmin günün axşamı yenidən Əjdərlə danışmalı oldum. Bəxtiyar Vahabzadədən onun ev telefonunu aldım. Dəstəyi hansısa qadın götürüb ağlayaraq dedi: “Əjdəri ağır yaralayıblar, qardaş. O xəstəxanadadır...”. Mən yenidən B.Vahabzadəyə zəng etdim. O mənə inanmadı. “Ola bilməz, - dedi. – İki saat əvvəl onunla görüşmüşəm. Ola bilər, səhv düşmüsən”. Lakin dəhşətli xəbər tezliklə öz təsdiqini tapdı. Mən dərhal qohumum – tanınmış cərrah Cəmil Əliyevlə əlaqə saxladım. Mümkün olan və olmayan hər şeyi etməyi xahiş etdim. Təəssüf ki, həkimlər gücsüz oldular. Bir neçə saat sonra, özünə gəlmədən, Əjdər vəfat etdi. Mən isə, indiyədək heyfslənirəm ki, bu görkəmli insanı çox gec tanımış oldum. Hayıf, çox hayıf!”.

Beləliklə, H.Əliyevlə söhbətdən sonra Bakı şəhər Prokurorluğunun Böyük müstəntiqi R.Həsənov öz ilkin versiyasına qəti əmin oldu. Bu cür parlaq başlanğıc belə səs-küylü işin parlaq açılmasını vəd edirdi. Həqiqətən də, Naxçıana səfərindən 1 ay sonra Raqib Həsənov caninin izinə düşür. Prokurorluğa daxil olmuş məlumata görə, qətlin icraçısı Tarix Quliyev adlı şəxs imiş.

Lakin birbaşa onunla məşğul olmaq əvəzinə, R.Həsənov nədənsə, ona marağını itirmiş və başı MTN əməkdaşlarının prokurorluğa çağırılmasına qarışmışdır. O, 1990-cı ilin mayında Ə.Xanbabayev həqiqətən izlənildiyini müəyyən etmişdir. Lakin müstəntiq həmin vaxt artıq həbs olunmuş və 90-cı il yanvar faciəsi ilə əlaqədar istintaq altında saxlanılan keçmiş DTK şefi V.Hüseynovu dindirməyə cəhd belə etməmişdir. 11 ay sonra R.Həsənov işi ilkin formulirovkada - “Cinayəti törətmiş şəxsin müəyyən edilməməsi” səbəbilə dayandırır.

“Azərnəşr” direktorunun qətli ilə bağlı istintaqın bərpası haqqında qərarı 1995-ci il mayın 18-də Azərbaycan Baş prokrorunun Birinci müavini İsa Nəcəfov qəbul edir. O, Respublika prokurorluğunun Kriminalistika şöbəsinin rəisi R.Əliyev və Xüsusilə mühüm işlər üzrə Böyük müstəntiqi A.Əhmədovun iştirakı ilə istintaq qrupu yaradır. Bu qrupun fəaliyyətini həqiqətən möhtəşəm adlandırmaq olar. 

Məhkəmədə ifadə verən 15 komitə işçisindən heç biri Xanbayevin qətlinin siyasi xarakterli olmasından şübhə etmədiklərini bildirirlər. Onlardan biri olan Sadıq Əliyev demişdir: “Xanbabayevin qətli ilə bağlı bütün məlumatları təhlil etdikdən sonra əminliklə iddia edirəm ki, bu AR DTK-nın qüvvə və vasitələrindən istifadə etməklə, DTK rəhbərliyinin razılığı ilə xüsusi xidmət idarələri tərəfindən təşkil olunmuş və məqsədyönlü şəkildə həyata keçirilmişdir”.

Bunu təsdiq edən çoxsaylı faktlar mövcuddur. Onlardan bir neçəsi aşağıdakılardır:

XXXII qurultaydan əvvəl V.Hüseynov respublikadakı siyasi vəziyyətlə bağlı A.Mütəllibova xidməti məruzə edir. H.Əliyevin qurultayda iştirakına imkan verilməməsinin zəruriliyi ayrıca abzasla vurğulanır. Bu məktubda “Azərnəşr”in direktoru “Heydər Əliyevin Azərbaycana praktiki gəlişi məsələsilə bilavasitə məşğul olan qızğın Əliyev tərəfdarı” kimi xatırlanır. Məlumatın tamamlayıcı hissəsində belə bir təklif yer alır: Əliyevin respublikaya gəlişinə əngəl törətmək lazımdır. 

Mayın 30-da V.Hüseynova H.Əliyevin gəlişi haqqında məlumatlar təqdim olunur. Həmin gün Xanbabayevin izlənməsi gücləndirilir. Lakin, istintaq materiallarından aydın olur ki, daxili normativ təlimatlarının tələblərinə zidd olaraq, DTK sədri heç bir xidməti araşdırma aparmır. Bundan başqa, Ə.Xanbabayevin qətlindən sonra bu cinayətin açılması ilə bağlı yardım göstərilməsinə dair DİN-dən Komitəyə məktub daxil olsa da, V.Hüseynov heç bir tədbir görmür.

1996-cı il yanvarın 17-də Respublika prokurorluğunun Böyük müstəntiqi A.Əhmədov Azərbaycan DTK-nın keçmiş sədri Vaqif Hüseynov barəsində axtarış elan edilməsi barədə qərar qəbul edir və onun həbsinə sanksiya verir. V.Hüseynovun Rusiya ərazisində gizləndiyi nəzərə alınaraq, bu məqsədlə, RF prokurorluğuna müvafiq sorğular göndərilir.

Bundan əlavə, 1995-ci il noyabrın 5-də Azərbaycan Respublikası Milli Məclisi parlament üzvü S.Babayevin deputat toxunulmazlığını ləğv edir. İstintaqın versiyasına görə, A.Xanbabayevin qətlə yetirilməsini T.Quliyevə məhz o sifariş veribmiş.

Nəticədə, Babayev ağır xəstələnir. Elə həmin il noyabrın 3-də o həbs edilir. O, öz günahını etiraf etmədən, həbsxana müalicəxanasında vəfat edir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kollegiyası Tofiq Qasımovu cəzasını ciddi rejimli islah-əmək koloniyasındada çəkməklə, 9 il müddətinə azadlıqdan məhrum edir. Məhkəmənin hökmü ilə Tarix Quliyev ən ağır cəzaya – güllələnməyə məhkum edilir.

Son söz əvəzi. Çingiz Abdullayev xatırlayır:

Öz əqidəsi, öz prinsipləri naminə ölümə hazır olan şəxslərə həmişə xüsusi hörmət edirsən. Bu cür şəxslərin sayı çox ola da bilməz. Lakin onlar digərlərinə necə yaşamağın mümkün və lazım olduğunu göstərən “mayaklar” kimidir.

Ənvər Xanbabayev mənim yaddaşımda belə bir insan kimi qalıb. Onun xain qətlindən düz 30 il keçir, təəcüblə düşündüm ki, hazırda mən yaşca ondan böyüyəm. O vaxtlar isə, o, bizim nəşriyyat sənayesinin, nəşriyyat işinin tanınmış ağsaqqalı idi. O, Nazim İbrahimov və Azər Mustafazadə ilə birlikdə mənim ilk kitabıma “yaşıl işıq yandıran” ilk şəxslərdən olub.

3 il Dövlət Təhlükəsizlik Komitəsi mənim ilk romanımın nəşrinə razılıq vermirdi. Yalnız birgə səylər nəticəsində bunu etmək mümkün oldu. Lakin, Əjdər müəllimlə yaxından tanışlığımız, 89-cu ilin sentyabrında Moskvada keçirilən Beynəlxalq Kitab Yarmarkasına göndərilərkən baş tutdu.

Mən artıq Yazıçılar İttifaqının katibi idim və Xanbabayevin necə işlədiyini görürdüm. Sanki vaxtının çox olmadığını hiss edərək, o demək olar ki, istirahət etmirdi. O xarici nəşriyyat pavilyonlarına gedir, onlara azərbaycanlı müəlliflərin kitablarını təklif edir, danışıqlar aparırdı. O ədəbiyyatımızın əsl fədakarı və vətənpərvəri idi. Bir neçə ay sonra isə, “Qara yanvar” hadisəsi baş verdi (hadisə məhz kitabımıza görə bu adı aldı), şəhərə ordu yeridildi, yüzlərlə insan qətlə yetirildi və yaralandı.

Bakıdakı hadisələrlə bağlı bütün məlumatlar mərkəz tərəfindən verilirdi. Ədalət naminə deməliyəm ki, hətta indi belə dünyada bir çoxları həmin vaxt nələrin baş verdiyini tam başa düşmürlər. Lakin bu xəbəri hansısa yolla dünya ictimaiyyətinə çatdırmaq lazım idi. Həmin vaxt 2 nəfər – Rəşid Mahmudov və Əjdər Xanbabayev bütün sistemə meydan oxumaq qərarına gəldilər. Məhz belə anlarda kimin əsl vətənpərvər, kiminsə demaqoq və boşboğaz olduğunu başa düşürsən. Nazir öz kabinetini təqdim etdi, İbrahim Şükürovla biz isə, kitabı hazırlamağa başladıq. Əjdər müəllim nəylə risk etdiyini çox gözəl başa düşərək, kitabı gizli şəkildə mətbəədə çap edir və nüsxələri öz maşınında kənara çıxarırdı.

Şəhərdə komendant saatı elan edilmişdi, bütün mətbəələr xüsusi nəzarət altında idi. Lakin, məlum olduğu kimi “əlyazmalar yanmır”. Kitab 2 gün yarım ərzində hazır vəziyyətə gətirilmişdi. Onu Moskvaya apararaq, SSRİ Ali Sovetinin bütün rəhbər şəxslərinə  təqdim etmişdilər. Kitabda onun xalq deputatları tərəfindən hazırlandığı qeyd edilirdi. Bu şüurlu şəkildə deyilmiş yalan idi. Onlardan heç biri bu kitabın mövcudluğundan xəbərdar belə deyildi. Lakin orada nəşriyyat direktorunun Əjdər Xanbabayev olduğu qeyd edilmişdi. Bu isə, həqiqət idi.

Məhz həmin vaxt ümummilli lider Heydər Əliyev Azərbaycan nümayəndəliyinə gələrək öz qəti etirazını bildirmişdi. O nəylə risk etdiyi çox gözəl anlayaraq, ora öz oğlu ilə gəlmişdi.

Bu, həmin vaxtkı İttifaq rəhbərliyinə meydan oxumaq idi. Bunu Moskvada da yaxşı başa düşürdülər. Belə bir insandan ehtiyat etmək lazım idi, çünki Azərbaycanda onun milyonlarla tərəfdarı yaşayırdı. Onların sırasında Əjdər Xanbabayev də var idi. Xüsusilə qeyd etmək lazımdır ki, o heç vaxt xüsusi vəzifələr tutmamış və gəlir mənbəyinə malik olmamışdır. Bağışlayın bu sözümə görə. Elə insanlar var ki, öz həyatlarını varlanmağa və öz xalqını qarət etməyə həsr edirlər. Elə insanlar da var ki, öz xalqı üçün nəsə etməyə çalışır və həyatlarının əsas məqsədinin məhz bundan ibarət olduğuna inanırlar.

Məhz belə insanlar xalqın yaddaşında özlərinə yer edirlər. Əjdər müəllim Heydər Əliyevə münasibətini gizlətmirdi. O əmin idi ki, məhz belə bir insan bizi gələcək faciələrdən xilas edə bilər. Xanbabayev nə fikirlərini, nə də prinsiplərini gizlətmirdi. O açıq şəkildə Moskvaya zəng edir və öz fikrini bildirirdi. 1990-cı il mayın 30-da o qətlə yetirildi. Onun ölümü hamını sarsıtdı. Lakin ümumi qorxu, inamsızlıq, ixtilaf, dağılma atmosferinin hökm sürdüyü bir zamanda çoxları susmağa üstünlük verdilər. Lakin elə o vaxt da hamı başa düşürdü ki, Əjdər Xanbabayev niyə qətlə yetirilib.

30 il keçdi. Biz bu şəxsi xatırlayır, adını yaxşılığa çəkir, onun xalq qarşısında xidmətləri barədə danışırıq. Lakin 1 sual mənə həmişə əziyyət verir. Axı Əjdər Xanbabayevi, Asim Cəlilovu, Ziya Bünyadovu xarici düşmənlər qətlə yetirməyiblər. Hamımız bunu çox gözəl anlayırıq. Məhz daxili çəkişmələr və qarşıdurmalar nəticəsində biz Qarabağı itirdik. 1993-cü ildə Gəncədə azərbaycanlılar artıq bir-birilərinə atəş açırdılar. Ölkənin cənubunda isə, yeni respublika peyda olmuşdu. Ölkənin şimalında da separatçılar baş qaldırmışdı. Yalnız Heydər Əliyevin dühası sayəsində faciədən qaçmaq mümkün oldu.

İllər keçdi. Həmin illərdə həlak olanlarım hər birinə Allah rəhmət eləsin! Onların hamısı şəhiddir. Onlar xalqımızın daha yaxşı gələcəyi üçün mübarizə aparırdılar. Bu gün biz ədalətli olaraq, öz yüksək prinsipləri naminə həyatını qurban vermiş şəxsi xatırlayırıq.

Allah rəhmət eləsin!

Hazırladı Natali Aleksandrova  

Mənbələr: İsa Nəcəfov və Elmira Axundovanın «Naşirin ölümü» kitabı (Elmira Axundovanın “Bir cinayətin tarixçəsi” məqaləsi), Heydər Əliyev. Beşinci film. “Tale filmi”, 2000 – (YouTube), Андрей Кончаловский: Бремя власти - Гейдар Алиев 7/12.

 

Paylaş:
2372

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdıBu gün, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTOBu gün, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23
Bütün xəbərlər