Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti | 1news.az | Xəbərlər
Siyasət

Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti

20:58 - 22 / 02 / 2020
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti

1985-ci ilin martında M.S.Qorbaçovun Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçilməsindən sonra Sovet İttifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verdi.

XX əsrin 80-ci illərinin ikinci yarısında yaranmış vəziyyətdən istifadə edərək ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. 1986-cı ilin fevral ayında ermənilər Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) mərkəzində - Xankəndidə tarix və mədəniyyət abidələrini qoruyan “Krunk” adlı təşkilat yaratdılar. Ancaq sonradan məlum oldu ki, “Krunk” sözü rus dilində “Комитет Революционного Управления Нагорного Карабаха” sözlərinin baş hərflərindən yaranmışdı. Təşkilatın əsas məqsədi isə tarixi abidələri qorumaq deyil, DQMV-ni Ermənistana birləşdirməyə nail olmaq idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov bildirib.

Elçin Əhmədov deyib ki, artıq 1987-ci ilin iyun-iyul aylarında ermənilər Xankəndinin (tarixən Şuşanın bir kəndi olan Xankəndi 1923-cü il avqustun 18-dən 1991-ci il noyabrın 26-dək Stepanakert adlandırılmışdır – müəllif) küçələrində Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün təbliğat apararaq bu istiqamətdə vərəqələr yayırdılar. Ayrı-ayrı adamların Moskvaya yazdıqları məktublar artıq bu dövrdə müxtəlif kollektivlərdən imzalar toplanması kampaniyasına çevrildi və ərazi iddialarının yeni mərhələsinin təməli qoyuldu. Bu hərəkatın əsas aparıcı qüvvəsi olan “Krunk” təşkilatı da gizli, eyni zamanda, geniş fəaliyyət göstərirdi. İlin ikinci yarısında Yerevandan müntəzəm olaraq Xankəndinə gələn emissarlar ermənilər arasında fəal iş apararaq xüsusi imzalar toplamaqla Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşmək ideyasını təbliğ edirdilər.

1987-ci il oktyabrın 21-də Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin I müavini Heydər Əliyev vəzifəsindən azad edildikdən bir neçə gün sonra Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “İnterkontinental” hotelində müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü. Onun verdiyi müsahibə noyabrın 18-də “L'Humanite” qəzetində çap olundu. Bu müsahibə ermənilərin Dağlıq Qarabağa dair ərazi iddialarının başlanması üçün bir siqnal rolunu oynadı.

Bununla yanaşı, 1987-ci il ərzində S.Ayvazyanın tərtib etdiyi “böyük Ermənistan” xəritəsi kiçik formatda DQMV-də geniş yayılmağa başladı. Bu xəritənin sərhədləri 3 dənizin (Aralıq, Xəzər və Qara dəniz) sahillərini əhatə edirdi. Elə həmin il dekabrın 1-də Dağlıq Qarabağ ermənilərinin nümayəndələri muxtar vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında hazırlanmış müraciəti Sov. İKP MK-ya təqdim etdilər. Bununla yanaşı, noyabrın sonunda və dekabr ayında Ermənistan SSR-in Qafan və Mehri rayonlarında azərbaycanlılara qarşı hücumlar edilərək onların Azərbaycana deportasiyasına başlanıldı.

Bununla yanaşı, oktyabr ayında Yerevanda Puşkin adına parkda “Qarabağ” komitəsinin ilk mitinqi keçirildi ki, bu dövrdən başlayaraq ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında əsassız ərazi iddiaları üçün ilk addım oldu. Eləcə də onlar İrəvanda Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi tələbi ilə nümayişlər keçirərək tələblərini irəli sürdülər. Qeyd etmək lazımdır ki, hələ sovet dövründə erməni ideoloqları və onların himayədarları Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar.

Eyni zamanda, 1988-ci il yanvarın 25-də ermənilərin azərbaycanlı yaşayış məntəqələrinə basqınları nəticəsində Ermənistan SSR-in Qafan və Mehri rayonlarından qovulmuş və didərgin salınmış ilk yüzlərlə azərbaycanlı qaçqın Azərbaycana gəldi. Yanvar-fevral aylarında Ermənistan SSR-dən zorla qovulmuş 4 min nəfərdən çox azərbaycanlı Azərbaycana gələrək, əsasən, Sumqayıtda məskunlaşdılar.

Həmin il fevralın 8-də erməni millətçiləri Xankəndində DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-in tərkibinə verilməsi tələbi ilə yeni imza toplanması kampaniyasına başladılar və ayın 12-də DQMV-də gizli fəaliyyət göstərən millətçi “Krunk”un təşkilatçılığı ilə ermənilər DQMV-nin Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndidə ilk mitinq keçirdilər. 1988-ci il fevralın 18-də M.Qorbaçovun SSRİ-də milli münasibətlər məsələsinə yenidən baxılmasının vacibliyini bildirməsi vəziyyəti daha da gərginləşdirdi. Bu çıxışdan istifadə edən ermənilər fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyasında “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdilər. DQMV Xalq Deputatları Sovetinin tərkibində 140 deputatdan 110-u erməni, digərləri isə azərbaycanlı idi. Azərbaycanlılar bu iclasa buraxılmamışdılar.

32 il əvvəl - 1988-ci il fevralın 22-də DQMV Xalq Deputatları Sovetinin Azərbaycandan ayrılma barədə qərarına (1988-ci il 20 fevral) etiraz edən dinc azərbaycanlılara Xankəndi-Ağdam şose yolu üstündə yerləşən Əsgəran qəsəbəsi yaxınlığında erməni silahlıları atəş açdılar. Əsgəran yaxınlığında ermənilərin açdığı atəş nəticəsində Əli və Bəxtiyar adlı iki azərbaycanlı gənc həlak oldu. 1985-1991-ci illərdə SSRİ DTK sədrinin birinci müavini işləmiş Filip Bobkov özünün “DTK və hakimiyyət” adlı əsərində bu barədə yazır: "Fakt faktlığında qalır. İlk qurbanlar azərbaycanlılar oldu. Münaqişənin başlanmasında ilk qanı məhz ermənilər tökdülər". Qeyd etmək lazımdır ki, ermənilərin iddia etdiyi kimi yox məhz azərbaycanlılar münaqişənin ilk qurbanları idi.

Bu dövrdə Ermənistandan qovulan azərbaycanlıların bir qismi Sumqayıta üz tutmuş, burada məskunlaşmışdı. O zamanadək Ermənistanın 20 rayonundan təkcə Sumqayıta 18 min 330 nəfər qaçqın və ya 3030 ailə gəlmişdi. Sıralarında 4 rus ailəsinin olduğu qaçqınların çoxu küçələrdə evsiz-eşiksiz qalmışdı. Sumqayıtdakı iğtişaş da məhz Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş xüsusi bir plan olmuşdur. İstintaq materiallarına əsasən tutarlı faktlar və sübutlarla Sumqayıtda əvvəlcədən hazırlanmış plan artıq əsil təsdiqini tapmışdır.

1988-ci ilin sonunda ermənilər Ermənistanda genişmiqyaslı etnik təmizləmə – azərbaycanlılardan təmizləmək aksiyasını həyata keçirdilər. Belə ki, 1988-ci il noyabrın 22-dən dekabrın 7-dək olan müddət ərzində azərbaycanlılar yaşayan 22 rayonda 170 sırf və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri boşaldılmış, nəticədə 200 mindən artıq azərbaycanlı əhali Azərbaycana qovulmuşdur. Həmin vaxt 216 azərbaycanlı, o cümlədən 57 qadın, körpə və 18 uşaq qətlə yetirilmişdir.

Bununla yanaşı, ələ keçirdikləri silahlardan istifadə edərək 1988-ci il sentyabrın 18-də ermənilər tərəfindən Xankəndi şəhərində azərbaycanlıların mənzillərinə basqınlar edildi, 850-dən çox ailənin evi yandırıldı və dağıdıldı. Nəticədə şəhəri tərk etməyə məcbur edilmiş 15 mindən çox azərbaycanlı əhalinin xeyli hissəsi Şuşa, Xocalı və Ağdam şəhərlərində məskunlaşmağa məcbur oldu. Sentyabrın 21-də DQMV-də xüsusi vəziyyət elan edildi və qadağa saatı qoyuldu. Lakin xüsusi vəziyyətin tətbiq olunması da DQMV-da və Ermənistanda zorakılığın qarşısını ala bilmədi. Mərkəzi ittifaq orqanlarının hadisələrə birtərəfli yanaşması nəticəsində Dağlıq Qarabağ və Ermənistanda yaşayan azərbaycanlılar hərbi təcavüzə məruz qalmaqla yanaşı kütləvi şəkildə öz doğma yurdlarından çıxarıldılar. Ermənilər birbaşa sovet rəhbərliyinin fəaliyyətsizliyi, bəzən isə açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin məqsədyönlü şəkildə Azərbaycandan ayrılması, Ermənistana birləşdirilməsi üçün Dağlıq Qarabağın iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən mənimsənilməsi prosesi aparırdılar.

Nəticədə 1988-1991-ci illərdə Ermənistan Azərbaycan ərazilərinin işğalını daha da genişləndirdi. 1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Qaradağlı, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik azərbaycanlılar yaşayan kəndlər Ermənistanın silahlı qüvvələri tərəfindən yandırıldı, dağıdıldı və talan edildi. 1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürüldü, 15 nəfər isə yaralandı. Həmin ilin avqust və sentyabr aylarında Şuşa-Cəmilli, Ağdam-Xocavənd və Ağdam-Qaradağlı avtobuslarının erməni silahlı dəstələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı.

Bununla yanaşı, 1988-1991-ci illərdə etnik təmizləmə nəticəsində Ermənistandakı 185 azərbaycanlı kəndindən 250 min nəfərə qədər azərbaycanlı təcavüzə məruz qalaraq qovuldu. Onlara məxsus 51 min ev, 165 sovxoz və kolxoz əmlakı, çoxlu mal-qara talanmışdır. Ermənilər tərəfindən 217 azərbaycanlı qətlə yetirilmişdir. Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donmuş, 41 nəfər qəddarlıqla döyülərək, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərəyanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir. Bu illərdə 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncələr verildi. Qeyd olunan illər ərzində Dağlıq Qarabağda ermənilər tərəfindən törədilmiş 2559 toqquşma, 315 silahlı basqın, 1388 atəşətutma halları qeydə alınmışdır ki, bunların da nəticəsində 514 nəfər həlak olmuş, 1318 nəfər yaralanmışdır. 119 obyekt və 1134 azərbaycanlı evi ermənilər tərəfindən dağıdılmışdır.

1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. Fevralın 13-dən 17-dək Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücum zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülmüş, 33 nəfər ermənilər tərəfindən güllələnmiş, eyni zamanda, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışlar.

XX əsrin sonunda Ermənistanın Azərbaycana təcavüzü – Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi. Qeyd etmək lazımdır ki, Xocalı qətliamı Ermənistanın Azərbaycan xalqına qarşı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsidir və bu soyqırımı beynəlxalq cinayət kimi qəbul edilməli, insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir.

Nəticədə 1988-1993-ü illərdə Ermənistan silahlı qüvvələri, erməni terror dəstələri və digərlərinin köməyindən istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələrini işğal etdi. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfərdən çox azərbaycanlı həlak olmuş, 100 min nəfərdən çoxu yaralanmış, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. İşğal olunan bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizlənməyə məruz qalmışdır. Belə ki, bu proses Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox azərbaycanlı əhalinin öz torpağında qaçqın vəziyyətinə düşməsinə gətirib çıxardı. Hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir.

Paylaş:
570

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər