ru

İqtisadiyyat

4 Oktyabr saat 15:18

“Microsoft” qatlanan telefonunu təqdim edib

“Microsoft” qatlanan telefonunu təqdim edib

Amerikanın “Microsoft” korporasiyası oktyabrın 2-də Nyu-York şəhərində planşet kimi də istifadə oluna bilən qatlanan “Surface Duo” smartfonunu təqdim edib.

AZƏRTAC kompaniyanın rəsmi saytına istinadla xəbər verir ki, smartfon Android əməliyyat sistemi üçün nəzərdə tutulub. O, hər biri 5,6 düymlük iki ekrana malikdir. Qurğudan açıq şəkildə 8,3 düym ekranlı planşet, qatlanmış vəziyyətdə isə smartfon kimi istifadə etmək olar.

Hər iki ekran eyni zamanda müxtəlif proqramların işini əks etdirə bilir. Bundan başqa, ekranlardan birindən virtual klaviatura və ya coystik kimi də istifadə etmək mümkündür. “Surface Duo” smartfonunun hazırlanmasında “Microsoft” korporasiyasının tərəfdaşı qismində “Google” kompaniyası çıxış edib.

Korporasiya nümayəndələrinin məlumatına görə, qurğu 2020-ci ildə satışa çıxarılacaq.

Əsası 1975-ci ildə Bill Qeyts və Pol Allen tərəfindən qoyulan “Microsoft” personal kompüterlərdən tutmuş, mobil telefonlaradək müxtəlif qurğular üçün proqram təminatı istehsalı üzrə dünyanın ən iri korporasiyalarından biridir. Kompaniyanın mənzil-qərargahı ABŞ-ın Vaşinqton ştatının Redmond şəhərində yerləşir.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur