Nazir: Azərbaycan-Türkiyə enerji tərəfdaşlığında yeni strateji istiqamətlər formalaşır
“Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığının yeni mərhələsində elektrik enerjisi bağlantıları və enerji sistemlərinin inteqrasiyası əsas istiqamətlərdən birinə çevrilir”.
1news.az xəbər verir ki, bunu Azərbaycan-Türkiyə V Enerji Forumunda Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
Nazir bildirib ki, dünya yaşıl və rəqəmsal keçidin getdikcə daha sıx qovuşduğu yeni inkişaf mərhələsinə qədəm qoyur.
Onun sözlərinə görə, rəqəmsallaşma yaşıl transformasiyanı sürətləndirir, süni intellekt, data mərkəzləri və genişlənən elektrikləşmə isə enerji sistemləri qarşısında yeni tələblər yaradır.
“Elektrik enerjisi iqtisadi inkişafın, rəqəmsal transformasiyanın və enerji təhlükəsizliyinin əsas strateji resurslarından birinə çevrilir. Bu reallıq yeni generasiya gücləri ilə yanaşı, daha güclü şəbəkələr, enerji saxlanc sistemləri, ölkələri və regionları birləşdirən yeni elektrik bağlantıları tələb edir”, - deyə P.Şahbazov bildirib.
Nazir qeyd edib ki, Azərbaycan-Türkiyə Enerji Forumu bu strateji gündəliyin həyata keçirilməsində mühüm platforma rolunu oynayır.
“Forumun mütəmadi toplantıları və işçi qruplarının fəaliyyəti karbohidrogenlər, bərpaolunan enerji, enerji səmərəliliyi, elektrik enerjisinin tənzimlənməsi və mədənçilik sahələrində əməkdaşlığımızın dərinləşməsinə davamlı töhfə verir”, - deyə o bildirib.
P.Şahbazov vurğulayıb ki, yeni enerji reallıqları Azərbaycan-Türkiyə tərəfdaşlığı üçün də yeni strateji imkanlar yaradır.
“Bu proses Azərbaycan-Türkiyə enerji tərəfdaşlığı üçün də yeni strateji üfüqlər açır”, - deyə energetika naziri əlavə edib.












