Pərviz Şahbazov: Azərbaycan qazının Türkiyə üzərindən yeni bazarlara çıxışı genişlənir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Pərviz Şahbazov: Azərbaycan qazının Türkiyə üzərindən yeni bazarlara çıxışı genişlənir

Qafar Ağayev12:58 - Bu gün
Pərviz Şahbazov: Azərbaycan qazının Türkiyə üzərindən yeni bazarlara çıxışı genişlənir

“Azərbaycan və Türkiyənin enerji tərəfdaşlığı son illərdə mühüm nəticələrlə zənginləşib”.

1news.az xəbər verir ki, bunu Azərbaycan-Türkiyə V Enerji Forumunda Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Nazir bildirib ki, Azərbaycan-Türkiyə tandemi müasir regional geosiyasi reallıqlar və qlobal çağırışlar şəraitində daha da güclənərək enerji əməkdaşlığına yeni strateji məzmun qazandırıb.

Onun sözlərinə görə, bu mərhələ milli və regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji axınlarının şaxələndirilməsi, yeni elektrik bağlantılarının yaradılması, enerji sistemlərinin inteqrasiyası və ortaq Türk dünyası vizyonu ilə səciyyələnir.

P.Şahbazov qeyd edib ki, Azərbaycan və Türkiyənin birgə siyasi iradəsi nəticəsində İğdır-Naxçıvan qaz kəməri istifadəyə verilib, Türkiyə Petrolleri Şəfəq-Asiman layihəsinə qoşulub, həmçinin Abşeron yatağının tammiqyaslı işlənməsi mərhələsində hasil olunacaq qazın bir hissəsinin Türkiyəyə ixracına dair razılaşma əldə edilib.

Nazirin sözlərinə görə, Azərbaycan qazının Türkiyə üzərindən Cənub Qaz Dəhlizinin əhatə dairəsindən kənarda olan yeni Avropa bazarlarına və Suriyaya nəqli enerji tərəfdaşlığının genişlənən miqyasını və coğrafiyasını nümayiş etdirir.

“İndiyədək bu neft-qaz infrastrukturu vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyə üzərindən beynəlxalq bazarlara ümumilikdə 561 milyon ton neft və 196 milyard kubmetr qaz tədarük edilib. Bu müddətdə Türkiyəyə 130 milyard kubmetr Azərbaycan qazı nəql olunub ki, bunun 40 milyard kubmetri TANAP-ın payına düşür.

Təkcə bu ilin 8 ayında Türkiyəyə 6,2 milyard kubmetr, Türkiyə üzərindən Avropa ölkələrinə 7,5 milyard kubmetr, Suriyaya isə 1 milyard kubmetr Azərbaycan qazı təchiz edilib”, - deyə P.Şahbazov bildirib.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər