ru

Siyasət

19 Avqust saat 17:16

“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər

“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər

Yaxın Şərqin hazırda ən həssas problemi olan Suriya məsələsinin həllinin sonu görünmür. Son zamanlar ekspertlər əsas olaraq üzərində ABŞ və Türkiyənin işlədiyi təhlükəsizlik zonasının yaradılması şansından bəhs edirlər.

Tərəflər artıq bir sıra məsələlərdə ortaq mövqeyə gəliblər. Hətta yaxın günlərdə birgə fəaliyyət mərkəzinin işə başlaması da gözlənilir. Lakin bununla problemin həll ediləcəyini gözləmək doğru olmazdı. Ankara və Vaşinqton təhlükəsizlik zonası ilə bağlı prinsipial punktlarda razılığa gələ bilmirlər. Əsas maneə Suriyadakı terror qruplarını Amerikanın müdafiə etməsi ilə bağlıdır. Konkret olaraq kürdlərin radikal təşkilatları olan PYD/YPG-ni Vaşinqton müdafiə etməkdədir. Türkiyə isə terrorçuların Fərat çayının şərq sahilindən uzaqlaşdırılacaqlarını qətiyyətlə ifadə edir. Bu proseslərə bütövlükdə geosiyasi dinamika çərçivəsində yanaşdıqda, maraqlı mənzərə alınır. Həmin aspektdə "Suriya düyünü"nün çözülməsinin geosiyasi konteksti üzərində geniş dayanmaq istərdik.

Növbəti mərhələ: Vaşinqton və Ankara ortaq mövqeyə gələ biləcəklərmi?

Suriya məsələsinin həllinin yeni mərhələyə qədəm qoyduğu haqqında fikirlər səslənir. Bu dəfə hadisələrin mərkəzində Türkiyə vardır. Ankaranın Suriya ilə bağlı rolu həm ABŞ, həm də Rusiya üçün daha da yüksəlib. Səbəbi konkretdir: Türkiyə Suriyada maraqlarının təmin olunması məsələsini çox kəskin və qəti qoyub! Onun buna haqqı varmı? Bizcə, tam haqqı vardır. Çünki dünyanın ən uzaq guşələrindən gəlib, Suriyada maraq axtaranlar özlərini hakimi-mütləq kimi aparmağa çalışırlarsa, onda Türkiyə və İran kimi Suriyaya qonşu olan dövlətlər də öz tələblərini dilə gətirə bilərlər.

Ankaranın ümumi geosiyasi maraqlardan başqa, təhlükəsizliklə bağlı qayğıları da vardır. Məsələ ondan ibarətdir ki, Suriya və İraqda fəaliyyət göstərən radikal terror qrupları hər kəsdən öncə Türkiyəyə qarşı işlər görürlər. Hətta türk dövlətçiliyinin ilk etapda ən azından zəiflədilməsi və sonradan tamamilə aradan qaldırılması istiqamətində absurd planlar qururlar. Daha doğrusu, onların havadarları belə planları ortaya atıb Yaxın Şərqdəki xalqları bir-birinə düşmən etməyə çalışırlar. Strateji məqsəd də aydındır: ümumiyyətlə, müsəlman ölkələrində dövlətçiliyi zəiflətmək.

Bu müddəaların işığında Türkiyənin Suriyada fəallaşması tamamilə normal və məntiqi görünür. Ankara tələb edir ki, Fərat çayının şərq hissəsində olan terror qrupları oradan çıxarılsın, 32 kilometrlik təhlükəsizlik zonası yaradılsın, öz evlərini tərk etmiş suriyalılar (onların sayı 4 milyona yaxındır) yurdlarına qayıtsınlar, yerlərdə əhalinin üstünlük təşkil edən etnik qrupları idarəçiliyi həyata keçirsinlər və təhlükəsizlik zonasına Türkiyə nəzarət etsin.

Təhlükəsizlik zonası Suriyanın şimalında Türkiyə-Suriya sərhədi boyu yaradılmalıdır. Daha doğrusu, bunu Ankara istəyir. Amerika isə həm təhlükəsizlik zonasının uzunluğunu məhdudlaşdırmağa cəhd edir, həm də enini azaltmaq fikrinə düşüb. Son danışıqlarda Vaşinqtonla Ankara təhlükəsizlik zonasının uzunluğu haqqında razılığa gəliblər. Təhlükəsiz bölgənın eni və oraya nəzarətlə bağlı isə fikir ayrılığı qalır.

Vaşinqtonun son təklifinə görə, Türkiyə ancaq 5 kilometr enində təhlükəsizlik zonasına tam nəzarət edə bilər. Orada terror qruplarından kimsə olmamalıdır. Ancaq türk əsgəri yaşayış məntəqələrinə daxil ola bilməz. Yaşayış məntəqələrinə yerli özünüidarə orqanları nəzarət etməlidir. Bundan sonrakı 9 kilometrlik məkanda YPG/SDQ ağır silahlar saxlaya bilməz. Onlar orada ancaq yüngül silahlarla mövcud ola bilərlər. Türkiyə həmin zolağa daxil olmaq hüququna malik deyil. ABŞ əsgərləri isə 9 kilometrlik zonada hökmranlıq edə bilərlər.

Nəhayət, bundan sonrakı 14 kilometrdə Türkiyə, ümumiyyətlə, heç bir formada mövcud olmamalıdır. Oraya tam olaraq PYD/YPG və Amerika hərbçiləri nəzarət edə bilərlər. Terror qrupu həmin zonada ağır silahlarını da saxlaya bilər. Bununla yanaşı, son razılaşmada Türkiyə insansız hava aparatları ilə vurğulanan əraziyə havadan nəzarət edə bilər. Bu nəzarət əsas olaraq kəşfiyyat xarakterli ola bilər.

Türkiyə mətbuatında dərc edilən məlumatlara görə, Amerika ilə Türkiyə arasında təhlükəsizlik zonası ilə bağlı aparılan danışıqların ümumi məzmunu bu cürdür. Lakin diplomatik mənbələr vəziyyətin hələ də qeyri-müəyyən olduğunu vurğulayırlar. Doğrudan da, hələ cavabı məlum olmayan geosiyasi suallar çoxdur. Onların sırasında Dəməşqin bu sövdələşməyə münasibəti əsas yerlərdən birini tutur. Bəşər Əsəd artıq ABŞ-Türkiyə razılaşmasını qətiyyətlə rədd etdiklərini bəyan edib. Suriya Xarici İşlər Nazirliyindən də analoji açıqlama verilib.

Qeyri-müəyyənlikdən xilas yolu: axtarışlarda ziddiyyətli məqamlar

Moskvanın da bu razılaşmadan tam razı qalmadığı məlumdur. Bir çox ekspertlərin rəyinə görə, Kreml Suriyadakı kürdlərlə gizli razılığa gələ bilər. Bununla bağlı müəyyən manevrlərin olduğu haqqında da informasiyalar yayılır. Lakin konkret olaraq ortada bir dəyişiklik yoxdur. İdlib istiqamətində isə B.Əsəd, Rusiya və İran güclərinin fəallaşdıqları barədə informasiyalar mövcuddur. Maraqlıdır ki, artıq bir neçə aydır həmin istiqamətdə onlar ciddi bir uğur əldə edə bilmirlər. Əksinə, bölgədəki müqavimət dəstələri Dəməşqə və himayədarlarına ağır zərbələr endirirlər. Bunlar onu göstərir ki, məsələ heç də Türkiyə ilə bağlı deyil. İdlibdə olan mötədil müxalifət var gücü ilə müdafiə olunur.

Bunlarla yanaşı, ABŞ-la Türkiyə arasında Suriyanın şimalında təhlükəsizlik dəhlizinin təşkili və ona nəzarətlə bağlı ciddi mövqe fərqliliyi hələ də qalır. Vaşinqton geosiyasi maraqlarını əsas tutaraq terror qruplaşmasına dəstəyini çəkmir. İndi seçdiyi taktikada isə həm radikallara yardım etmək, həm də Türkiyəyə müəyyən güzəştə getmək üsulu hiss olunur. Yəni ümid edilir ki, Ankara bu tələyə düşəcək və Amerika terrorçularla Türkiyə dövləti arasında diplomatik manevrlərlə hər ikisini idarə edə biləcək. Ancaq Türkiyə rəhbərliyi tam açıqlığı ilə bəyan edir ki, bu cür fırıldaqlar keçməz. Məsələ qətidir: terror qrupları o ərazilərdən qeyd-şərtsiz çıxmalıdırlar. Vaşinqton Türkiyə ilə birgə hərəkət etməsə, Ankara təkbaşına bunu edəcək. Qarşısına amerikan əsgərləri çıxsa, onları da əzib keçəcək.

Təbii ki, bu ssenari heç arzuedilən deyil. Çünki ABŞ və Türkiyə NATO-da müttəfiqdirlər və ayrıca Amerika dünyanın ən güclü hərbi potensialına malikdir. Lakin Türkiyə üçün məsələ ölüm-qalım məsələsidir. Artıq təhlükəsizliklə bağlı "qırmızı xəttə" çatılıb. Ankaranın geri çəkilməyə məkanı yoxdur. Buna görədir ki, Türkiyə ordusu Suriya sərhədində qüvvələrini cəmləşdirməyə davam edir. Müdafiə naziri Hulusi Akarın verdiyi informasiyaya görə, artıq tələb olunan qüvvələrin 85 faizi lazım olan yerə yerləşdirilib. Deməli, Ankara məsələyə son dərəcə ciddi yanaşır.

Ankaranın təkidli olmasının səbəblərindən biri Yaxın Şərqdə yeni geosiyasi düzənin formalaşması ilə əlaqəlidir. Artıq ekspertlər də vurğulayırlar ki, prosesin silahlı toqquşma mərhələsi arxada qalır. Bundan sonra məsələlərin siyasi həllinə üstünlük verilməlidir. O cümlədən Suriyanın yeni konstitusiyası hazırlanıb qəbul edilməlidir. Böyük dövlətlər masada əllərini gücləndirməyə çalışırlar. Amerikanın planları isə uzaq hədəflərlə bağlıdır. Vaşinqton Yaxın Şərqdə özünə sadiq radikal qrupları saxlamaqla yerli dövlətlərə təsir rıçaqlarına malik olmağa cəhd edir. Ancaq düşündürücü odur ki, Vaşinqton yerli hakimiyyətlərlə deyil, qanunsuz qruplarla işləməyə üstünlük verir. Bu da ondan xəbər verir ki, regionda hələ uzun müddət təhlükələr və risklər qala bilər.

Bütün bunların fonunda Türkiyənin "terror dəhlizi"ni parçalaması region dövlətlərinin də marağına uyğun görünür. Bu prosesdə Ankaraya dəstək verilməlidir. Eyni zamanda, çox şeyin Türkiyə və Suriya hökumətlərinin münasibətlərindən asılı olacağı da hiss edilir. Həmin aspektdə ekspertlər Rusiya, İran və Türkiyə rəhbərlərinin növbəti görüşünə böyük maraq göstərirlər. Həmin görüşdən sonra Türkiyə, Rusiya, Fransa və Almaniya Suriya problemini müzakirə etməlidirlər. Deməli, məsələnin diplomatik yolla həlli istiqamətində yaxın zamanlarda irəliləyişin olması mümkündür.

Yuxarıda vurğulanan faktlar göstərir ki, "Suriya düyünü"nün açılması perspektivi hələlik aydın deyil. Meydanda güclü oyunçular manevrlərini davam etdirirlər. İndiki mərhələdə bütün diqqətlər ABŞ-Türkiyə münasibətlərinə istiqamətlənib. Əgər Ankara ilə Vaşinqton bütün məsələlərdə razılığa gələ bilsələr, problemin həlli sürətlənəcək. Əks halda, qeyri-müəyyənlik daha da artacaq. Ekspertlərin rəyinə görə, ABŞ və Türkiyənin bütün məsələlər üzrə ortaq mövqeyə gəlməsi ehtimalı çox azdır. Bu səbəbdən də "Suriya düyünü"nün daha da dolaşa biləcəyi proqnozlaşdırılır.

Bütün hallarda artıq Suriya ilə bağlı vəziyyətin yeni geosiyasi ölçülər kəsb etməyə başladığını vurğulamaq olar. Ola bilsin ki, bu, sonuncu mərhələdir. Lakin onun qeyri-müəyyənliyi azaldacağına dəlalət edən gedişat gözə dəymir. Bu səbəbdən hələlik "Suriya düyünü" "Qordi düyünü" təsiri bağışlayır!

Newtimes.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur