Türkiyədə nəhəng narkotik ƏMƏLİYYATI: 529 şübhəli saxlanıldı
Türkiyədə genişmiqyaslı narkotik əməliyyatı keçirilib.
1news.az Türkiyə mediasına istinadən xəbər verir ki, Narkotik Cinayətləri ilə Mübarizə Nazirliyinin koordinasiyası ilə 59 şəhərdə eyni vaxtda başlanan əməliyyatlar çərçivəsində 529 şübhəli saxlanılıb.
Məlumata görə, saxlanılan şəxslərdən 129-u barəsində həbs qətimkan tədbiri seçilərək cəzaçəkmə müəssisəsinə göndərilib, 49 nəfər haqqında isə məhkəmə nəzarəti qərarı verilib.
Əməliyyatlar zamanı ümumilikdə 2 ton 352 kiloqram narkotik vasitə və 1 milyon 258 mindən çox narkotik tərkibli həb aşkar edilərək götürülüb.
Xüsusilə, Adanada sintetik dərman anbarına keçirilən əməliyyat zamanı 2 ton 259 kiloqram sintetik maddə ələ keçirilib. Bildirilir ki, bu xammaldan hazırlanacaq təxminən 5,8 milyon ədəd narkotik həbin dövriyyəyə buraxılmasının qarşısı alınıb. Bundan əlavə, Ankarada 37 kiloqramdan artıq marixuana, İstanbulda isə təxminən 6 kiloqram heroin aşkarlanıb.
Əməliyyatlardan sonra qeyd olunub ki, küçələr tam təmizlənənədək mübarizə davam edəcək.
Bildirilib ki, əməliyyatlara ümumilikdə 795 əməliyyat qrupu, 1987 polis əməkdaşı, 37 xüsusi təlim keçmiş narkotik axtarış iti və 14 hava nəqliyyatı vasitəsi cəlb olunub.












