Pestisid və aqrokimyəvi maddələrin dövriyyəsi ilə bağlı 203 obyektdə monitorinq aparılıb - FOTO
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən pestisid və aqrokimyəvi maddələrin istehsalı, saxlanması, satışı və tətbiqinə nəzarət tədbirləri davam etdirilir.
1news.az xəbər verir ki, Nazirlər Kabineti yanında yaradılmış “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası”nın 2025–2026-cı illər üzrə İş Planına uyğun olaraq, 203 obyektdə monitorinq aparılıb.
Monitorinq zamanı müəssisələrin texniki təhlükəsizlik və sanitariya-gigiyena tələblərinə uyğunluğu qiymətləndirilib, şübhəli məhsul partiyalarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, eyni zamanda qeydiyyatsız, tərkibi qadağan edilmiş, hermetikliyi pozulmuş və istifadə müddəti bitmiş preparatların dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Belə ki, 2026-cı ilin ilk 3 ayı ərzində aparılmış monitorinq və yoxlamalar zamanı ümumilikdə 43 müəssisədə istifadəyə yararsız 146 adda (805,5 kq/litr) pestisid və 62 adda (3602,5 kq/litr) aqrokimyəvi maddə aşkar edilərək İnventarlaşdırma Komissiyasının müvafiq qərarlarına əsasən, xüsusi poliqonlara göndərilib və təhlükəsiz şəkildə zərərsizləşdirilməsi təmin olunub.
Görülən tədbirlərin əsas məqsədi pestisid və aqrokimyəvi maddələrin dövriyyəsində təhlükəsizliyin təmin olunması, saxtalaşdırma hallarının qarşısının alınması və fermerlərin keyfiyyətli preparatlara əlçatanlığının təmin edilməsidir.
Agentlik fermerləri və digər istifadəçiləri istifadə müddəti bitmiş, hermetikliyi pozulmuş və mənşəyi şübhəli məhsulları əldə etməməyə çağırır. Şübhəli, uyğunsuz və ya keyfiyyətsiz məhsulla qarşılaşdıqda Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat verilməsi tövsiyə olunur.















