Əli Həsənov: Dağlıq Qarabağ münaqişəsi regionda insan hüquq və azadlıqlarının təmin olunmasında ən böyük maneədir | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: Dağlıq Qarabağ münaqişəsi regionda insan hüquq və azadlıqlarının təmin olunmasında ən böyük maneədir

12:14 - 12 / 11 / 2015
Əli Həsənov: Dağlıq Qarabağ münaqişəsi regionda insan hüquq və azadlıqlarının təmin olunmasında ən böyük maneədir

Müasir dövrdə müstəqil siyasi kurs, liberal iqtisadi sistem və güclü vətəndaş cəmiyyəti hər bir ölkənin dinamik inkişafını təmin edən başlıca vasitələrdir. 

1news.az-ın məlumatına görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasnın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda “Konstitusion hüquq və azadlıqların təmin olunmasında ölkədaxili və beynəlxalq təşkilatların əməkdaşlığının rolu” mövzusunda keçirilən ombudsmanların XIII beynəlxalq konfransında çıxışı zamanı deyib. 

Şöbə müdiri bildirib ki, məhz buna görə də Azərbaycan dövləti demokratik prinsiplərin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təşviqi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirir:

“Müstəqillik illərində Azərbaycan özünün yeni inkişaf modelini yaradıb və mütərəqqi  təcrübə kimi onu bütün dünyaya təqdim edib. Cəmi 10 il ərzində iqtisadi potensial 3 dəfədən çox artıb, yoxsulluq və işsizlik kimi problemlər əsaslı şəkildə həll edilib, sosial-iqtisadi infrastruktur ən qabaqcıl standartlara uyğun yenidən qurulub, davamlı sosial rifah və ümumilikdə, ölkənin müasir simasının formalaşdırılması istiqamətində nəhəng işlər görülüb. Regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutub, güclü dövlət və etibarlı tərəfdaş imici qazanıb. Mübaliğəsiz demək olar ki, bu tarixi sıçrayış məhz Prezident İlham Əliyevin milli iradəyə əsaslanan, müstəqil və düşünülmüş siyasəti sayəsində mümkün olub”. 

Bütün bu nailiyyətlərin heç də asan əldə edilmədiyini deyən Ə.Həsənov ölkəmizdə insan hüquqlarının, söz azadlığının tam təmin olunmasında başlıca maneə kimi Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətini göstərib:

“Ötən əsrin sonlarında Azərbaycan qonşu Ermənistanın ərazi iddiaları və təcavüzkar siyasəti ilə üz-üzə qalıb. Birmənalı şəkildə demək olar ki, ermənilər məqsədyönlü şəkildə münaqişəni silahlı mübarizə müstəvisinə keçirib. Hələ 1980-ci illərin sonlarında Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlı deportasiya olunub. 1992-ci ilin əvvəllərində isə Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlıların yaşadığı Xocalı şəhərində soyqırım törədilib, yüzlərlə insan qətlə yetirilib, mindən artıq sakin isə əsir götürülüb.

Daha sonr Dağlıq Qarabağ bölgəsinin (4 400 kv. km) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan ətrafındakı 7 rayon (17 000 kv.km) ermənilər tərəfindən işğal olunub, bir milyona yaxın azərbaycanlı məcburi köçkün vəziyyətinə salınıb. Hazırda Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Qarabağ uğrunda döyüşlərdə 20 mindən çox Azərbaycan vətəndaşı həlak olub, 100 000 nəfərədək yaralanıb, 50 000 nəfər isə əlil olub.

İşğal edilmiş ərazilərdə bütün sosial, iqtisadi və  mədəni infrastruktur dağıdılıb.BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin  Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar 7 bəyanat və 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul edib. Lakin Ermənistan indiyə kimi bu qətnamələrin tələblərini yerinə yetirmir və beynəlxalq hüquqa zidd mövqeyini davam etdirir”.

Digər beynəlxalq təşkilat və qurumlar tərəfindən də Ermənistanın işğalçılıq siyasətini pisləyən qərar və qətnamələrin qəbul edildiyini diqqətə çatdıran şöbə müdiri münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunu tənqid edib.

Azərbaycana qarşı münasibətdə ikili standartlardan çıxış edildiyini deyən Ə.Həsənov büynəlxalq ictimaiyyəti Ermənistan rəhbərliyinə təzyiq etməyə çağırıb:

“Təəssüf ki, Qərb dövlətləri Dağlqı Qarabağ münaqişəsinə münasibətdə ikili standartlardan çıxış edirlər. Ukrayna hadisələri zamanı dərhal Rusiyaya qarşı sanksiyaların tətbiq olunması zamanı bir daha bunun şahidi olduq.

Hamı bilməlidir ki, Dağlıq Qarabağ münaqişəsi həm də regionda demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təmin olunmasında ən böyük maneədir. Şübhəsiz, bu problem olmasaydı və yaxud vaxtında həllini tapsaydı, region ölkələri daha çox inkişaf edər, sülh və təhlükəsizlik daha etibarlı şəkildə təmin olunardı”.

1news.az

Paylaş:
617

Son xəbərlər

Bütün xəbərlər