“Botaş” TANAP layihəsi üçün 2 milyard dollar kredit götürəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Botaş” TANAP layihəsi üçün 2 milyard dollar kredit götürəcək

13:46 - 14 / 11 / 2015
“Botaş” TANAP layihəsi üçün 2 milyard dollar kredit götürəcək

Türkiyənin “Botaş” şirkəti Trans-Anadolu qaz boru kəməri  layihəsinin maliyyələşdirilməsi üçün 2 milyard dollar kredit götürəcək.

1news.az  Türkiyə saytlarına istinadla xəbər verir ki, “Botaş” layihə ilə bağlı hər birindən 1 milyard dollar olmaqla Dünya Bankı və Avropa İnvestisiya Bankından ümumilikdə 2 milyard dollarlıq kredit cəlb etmək üçün görüşlər keçirir. Kreditlərin təminatı və müddəti barədə də danışıqlar aparılır.

Kreditorlar isə TANAP boru kəməri layihəsini nəzərdən keçirirlər. Boru kəməri layihəsinin dəyərinin 11 milyard dollar olduğu təxmin edilir.

Qeyd edək ki, TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu tutumunun 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

“Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, “Botaş” - 30 faiz və bp şirkəti - 12 faiz.

1news.az

 

Paylaş:
1494

Son xəbərlər

Bütün xəbərlər