“Shell”: Neftin qiyməti yaxın və ortamüddətli perspektivdə aşağı səviyyədə qalacaq
Neftin qiyməti yaxın və ortamüddətli perspektivdə aşağı səviyyədə qalacaq. Buna səbəb bazarda təklif bolluğu və dünya iqtisadiyyatının zəif inkişaf etməsidir.
1news.az -ın “TASS”a istinadən verdiyi xəbərə görə, bu fikri ötən gün Əlcəzairdə “Shell” neft-qaz şirkətinin Yaxın Şərq və Şimali Afrika bölgələri üzrə vitse-prezidenti Munir Buaziz Şimali Afrikada neft-qaz sahələrinin inkişafı məsələlərinə həsr olunmuş 10-cu konfransda çıxışı zamanı bildirib.
“Biz neftin qiymətinin uzun müddət aşağı səviyyədə olacağını proqnozlaşdırırıq”, deyə Buaziz bildirib. Onun sözlərinə görə, dünya iqtisadiyyatının artım templərinin proqnozlaşdırılan səviyyədən aşağı olması və bazarda neftin bolluğu dünya bazarında neftin qiymətinin aşağı düşməsinə səbəb olan əsas faktorlardır.
Bununla belə, “Shell”in vitse-prezidenti qiymətin qalxmasına səbəb ola biləcək dünyada “qara qızıl”a olan tələbatın artmasına tendensiyaların yarana biləcəyinə dair proqnozların da olduğunu qeyd edib.
Buaziz neftin bahalaşmasına dair proqnoz verməyin mümkünsüz olduğunu da qeyd edib.