Tacikistanda keçirilən anım mərasimində Ulu Öndərin zəngin siyasi fəaliyyətinə nəzər salınıb | 1news.az | Xəbərlər
Siyasət

Tacikistanda keçirilən anım mərasimində Ulu Öndərin zəngin siyasi fəaliyyətinə nəzər salınıb

18:10 - 12 / 12 / 2015
Tacikistanda keçirilən anım mərasimində Ulu Öndərin zəngin siyasi fəaliyyətinə nəzər salınıb

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi Azərbaycanın Tacikistandakı səfirliyində də təşkil olunub.

Toplantının keçirildiyi Heydər Əliyev guşəsində Azərbaycanın və Tacikistanın dövlət bayraqları, Ulu Öndərin və Azərbaycan Prezidenti İlham Əliyevin portretləri, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər, səfirliyin təşəbbüsü ilə tacik dilində nəşr edilən, yazıçı –publisist, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman”, Nikolay Zinkoviçin “Həyatın kəşməkəşləri” kitabları nümayiş etdirilib.

Mərasim Ulu Öndərin və “Günəşli” neft yatağındakı platformada baş vermiş qəzada həlak olanların xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Andrey Konçalovskinin ümummilli lider Heydər Əliyev haqqında çəkdiyi “Hakimiyyət yükü” (“Бремя власти”) filmi nümayiş etdirilib.

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib və bu böyük şəxsiyyətlə bağlı xatirələrini danışıb. O deyib ki, Heydər Əliyev Azərbaycanın çətin bir vaxtında, 1993-cü ilin iyununda xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, sabitlik yarandı, iqtisadi sahədə islahatlara başlandı, neft strategiyasının əsası qoyuldu, ölkəyə xarici sərmayə cəlb olundu, Azərbaycanın beynəlxalq nüfuzu artmağa başladı.

Həmin dövrdə Heydər Əliyev rəhbərliyi öz üzərinə götürməsəydi, bugünkü müstəqil Azərbaycan da olmazdı. Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri danılmazdır.

Ulu Öndərin ən böyük xidmətlərindən biri də özündən sonra Azərbaycanı layiqincə idarə edəcək bir siyasətçi -İlham Əliyev kimi rəhbər yetişdirməsidir.

Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Qırğızıstanın Tacikistandakı səfiri Miroslav Niyozov çıxışında bildirib ki, o vaxt Azərbaycan xalqının müdrik, təcrübəli, dəmir iradəli siyasətçiyə ehtiyacı var idi və Heydər Əliyev vaxtında Azərbaycan xalqının köməyinə çatdı. O, böyük dövlət xadimi idi. Siyasətçi və dövlət xadimi anlayışlarını fərqləndirmək lazımdır. Siyasətçidən fərqli olaraq dövlət xadimi çətin vəziyyətdə bütün məsuliyyəti öz üzərinə götürərək çıxış yolunu tapa bilir. Belə nəticəyə gəlmək olar ki, tarixi xalq deyil, məhz belə şəxsiyyətlər yaradırlar.

Tacikistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri xanım Xilolbi Kurbonzodə bildirib ki, ölkələrimizin parlamentlərinin əməkdaşlığı və digər sahələrdə əlaqələri getdikcə genişlənir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Tacikistanın Prezidenti Emoməli Rəhmon səmərəli ikitərəfli münasibətlərimizin əsasını qoyublar.

Tacikistanın Milli Universitetinin professoru Nuriddinov Raymalixon, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan ədəbiyyatının Tacikistandakı təbliğatçısı Vəli Səməd və başqaları böyük siyasətçinin rəhbərlik məharəti haqqında söhbət açıblar.

Mərasimdə Tacikistanın dövlət və hökumət nümayəndələri, deputatlar, siyasi partiyaların, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, elm, mədəniyyət, incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.

Paylaş:
598

Son xəbərlər

Bütün xəbərlər