Nazirlik: Keçən il 29 min şəxs işlə təmin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 2015-ci ildə də işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı istiqamətində iş aparıb.
1news.az-ın məlumatına görə, Xidmət tərəfindən hesabat dövründə Xidmət tərəfindən 29 min nəfər işsiz və işaxtaran vətəndaş münasib iş yerləri ilə təmin olunub.
Ötən il işsiz və işaxtaran vətəndaşların əmək bazarına çıxışının asanlaşdırılması üçün onların əmək bazarında rəqabətə davamlı peşələrə yiyələnmələrinin təmin edilməsi də diqqətdə saxlanılıb.
Bu dövrdə ümumilikdə 4147 nəfər şəxs kompyuter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, qənnadçı, mebel quraşdırıcısı, dərzi və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.
Dövlət Məşğulluq Xidmətinin Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək birjaları vasitəsilə əhalidən və ayrı-ayrı iş adamlarından qəbul edilmiş sifarişlər əsasında 4117 nəfər şəxs müvəqqəti xarakterli işlərlə təmin edilib.
İdarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında 1626 nəfər vətəndaş haqqı ödənilən ictimai işlərə göndərilib. Ötən il düzgün peşə seçmələrinə köməklik məqsədilə 114569 nəfər gəncə peşəyönümü məsləhətləri verilib.
1news.az