Lisenziyanın yenidən rəsmiləşdirilməsi və bərpası üçün dövlət rüsumu ödənilməyəcək
Bu müddəa Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda əksini tapıb.
1news.az AR Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, qanunda "Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və ödənilməsinin xüsusiyyətləri" adlı maddə yeni redaksiyada verilir. Burada qeyd olunur ki, lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti yalnız Bakı şəhərində həyata keçirildikdə, habelə eyni vaxtda həm Bakı şəhərində, həm də regionlarda həyata keçirildikdə, həmin fəaliyyət növü üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumu ödənilir. Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti yalnız regionlarda həyata keçirildikdə, həmin fəaliyyət növü üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumunun 50 faizi (regional televiziya və radio yayımı istisna olmaqla) ödənilir.
Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyətinin bir neçə alt növünün eyni vaxtda həyata keçirilməsi üçün müraciət edildikdə isə, həmin alt növlərdən biri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi dövlət rüsumu - həmin alt növlər üçün müəyyən edilmiş rüsumlardan ən yüksək olanı ödənilir. Lisenziyanın yenidən rəsmiləşdirilməsi və bərpası üçün dövlət rüsumu ödənilmir.
1news.az