Prezident İlham Əliyev Azərbaycanla Çin arasında fitosanitariya əməkdaşlığı sahəsində Sazişi təsdiq edib
Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında fitosanitariya əməkdaşlığı sahəsində Sazişin təsdiq edilməsi haqqında Fərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında fitosanitariya əməkdaşlığı sahəsində 2015-ci il dekabrın 10-da Pekin şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərsin”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 yanvar 2016-cı il.
1news.az