Genetik modifikasiya olunmuş bitkilərdən hazırlanan spirtli içkilərin Azərbaycana gətirilməsinə qadağa qoyulacaq
Prezident İlham Əliyev “Üzümçülük və şərabçılıq haqqında” Qanununda dəyişikliklər edilməsi barədə” qanun imzalayıb.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1267-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 10.5-ci maddə əlavə edilsin:
“10.5. Şərabçılıq məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.”.
2. 20.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunan şərabçılıq məhsullarının Azərbaycan Respublikasına idxalına yol verilmir.”.
3. 21.4.5-ci maddədə “uyğun gəlmədikdə” sözlərindən sonra “ və ya genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda” sözləri əlavə edilsin.
4. 22.2.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 22.2.9-cu maddə əlavə edilsin:
“22.2.9. tərkibində genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edildikdə.”.
5. 22.3-cü maddəyə “digər hallarda” sözlərindən əvvəl “22.2.9-cu maddəsində göstərilən halda məhv edilir,” sözləri əlavə edilsin.