İlham Əliyev Sloveniyanın və İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirlərini qəbul edib
Prezident İlham Əliyev yanvarın 18-də Sloveniya Respublikasının və İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərini qəbul edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Prezident İlham Əliyev ilk öncə Sloveniyanın ölkəmizdə təyin olunmuş yeni səfiri İqor Yukiçin etimadnaməsini qəbul edib.
Azərbaycan ilə Sloveniyanın müxtəlif sahələrdə yaxşı əməkdaşlıq təcrübəsinin olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında qarşılıqlı siyasi əlaqələrin uğurla inkişaf etdiyini deyib.
Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Ölkəmizin iqtisadiyyatının müxtəlif sektorlarında çalışan Sloveniya şirkətlərinin və Sloveniyada çalışan Azərbaycan şirkətlərinin işindən danışan dövlətimizin başçısı onların fəaliyyətlərinin daha da genişləndirilməsi üçün səmərəli əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin vacibliyini bildirib.
Səfir İ.Yukiçin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev ona işində müvəffəqiyyətlər arzulayıb.
Ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Sloveniyanın Azərbaycanda yeni təyin olunmuş səfiri İ.Yukiç əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.
Diplomat hər iki ölkənin biznes nümayəndələrinin gələcəkdə də əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını deyib. Sloveniyalı səfir ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə ölkələrimiz arasına ikitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafındakı rolu xüsusi vurğulanıb.
Bu gün İlham Əliyev İsveçin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İnqrid Tersmanın da etimadnaməsini qəbul edib.
Azərbaycan-İsveç əlaqələrinin yaxşı tarixə malik olduğunu vurğulayan dövlətimizin başçısı iki ölkə arasında müxtəlif sahələrdə mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib və bunun üçün yaxşı potensialın olduğunu deyib.
Prezident İlham Əliyev iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün biznes nümayəndələri arasında əlaqələrin artırılmasının, bu sahədə yeni imkanların araşdırılmasının önəmini də vurğulayıb. Azərbaycanın yerləşdiyi regionda müəyyən iqtisadi çətinliklərin, eləcə də Avropada bəzi problemlərin müşahidə olunduğunu qeyd edən dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin regional əməkdaşlığın gücləndirilməsi işinə də töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin ikitərəfli münasibətlərimizin gündəliyində saxlanmasının vacibliyini qeyd edib. Prezident İlham Əliyev səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Səfir İ.Tersman İsveçin Kralı Əlahəzrət XVI Karl Qustavın salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkəsinin Azərbaycan ilə mövcud dialoqu genişləndirmək niyyətində olduğunu deyib. İ.Tersman ölkələrimizin regional inkişaf və təhlükəsizlik, miqrasiya və mədəniyyət, o cümlədən beynəlxalq məsələlərlə yanaşı, bir çox sahələrdə də ümumi mövqeyə malik olduğunu qeyd edib. İqtisadi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən səfir bu əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.
İ.Tersman ölkələrimiz arasında ikitərəfli əlaqələrin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının daha da genişləndirilməsində xüsusi rol oynadığını deyib. Səfir Azərbaycandakı diplomatik fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Prezident İlham Əliyev Kral Əlahəzrət XVI Karl Qustavın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İsveçin Kralına çatdırmağı xahiş edib.
1news.az