Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı keçirilən Tvinninq layihəsi başa çatıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Avropa İttifaqı ilə birgə icra olunan əlilliyi olan şəxslərlə bağlı tibbi-sosial reabilitasiya sisteminin inkişafı üzrə Tvinninq layihəsi başa çatıb.
1news.az-ın məlumatına görə, iki illik müddətə icra olunan və bu ay artıq başa çatan layihə çərçivəsində Azərbaycandan və Avropadan olan mütəxəssislər tərəfindən ölkəmizdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsinin hazırlanmasına və onun BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğunlaşdırılmasına dəstək veriblər.
Həmçinin bu qanunun həyata keçirilməsini nəzərdə tutan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış Milli Fəaliyyət Planının tətbiq edilməsi üçün Strateji Planın hazırlanması da təmin edilib, onun bir neçə dəfə geniş təqdimatı keçirilib.
Layihə çərçivəsində hazırlanmış Qiymətləndirmə Forması əsasında nazirliyin Şaqan və Sumqayıt Əlillərin Bərpa Mərkəzlərində bərpa prosesi keçən əlilliyi olan şəxslərin 6 komponent üzrə tibbi və sosial qiymətləndirmələri aparılıb. Həmin Qiymətləndirmə Forması vasitəsi ilə toplanmış məlumatlardan istifadə olunmaqla əlilliyi olan şəxslər üçün Fərdi İnkişaf Planının hazırlanması işləri görülüb, onun bir neçə versiyası təqdim edilib.
Eyni zamanda, 12 təlim həyata keçirilib. Avropalı mütəxəssislər tərəfindən həyata keçirilən 10 təlim seansında nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiat və Tədris Mərkəzinin, Şaqan və Sumqayıt Əlillərin Bərpa Mərkəzlərinin, Uşaq Bərpa Mərkəzinin, QHT-lərin nümayəndələri iştirak ediblər.
Təlimlər əlilliyi olan şəxslərlə birbaşa təmasda olan mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına yönəlib və təlimlərdə iştirak edən bütün şəxslərə Avropa İttifaqının sertifikatları verilib.
Layihə üzrə qiymətləndirmə və monitorinqlər həyata keçirilib və aparılmış təhlillər əsasında ölkəmizdə əlillik sahəsində islahatların davam etdirilməsi, bu sahədə gələcək siyasətlərin müəyyən edilməsi üçün layihə tərəfindən tövsiyələr hazırlanaraq təqdim olunub.
1news.az